mobil versiya

Azərbaycanda it və pişiklərdə quduzluq xəstəliyinə qarşı anticismlərin təyini həyata keçiriləcək



Qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində laboratoriya sisteminin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Analitik Ekspertiza Mərkəzi tabeliyində fəaliyyət göstərən Mərkəzi Baytarlıq Laboratoriyası Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun olaraq beynəlxalq akkreditasiyadan keçirilən parametr sayını artıraraq 50-ə çatdırıb. Bununla da, Mərkəzi Baytarlıq Laboratoriyası ölkəmizdə ilk dəfə it və pişik kimi ev heyvanlarında ELISA müayinə metodu ilə quduzluq xəstəliyinə qarşı anticismlərin təyinini beynəlxalq səviyyədə həyata keçirə biləcək.

Qeyd edək ki, bu akkreditasiya Mərkəzi Baytarlıq Laboratoriyasının sınaq nəticələrinin etibarlılığının beynəlxalq səviyyədə tanınmasını təmin edərək idxal-ixrac məsələlərində də müsbət rol oynayacaq.
Xatırladaq ki, Mərkəzi Baytarlıq Laboratoriyasında patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir. Laboratoriya mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Mərkəzi Baytarlıq Laboratoriyası Vetqas (Apha Scientific) şirkəti, Pirbrayt İnstitutu (The Pirbright Institute), GD Animal və FAO tərəfindən təşkil edilən bir çox xarici laboratoriyanın qatıldığı səriştəlilik test proqramlarında uğurlu nəticələr göstərən laboratoriyalar sırasında yer alıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 31-05-2024, 11:59