mobil versiya

Azərbaycan bu ölkə ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək



Qida Təhlükəsizliyi Agentliyinin və İtaliyanın Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyinin Milli Fitosanitar Xidmətinin nümayəndələri arasında onlayn görüş olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüş zamanı Agentliyin fəaliyyət istiqamətləri, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə İtaliyalı mütəxəssislərə ətraflı məlumat verilib.
2020-ci ildə imzalanan “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında bitki karantini və bitkilərin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində əməkdaşlığın həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili və təcrübə mübadiləsinin aparılması, o cümlədən elektron fitosanitar sertifikatların tətbiqi üzrə İtaliya təcrübəsinin öyrənilməsi müzakirə olunub. Həmçinin Qida Təhlükəsizliyi İnstitutu ilə İtaliyanın elmi-tədqiqat institutları və fitosanitariya və ya bitki sağlamlığı sahəsində fəaliyyət göstərən laboratoriyalar arasında əməkdaşlığın qurulması, işçilərin peşəkarlığının artırılması üçün laboratoriya diaqnostikası üzrə təlimlərin təşkili, fitosanitar laboratoriya işlərinin idarə edilməsi, İtaliya laboratoriyalarının istinad materiallarının kolleksiya siyahıları ilə tanışlıq və onların əldə olunması imkanları ilə bağlı məsələlər nəzərdən keçirilib. Eyni zamanda, ikitərəfli əməkdaşlığın həyata keçirilməsi üçün İşçi qrupun yaradılması ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 20-07-2023, 11:28