mobil versiya

ADAU-nun tələbə və məzunları AQTİ-nin iş şəraiti ilə tanış olub



Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baytarlıq və əczaçılıq ixtisasları üzrə bakalavr təhsili alan tələbələr və həmin ixtisaslar üzrə təhsilini son 5 ildə başa vurmuş məzunlar üçün təlim-təcrübə kursunu davam etdirir.
Kursun təşkil olunmasında məqsəd müvafiq sahələr üzrə kadr potensialının artırılması, gənc  və perspektivli baytarlarla əczaçıların işə qəbulu və kadr ehtiyaclarının ödənilməsidir.
AQTİ və ADAU arasında mövcud olan “Əməkdaşlığa dair Anlaşma Memorandumu”na uyğun olaraq keçirilən kurs çərçivəsində tələbə və məzunlar AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası ilə tanış olublar. Bildirilib ki, müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən laboratoriyada patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir. Qeyd olunub ki, laboratoriyada müayinələr zamanı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təlimatına uyğun olaraq, etibarlılığına və dəqiqliyinə zəmanət verilən testlərdən istifadə edilir, həmçinin beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik sınaqlarında yüksək nəticələr əldə olunur. 
Daha sonra iştirakçılara AQTİ tərəfindən baytarlıq-sanitariya sahəsində aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verilib. Elmi araşdırmalar zamanı referens məlumatlarla işləmək, tədqiqat zamanı diqqət edilməsi vacib məqamlar tələbə və məzunların diqqətinə çatdırılıb. Daha sonra iştirakçıları maraqlandıran suallar peşəkar mütəxəssislər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, müvafiq sahələr üzrə nəzəri, praktiki və mövcud qanunvericiliklə bağlı məsələləri əhatə edən kurs çərçivəsində bundan əvvəl iştirakçılar üçün onlayn təlimlər təşkil olunub. Növbəti mərhələdə isə onlar müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinə baxış keçiriblər. Kursun yekununda isə iştirakçıların qiymətləndirilməsi aparılacaq və uğur qazananlara sertifikat veriləcək. Bundan əlavə, onlar müvafiq müsahibədən keçiriləcək və uğur qazananlar AQTİ-də ixtisaslarına uyğun işlə təmin olunacaqlar.

KARUSEL / CƏMİYYƏT
Tarix: 23-07-2024, 17:51