mobil versiya

Yaponiyadan Azərbaycana təcili tibbi yardım avtomobilləri gətirilib



Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan “Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.
TƏBİB-dən verilən məlumata görə, mərasimdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Qazax və Samux rayonlarının mərkəzi xəstəxanalarının direktorları və benefisiar təşkilatın nümayəndələri iştirak ediblər.
“Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi” layihəsi çərçivəsində Yaponiyanın “Mitsubishi” şirkətinin 2 ədəd pikap kuzalı avtomobilinin alınması və təcili tibbi yardım avtomobilinin modifikasiya olunması üçün “Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyinə qrant verilib.
Sözügedən layihənin icra olunması üçün Yaponiya hökuməti tərəfindən 88.996 ABŞ dolları (150.404 manat) məbləğində qrant ayrılıb.
Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi bildirib ki, 2000-2022-ci illər ərzində “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Azərbaycanda 58 rayonda 95 tibb müəssisəsinin yenidənqurma və tikinti işləri həyata keçirilib. Sözügedən layihə xüsusilə əhaliyə ilkin səhiyyə xidmətlərini təqdim edən müəssisələrin yenidənqurma işlərini əhatə edib. İndiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24.070.000 ABŞ dollarını (təqribi 40.680.000 manat) ötüb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 6-07-2023, 16:15