mobil versiya

Dəcəllər məktəbi



Yadigar Cəfərli

Hacı Zeynalabdin Tağıyevin Pakistana taun xəstəliyi vaxtı 300 min doza vaksin göndərməsi barədə məşhur əhvalatı bilirsiniz. 
Sən demə, ötən əsrin əvvəllərində Bakıdan İtaliyanın Messina şəhərində baş vermiş zəlzələdən zərərçəkənlərə də yardım göndərilibmiş. Yardımı göndərənlərsə uşaqlarmış. Özü də bağça uşaqları. 


İtaliyanın liman şəhərlərindən olan Messinada 1908-ci ilin 15 dekabrında dəhşətli zəlzələ baş vermişdi. Xeyli insan həyatını itirmişdi. Evlər dağılmış, insanlar sərgərdan vəziyyətdə qalmışdılar. Onda görkəmli yazıçı Maksim Qorki yaxınlıqdakı Kapri adasında yaşayırdı. Zəlzələnin səhəri gün yazıçı hadisə yerinə gəlib gördüklərindən sarsılır. Hərənin bacardığı qədər Messina fəlakətzadələrinə puldan-paradan, pal-paltardan, dava-dərmandan göndərməsi xahişi ilə dünya ictimaiyyətinə müraciət edir. Bir neçə həftədən sonra ona Bakıdan, bir qədər də dəqiq yazsaq, Bayıldan göndərilmiş bir az pul və məktub gətirirlər. Məktubda ondan xahiş edilirdi ki, pulu Messina zərərçəkənlərinə çatdırsın. Sonda belə yazılmışdı: “Dəcəllər məktəbindən”. 

Davamını oxumağa həvəsiniz varsa, yazım ki, “Dəcəllər məktəbi” Azərbaycanda açılmış ilk məktəbəqədər təhsil müəssisəsi idi. Onu 1907-ci ildə Alisa Radçenko adlı çox gözəl bir pedaqoq yaratmışdı. Qorkiyə pul göndərənlər də bu məktəbin şagirdləri idi. Deyə bilərsiniz, uşaqda pul nə gəzir, yəqin dədələrindən alıblarmış. Qətiyyən, onlar yardım məbləğini böyüklərə tamaşalar göstərməklə, bu tamaşalara bilet satmaqla qəpik-qəpik qazanmışdılar. Zərfdə 12 şagirdin kollektiv fotosu da vardı. Qorki uşaqların bu hərəkətindən necə təsirlənirsə, onlara İtaliyadan xeyli açıqcalar və sonu bu cümlələrlə bitən maraqlı bir məktub göndərir: “Sağlam olun, bir-birinizi sevin, daha çox dəcəlliklər edin və qocalanda bu dəcəlliklərinizi xoş hisslərlə, gülüşlə xatırlayın”. Uşaqlar da ona cavablar göndərirlər. Bu minvalla Qorki onlarla xeyli məktublaşır və axırda özünün “Sərçəcik” hekayəsini bu uşaqlara həsr edir.

 Alisa Radçenko Leninin həyat yoldaşı Nadejda Krupskyanın rəfiqəsi idi. 1908-ci ildə o, Bakıdan gedəndən sonra, əfsus ki, “Dəcəllər məktəbi” də bağlanır.

KARUSEL / YAZARLAR
Tarix: 24-04-2022, 12:13