mobil versiya

Ağdaş rayonunun Pirəyir kəndi fasiləsiz içməli su ilə təmin olunub




Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Ağdaşın Pirəyir kəndini fasiləsiz içməli su ilə təmin edib.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Ağdaş rayonunun Pirəyir kəndində yeni içməli su layihəsinin açılış mərasimi keçirilib.


Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Sahib Alıyev, ADSEA sədrinin müşaviri Etibar Məmmədov, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, bölgələrdə içməli və suvarma suyu infrastrukturunun inkişafı istiqamətində iri layihələrin icrası davam etdirilir və əsas məqsəd kənd əhalisinin dayanıqlı, keyfiyyətli içməli su ilə təmin olunmasıdır.
Məlumata görə, Pirəyir kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Ləki qəsəbəsi və Nehrəxəlil kəndini içməli su ilə təmin edən 280 millimetr diametrli magistral su kəmərindən birləşmə verilərək yeni paylayıcı şəbəkə inşa edilib.

Layihə çərçivəsində kənddə ümumilikdə 8,5 kilometr uzunluğunda su şəbəkəsi çəkilib, 194 fərdi yaşayış evinə birləşmə verilib. Həmçinin hər bir abonent su sərfiyyatının dəqiq uçotu və sudan səmərəli istifadə məqsədilə su sayğacı ilə təmin olunub.
Qeyd olunub ki, 723 nəfər əhalisi olan Pirəyir kəndinin gündəlik 140 kubmetr içməli su tələbatı yeni yaradılmış sistem vasitəsilə tam qarşılanacaq.


ADSEA bildirib ki, 2026–2027-ci illərdə Ləki qəsəbəsi və Nehrəxəlil kəndində mövcud su təchizatı sisteminin genişləndirilməsi, Qolqəti və Yenicə kəndlərində yeni su təchizatı sistemlərinin layihələndirilməsi, həmçinin Binələr, Davudlu, Cardam və Kotanarx kəndləri üzrə yeni sistemlərin yaradılması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.

Reportyor.az 


KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 16:52