Daşkəsən rayonunun Xoşbulaq kəndində içməli su təchizatı obyektinin tikintisi” layihəsinin təqdimat mərasimi keçirilib
Daşkəsən rayonunun Xoşbulaq kəndində Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan “Daşkəsən rayonunun Xoşbulaq kəndində içməli su təchizatı obyektinin tikintisi” layihəsinin təqdimat mərasimi keçirilib.
Yaponiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, mərasimdə səfir Vatanabe Katsuya, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Vüqar Məmmədov və benefisiar təşkilatın (“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi) nümayəndələri iştirak edib.
Bu layihənin əsas məqsədi Daşkəsən rayonunun Xoşbulaq kəndində içməli su təchizatı obyektinin (su toplama nöqtəsi (1 ədəd), su anbarı (1 ədəd), su borusu (6,148 metr), 3 paylayıcı, 4 bulaq (tap-stand) ilə təmin olunmuş su sisteminin inşa edilməsi olub, kəndin su sisteminin vəziyyətinin yaxşılaşdırılması ilə yerli əhalinin gündəlik həyat və gigiyenik şəraitinin yaxşılaşdırılmasına nail olmaqdır. İnşa olunan su sisteminin 4 bulağından ikisi kəndin tibb məntəqəsi və məktəb ərazisində yerləşdirilib. Tikilən su təchizat sisteminin dayanıqlı idarə edilməsi Xoşbulaq kənd bələdiyyəsinə həvalə olunub. Bu layihənin inşası, avadanlıqların alınması, texniki dəstəyi üçün Yaponiya höküməti 85,821ABŞ dolları (təqribən 145,038AZN) məbləğində qrant ayırmışdır.
İndiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 286 olmaqla, ümumi qrant məbləği 24.070.000 ABŞ dollarını (təqribi 40.680.000 manat) ötüb.
“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı Azərbaycan əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu günədək təhsil, səhiyyə, ictimai sağlamlıq sahəsinin inkişafına yardım prioritet xarakter daşımışdır. Bu yardımla bağlı icra hakimiyyəti orqanları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumları Yaponiyanın Azərbaycandakı Səfirliyinə müraciət edə bilərlər.
KARUSEL / ÖLKƏ
Tarix: 12-06-2024, 12:47