Meyvə ağaclarının bakterial yanığı xəstəliyinin qarşısını necə almaq olar?
Meyvə ağaclarının bakterial yanığı xəstəliyi ilk dəfə Şimali Amerikada qeydə alınıb və 1960-cı ildən başlayaraq Avropa və Orta Şərqdə geniş yayılıb. Karantin statusuna görə Cənubi və Şərqi Afrikada, həmçinin Argentina, Braziliya, Çili, Bəhreyn, Çin, Özbəkistan, Belarus, Gürcüstan, Moldova kimi ölkələrdə A1, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan kimi dövlətlərdə A2 siyahısına salınıb. Azərbaycanda ilk dəfə 2019-cu ilin may ayında Zaqatala-Balakən bölgəsindən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasına daxil olmuş alma və armud ağaclarının nümunələrində aşkar edilib.
Xəstəlik Azərbaycan florasında mövcud olan meyvə bitkilərindən alma, armud, heyva, əzgil, ərik, gavalı, böyürtkən, moruq, alça, çiyələk və digərlərinə daha çox ziyan vurur. Adından da göründüyü kimi, ən tipik əlaməti infeksiyalı bitkinin oddan yanmış formasında görünüş almasıdır. Bitkinin bütün yerüstü hissələri patogenlə sirayətlənə bilir. Bu zaman tumurcuq və çiçəklər məhv olur. Məhv olmuş çiçəklər quruyaraq tünd-qəhvəyi və ya qara rəng alır. Sirayətlənmiş cavan zoğ və budaqlar qəhvəyi rəng alır, ya da bir çox hallarda ucları xarakterik formada qatlanır və quruyub məhv olur.
Meyvə ağaclarının bakterial yanığı xəstəliyinin inkişafı üçün optimal şərait 27-30 °C, minimum 3-8 °C, maksimum 37 °C temperaturdur. Xəstəlik törədicisinin yayılması yağış, külək, eləcə də arılar, həşəratlar, aqrotexniki alət və avadanlıqlar, yoluxmuş tinglər vasitəsilə baş verir. Xüsusən də, yağış xəstəliyin bitkinin sirayətlənmiş hissəsindən sağlam hissəsinə yayılmasında böyük rol oynayır. Külək isə bakteriya qamçılarının bağ ərazisində ağacdan-ağaca və daha uzaq məsafələrə yayılmasına təsir göstərir. Meyvə ağaclarının bakterial yanığı xəstəliyi həssas sahib bitkilərin həm özünə, həm də məhsuluna əhəmiyyətli dərəcədə ziyan vurur. Bu patogen sürətlə yayılaraq, mövsüm ərzində böyük iqtisadi itkiyə səbəb olur. Əlverişli hava şəraitində, çiçəklənmə mərhələsində yoluxduqda məhsul itkisi daha da artır.
Meyvə ağaclarının bakterial yanığı xəstəliyinə qarşı mübarizə məqsədilə kompleks tədbirlər həyata keçirilməlidir. Belə ki, davamlı sortlardan, sertifikatlı ting və calaqlardan istifadə edilməlidir. Həmçinin sirayətlənmiş sahələrdə sahib bitkilərdən çilik, qələm, anac kimi çoxalma materialları götürülməməlidir. Quru hava şəraitində xəstə budaqlar yoluxmuş hissədən azı 30-40 sm altdan kəsilərək bağdan çıxarılmalı və yandırılmalıdır. İri budaqlar kəsilən zaman budanmış yerlərə 10 %-lik natrium hipoxlorit (ağardıcı) və bağ məlhəmi vurulmalıdır. Bıçaq, mişar, qayçı və digər alətlər budamadan sonra 3 %-lik lizol və ya 10 %-lik natrium hipoxlorit məhluluna batırılaraq dezinfeksiya edilməlidir.
Qeyd edək ki, meyvə ağaclarının bakterial yanığı xəstəliyinə qarşı kimyəvi mübarizə üsulları onun tamamilə aradan qaldırılmasında səmərəli deyil. Bu istiqamətdə yeganə mübarizə üsulu yoluxmuş hissələrin məhv edilməsindən ibarətdir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-09-2024, 17:46