mobil versiya

Yer altında tanqo


“Əgər dünyada səni xatırlayan kimsə qalmasa, sən burdan yox olursan”

(“Koko” animasiya filmindən)

Öncə fürsətdən istifadə edərək “Yeni Müsavat” qəzetini 30 yaşına çatması münasibətilə təbrik edirəm. 30 yaş hazırkı Azərbaycanda bir qəzet üçün çox böyük uğurdur, bu qədər dözüb-durmuş mətbuat orqanlarımız ümumən tariximizdə də barmaq sayı qədərdir. Bu 30 ilin hardasa 18 ilində mən “Yeni Müsavat”la əməkdaşlıq etməkdəyəm, minlərlə yazım dərc edilmişdir və yəqin ki, bu yazıları başqa hər hansı mətbuat orqanı dərc etməzdi - mən özüm də nə yazdığımı, oxuculara hansı fikirlərimi çatdırmaq istədiyimi hər halda başa düşəcək yaşdayam. O baxımdan bu təcrübə mənim üçün qiymətli həyat faktorudur və dəyəri ölçüyə gəlməzdir. Misal üçün, iki-üç gün qabaq bir parkdan keçərkən ağsaqqal adamın qəzeti əlində tutub məhz mənim yazım olan səhifəni oxuduğunu gördüm. Arada başını qaldırıb şübhəli nəzərlə mənə baxdı, ümid edirəm tanımadı, çünki belə tanışlıqlardan çox utanıram. Üstəlik, indiki siyasi-iqtisadi şərtlər daxilində bu əziz insanların mətbuata olan ehtiyaclarını heç on faiz də ödəyə bilmədiyimizi fikirləşərək utanıram. Ümid edirəm hər halda yaxşı olar, əsas odur arx yerində qalsın, su bir gün az gələr, bir gün çox. Quruçay adlı yazda sellənən, yayın axırında bir topuq qədər boyu qalan çayın qırağında uşaqlığı keçmiş adam kimi bunu yazıram. Bir də bu otuz yaş məsələsi ilə bağlı sevimli şairimiz Eldar Baxışın daim əzbərimdə olan misraları yerinə düşür, onu yazım, təbrik bitsin: 

“Şamamam olmadı, tağım olmadı.

Bostanım olmadı, bağım olmadı.

Yıxılıb ölərdim, ağlım olmadı,

Vurdum, gəldim, çıxdım otuz yaşıma".

Bir az qəmli təbrikdir, ancaq yola verin getsin, hələ deyəsən uzun illər bizdə bütün təbriklərin nəsə nəmli bucaqları olmağa məhkumdur.

Ölkədə qalan hər şey əvvəlki kimidir. Yenə akademiyanın bir alimi möhtəşəm kəşfə imza atıbdır. Bəyan edib ki, kişilərə iki arvad almağa icazə verilsə yaxşı olar. Sitat: “Mən özüm ikinci arvaddan doğulmuşam, bunun nəyi pisdir?”. Əlbəttə. Çox yaxşı olardı dörd arvad almaq qanuna salınsın, yəqin akademiyamızda dördüncü arvaddan doğulan uşaqlar da çalışmamış deyildir. Orda bir alim var idi, Yerin yastı olmağını açıqlamışdı, ikinci, üçüncü, dördüncü arvaddan doğulan alimlərlə birləşsələr, məncə Azərbaycanın elmi dünyada böyük səs salar. Mələyin uçma sürətini tapan alimimiz heyf ki, bu günü görmədən dünyadan quş kimi uçub gedibdir, yoxsa daha fantastik sintezlər qayıra bilərdik. Bir çox alimlərimiz də vardır ki, onların atası vaxtilə bir lək soğan əksə bizdə kənd təsərrüfatına daha çox xeyir verərmiş. Keçənə güzəşt deyərlər, bu da bir yoldur.

Ondan o tərəfə keçəndə icra başçısı dəyişilən rayonlarımızdan birində çoxlu “ölü canlar” aşkar olunubdur. Deyir, icra başçısı yüzlərlə, minlərlə adamın adına saxta maaş kartları açıb dövlət büdcəsindən pullar sümürürmüş. Gözlənilməz haldır. Dəhşətdir. Şok edicidir. Qan dondurandır. Tük ürpədicidir. Mənim hətta klaviaturam dondu, zorla yazıram. Bizdə icra hakimi qanunsuzluq eləsin... İnanılmazdır. (Yuxarıdakı ardıcıllığı qalxıb təzədən oxuyun, mənim klaviaturam donub).

Məhkəmələrimizdə isə hakim çatışmazlığı varmış. Bunu Ədliyyə Nazirliyindən idarə rəisi Aynur xanım bəyan edibdir. Sən demə, bizdə hər hakim ayda orta hesabla 100 işə baxır. Avropada hər 100 min nəfərə 20 hakim düşsə də bizdə 6 hakim düşürmüş. 2016-cı ildə tək birinci instansiya məhkəməyə 450 min mülki şikayət verilibdir və sairə. Deyir, yaxşı olar hakimləri çoxaldaq. Ancaq mən buna bəhanə kimi baxıram. Bizdə elə hakim var gecə yarısı durğuzub gətirsən yarım saata 45 müxalifətçiyə 15 sutka kəsər, hələ arada əsnəmə fasiləsinə çıxanda 45 arvadı boşayıb 50 əri şallaq cəzasına məhkum edər. Birinin adı deyəsən Əflatun müəllim olmalıdır. Adam yüksək sürətlə çalışır. Başqa hakimlər də istəsələr etimadı doğruldarlar.

Sonda Bakı metrosunda tanqo festivalı keçirən müdiriyyəti alqışlayıram. Həqiqətən pik saatlarda biz sərnişinlər vaqonlarda tanqo pozisiyasında qucaqlaşaraq rəqs edirik. Bəzən “28 may”da samba, rumba, vals, pasadobl, göbək rəqsi, tərəkəmə, qaytağı, heyvagülü, yallı da oynanılır. Vaqonları tərk edən xoşbəxtlər isə eskalatora “Cütcü” havasını oynayaraq uçurlar.

Yazını bu xoş ovqatla bitirirəm. Hər günkü bayramlarımız qutlu olsun.


BANNER / KARUSEL / YAZARLAR
Tarix: 9-11-2019, 11:30