Birinci sinif və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi aktivləşdirilib
2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə və məktəbəhazırlıq qruplarına üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, I sinfə qeydiyyatı gecikən uşaqlar üçün sentyabrın 18-i saat 11:00-dan oktyabrın 15-i saat 18:00-dək, məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün sentyabrın 18-i saat 11:00-dan sentyabrın 27-si saat 18:00-dək boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq. Qeyd edilən tarixə qədər övladları üçün “mektebebqebul.edu.az” saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.
Qeyd edək ki, bu günə qədər I sinfə 132 min 931 nəfər, məktəbəhazırlıq qruplarına isə 90 min 672 uşaq qəbul olunub.
KARUSEL / CƏMİYYƏT
Tarix: 18-09-2024, 12:57