mobil versiya

“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası parlament seçkiləri ilə bağlı aralıq hesabatını açlqlayıb



Avqustun 20-də “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar aralıq hesabatı təqdim olunub.
Mətbuat nümayəndələrinin qatıldıqları brifinqdə hesabatı “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli və Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli təqdim ediblər.
Hesabatda Koalisiyanın Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 75 seçki dairəsində 500 nəfərdən çox üzvünün müşahidə aparacağı göstərilib. Müşahidəçilər QHT üzvləri, fəalları və könüllüləridir.
“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyas işğaldan azad olunmuş ərazilərdə də müşahidə aparacaq. Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Laçın, Kəlbəcər rayonlarında, Şuşa şəhərində müşahidəçi kimi 30 illik işğaldan sonra öz yurdlarına daimi yaşamaq üçün qayıtmış QHT nümayəndələri cəlb olunub.

Bildirilib ki, seçkilər ərəfəsində Azərbaycanda ictimai-siyasi mühit tam sabitdir. Seçki prosesi ilə əlaqədar kütləvi narazılıqlar, etiraz aksiyaları, təlatümlü proseslər müşahidə edilmir.
İnternet media və sosial media bütün maraqlı tərəflərə, siyasi partiya və namizədlərə öz fikirlərini və mövqelərini sərbəst şəkildə açıqlamaq imkanlarını genişləndirib. Növbədənkənar seçkilərin təyin edilməsi ilə əlaqədar məlumatların, fikirlərin, tənqidi mülahizələrin azad şəkildə yayılması, açıq müzakirələrə maneələr yaradılması ilə əlaqədar hər hansı hal qeydə alınmayıb.
Qeyd edilib ki, namizədliyi qeydə alınmış 1052 nəfərin faiz nisbəti ilə yaş qruplara bölgüsü aşağıdakı kimidir: 18-39 yaş 39,4 faiz, 40-59 yaş 43 faiz, 60 yaş və yuxarı 17,6 faiz.
Gender bölgüsünə əsasən, namizədlərin faiz nisbəti ilə say bölgüsü aşağıdakı kimidir: qadınlar 26.4 faiz, kişilər isə 73, 6 faiz.
Hesabatda, həmçinin göstərilir ki, namizədliyi qeydə alınan 308 nəfər 25 siyasi partiyanın nümayəndələridir. 25 siyasi partiyanın 592 səlahiyyətli nümayəndəsi qeydə alınıb.
QHT nümayəndələrinin seçki prosesində fəal iştirakı müşahidə olunur. QHT nümayəndəsi kimi 17 dairə üzrə 20 namizəd qeydə alınıb. Bu namizədlərin 16-sı QHT nümayəndəsi olaraq öz təşəbbüsü ilə, 2 nəfər YAP-ın siyahısı üzrə, 1 nəfər Ümid Partiyasından, 1 nəfər isə Ana Vətən Partiyasından namizədliyini irəli sürüb. Namizədlərdən 15-i QHT sədri, digərləri isə nümayəndələrdir.
QHT namizədlərin gender tərkibi bərabərdir: 10 qadın, 10 kişi. Araşdırmalar göstərir ki, eyni dairələr üzrə (35 və 81) hər birində 2 QHT nümayəndəsi arasında mübarizə gedir.

Hesabatda göstərilib ki, eyni zamanda, namizəd kimi qeydə alınan 10 QHT sədrinin MSK-nın rəsmi səhifəsində iş yeri başqa sahə kimi qeyd olunub. Bu şəxslərdən 6-sı kişi, 4-ü isə qadındır. Beş nəfər öz təşəbbüsü ilə, qalanlar isə müxtəlif partiyalardan (2 nəfər ƏHD Partiyasından, 1 nəfər Ümid Partiyasından, 1 nəfər Ana Vətən Partiyasından, 1 nəfər Vətəndaş Həmrəyliyi Partiyasından) namizədliyini irəli sürüb.
Bu şəxslərin namizədliyi 10 seçki dairəsində (9, 17, 15, 24, 32, 50, 65, 70, 90 və 119) qeydə alınıb. QHT sektorundan seçkilərdə ümumilikdə 30 nümayəndənin iştirak edir.
Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi qeydə alınanların 30 nəfəri bələdiyyə üzvü və qulluqçularıdır. Onlar Səbail, M.Ə.Rəsulzadə, Nərimanov, Xətai, Yevlax, Binəqədi qəsəbə və Biləcəri, Binəqədi, Yasamal, Xocasən, Sumqayit, Corat, H.Z.Tağıyev, Nəsimi, Buzovna, Ramana, Balaxanı, Ağdaş və Bərdə bələdiyyələrindən namizədliklərini irəli sürüblər.
Namizədlərdən 10 nəfəri bələdiyyə üzvü və 20 nəfəri isə bələdiyyə qulluqçusudur. Namizədlərdən iki nəfəri isə bələdiyyə sədridir (M.Ə.Rəsulzadə və Ağdaş). Otuz namizəddən 13-ü qadın, 17-si isə kişidir.
Daha çox namizəd 12 saylı Xəzər Birinci Seçki Dairəsində qeydə alınıb. Dairələr üzrə ən az qeydə alınmış namizədlərin sayı isə 6 nəfərdir. Bu dairələr 1 saylı Şərur-Sədərək Seçki Dairəsi, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsi, 48 saylı Abşeron Birinci Seçki Dairəsi, 55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsi və 76 saylı Lənkəran-Masallı Seçki Dairəsidir.
Bundan əlavə, “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının aralıq hesabatında seçkiqabağı mühit, namizədlərin qeydiyyatı və imzaların toplanılması, seçki siyahılarının dəqiqləşdirilməsi, seçkiqabağı təşviqatla bağlı vəziyyət, ənənəvi media və rəqəmsal medianın monitorinqinin ilkin nəticələri, seçkilərin müşahidəsi barədə məlumatlar əksini tapıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 20-08-2024, 11:41