Təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata başlanılır
Növbəti tədris ilində məktəbəhazırlıq qruplarına qəbul üçün 112 minə yaxın yer ayrılıb. İyulun 11-i saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata başlanılır.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov iyulun 9-da keçirilən brifinqdə deyib. O bildirib ki, qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi üzərindən həyata keçiriləcək: “Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 16-sı saat 11:00-da, digər dillərdə tədris aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə iyulun 18-i saat 11:00-da aktiv ediləcək. Məktəbəhazırlıq qruplarına qəbul zamanı da üstünlük hüququ tətbiq ediləcək. Belə ki, Azərbaycan bölməsi üzrə iyulun 16-dan 30-dək Bakı və Gəncə şəhərində yerləşən 45, rus bölməsi üzrə isə iyulun 18-dən avqustun 1-dək Bakı və Gəncə şəhərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq ediləcək. Həmin müəssisələrin siyahısı mektebeqebul.edu.az saytında yerləşdiriləcək”.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı olan uşaqlar (2019-cü il təvəllüdlü) qəbul edilirlər. Əsas məqsəd beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbəhazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.
KARUSEL / CƏMİYYƏT
Tarix: 9-07-2024, 12:46