mobil versiya

Küveyt səfirinin ölkəmizdə diplomatik fəaliyyəti başa çatıb



Sentyabrın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin ölkəmizdəki səfiri Abdullah Mohamed Abdullah Almauidini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Abdullah Mohamed Abdullah Almauidiyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Cari ildə dost və qardaş Küveyt Dövləti ilə diplomatik münasibətlərimizin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb.
İkitərəfli əməkdaşlığımızın müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, turizm və sair istiqamətlər üzrə daha da inkişafı istiqamətində Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.
Hökumətlər səviyyəsində əlaqələrin məntiqi nəticəsinin özünü xalqlarımız arasında qarşılıqlı səfərlərin dinamikasında müşahidə olunan artımda büruzə verdiyi bildirilib.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı dövründə Küveyt tərəfindən ərazi bütövlüyümüz və suverenliyimizə göstərilən dəstək minnətdarlıqla xatırlanıb.
Səfir ölkəmizdəki diplomatik fəaliyyətinin yekunlaşması ilə əlaqədar qəbula, habelə xoş arzulara görə təşəkkürünü bildirib, Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişafda olacağına əminlik ifadə edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


KARUSEL / SİYASƏT
Tarix: 10-09-2024, 18:42