Həkim: Uşaqlar əksər hallarda əsas qida mənbəyi olaraq fastfud kimi zərərli qidalara üstünlük verir
Məktəblilərin qida qəbulu vərdişlərinin dəyişməsi sağlam qidalanma sahəsində yaranan əsas məsələlərdən biridir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
O bildirib ki, uşaqları ev şəraitində hazırlanan qidaların qəbuluna cəlb etməyə çox nadir hallarda rast gəlinir:
"Ona görə də, yeniyetmələr sağlam qida hazırlamaq bacarıqları qazanmadan böyüyürlər. Məktəbli uşaqların qəbul etdikləri qidalar gün ərzində həm zehni, həm də fiziki aktivliyi təmin edəcək qədər zəngin qida maddələrindən ibarət olmalıdır.
Son bir neçə onillik ərzində məktəblilərin yemək vərdişləri və ev mühitində hazırlanan qidaların tərkibi əhəmiyyətli dərəcədə dəyişib. Hər iki valideynin işləməsi və vaxt məhdudiyyəti nəticəsində, yeməklərin əsasını emaldan keçən və qablaşdırılan yarımfabrikatlar təşkil edir.
Belə ki, əsasını karbohidrat, yəni şəkər təşkil edən qidalar dəyəri zəif qidalardandır, çünki tez doyma və tez acmaq hissi yaradırlar. Məktəblilərin sağlam qidalanması onların gələcək inkişafı baxımından təhsillərindəki uğuru və gələcək sağlamlıqlarına təsir edə bilər. Müşahidələr göstərir ki, əksər hallarda xüsusi ilə uşaq və yeniyetmələr əsas qida mənbəyi olaraq fastfud kimi zərərli qidalara üstünlük verirlər".(report)
SAĞLAMLIQ / KARUSEL
Tarix: 13-09-2024, 12:07