mobil versiya

Xocalı Soyqırımı Şahidi: "Beynəlxalq sayt 4 dildə dünyaya nümayiş olunur"




Dünyaca məşhur fotojurnalist Reza Deghati 1992-ci ildə Xocalı soyqırımının, Azərbaycan xalqının başına gətirilən dəhşətlərin nadir şahidlərindən biri olub. Hələ o vaxtdan lentə köçürtdüyü həqiqətləri dünyaya çatdırmaq üçün dünyanın bir çox yerində sərgilər təşkil edib, reportajlar verib.

“Bir fotoqraf kimi mən insanlara necə haqsızlıq edildiyini gördüm, nalələrini eşitdim, çəkdiyi əzabları fotolentimin yaddaşına köçürtdüm. O anları ki mən gördüm, o səsləri ki mən eşitdim, bütün bunlar mənə dərindən təsir etdi. Onların başına gətirilənləri bütün dünyaya çatdırmaq mənim ömürlük vəzifəm, çiynimdə olan bir yükdür”– Reza Deghati deyə bildirib.

Dünyanın müxtəlif yerlərindəki problemləri, insanların üzləşdiyi bəlaları dünyaya çatdıran Reza 32 ildir ki, Xocalı sakinlərinin də səsi olmağı missiya olaraq öz üzərinə götürmüşdür.
Bu missiyanın davamı olaraq, “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tərəfdaşlığı və Reza Deghatinin təşəbbüsü ilə Paris və Bakıdakı əməkdaşlar tərəfindən “Khojalywitness.org” saytı hazırlanıb.
Saytda, 1992-ci ildə Xocalı və Ağdamda çəkilən şəkillər hekayələri ilə birlikdə təqdim olunur. Həmçinin, “Time”, “The New York Times”, “The Washington Тimes”, “The Washington Post”, “ВВС1News”, “The Independent,” "Le Monde", "Newsweek", “The Sunday Тimes”, “Human Rights Watch”, “The Age”, “The Boston Globe” “Kommersant”, “Svoboda” kimi nüfuzlu beynəlxalq media orqanlarının soyqırımla bağlı yazdığı faktlar da əlavə olunub.
Bundan başqa, Xocalı soyqırımının şahidi olmuş Amerika Birləşmiş Ştatlarından jurnalist, yazıçı və müəllif Tomas Qoltz, jurnalist və operator Çingiz Mustafayev, Fransadan fotoqraf və sənədli kinorejissor Frederique Lengaigne və Litvadan fotojurnalist Rikardas Lapaitis tərəfindən qeyd olunmuş faktlar da saytda göstərilib.
Vebsayt daha çox kütləyə çatması üçün azərbaycan, fransız, ingilis və rus dilləri olmaqla 4 dildə hazırlanıb. Gələcəkdə saytın azı 10 dilə tərcümə olunması da nəzərdə tutulub.

Saytın yaradılmasında əsas məqsədlərindən biri Xocalı qurbanlarının, şahidlərinin hekayələrini göstərməklə, digər insanların bu şəkillərə baxaraq öz əzizlərini tapmasına, yaxınlarını tanımasına yardımçı olmaqdır.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 26-02-2024, 12:01