mobil versiya

Mərakeşin Baş naziri: "Dünya COP29-dan ekoloji keçidi sürətləndirmək məqsədilə konkret öhdəliklər gözləyir"



Hazırda dünyanın diqqət mərkəzində duran COP-29-a Azərbaycan uğurla ev sahibliyi edir. Bunu ölkəyə gələn dövlət və hökumət başçıları çıxışlarında da təsdiqləyir.

Reportyor.az 
xəbər verir ki, noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda açılış mərasimi keçirilib. 

Qeyd edək ki, COP29-a qatılmaq üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib. İştirakçıların növbəti böyük qismini 13 min 275 nəfərlə  beynəlxalq müşahidəçilər təşkil edir. İştirakçı tərəflərin rəsmi təmsilçilərinin sayı isə 35 min nəfərə yaxındır, 3618 nəfəri isə media mənsubudur.
Bu mötəbər tədbirdə iştirakçılar arasında 80 Prezident, Vitse-prezident və Baş nazir, müxtəlif sahələrə rəhbərlik edən nazirlər var.

Qlobal tədbirdə iştirak edən Mərakeş Krallığının Baş naziri Aziz Axanuş çıxışında ölkəsinin uzun illərdir beynəlxalq, həm milli, həm də qitə səviyyəsində enerji keçidində mühüm rol oynamağa sadiq olduğunu vurğulayıb. Bildirib ki, bu məqsədlə, Kral VI Məhəmməd tərəfindən COP22-də, Mərakeşin Marrakech şəhərində, Afrika Kənd Təsərrüfatının Uyğunlaşması Təşəbbüsü (Triple A) irəli sürüldüyünü xatırladaraq əlavə edib ki, bu təşəbbüs, Afrika kənd təsərrüfatını dəyişdirmək və ətraf mühiti qorumaqla iqlim dəyişikliyinə qarşı mübarizə aparmağı hədəfləyir. 
“Afrika Uyğunlaşma Təşəbbüsü ilə sıx əməkdaşlıq çərçivəsində, Triple A Təşəbbüsü üç əsas istiqamətdə fəaliyyətini davam etdirir: torpaq idarəçiliyinin təkmilləşdirilməsi, suvarma üçün suya çıxışın artırılması və dayanıqlı kənd təsərrüfatı texnologiyalarının tətbiqi”.

Mərakeşdə bərpa olunan enerjilər hazırda elektrik istehsalı gücünün təxminən 40%-ni təşkil edir və bu göstərici 2030-cu ildən əvvəl 52%-ə çatdırılacaq.

Qeyd edək ki, Mərakeş artıq Özəl Təyin Edilmiş Milli Töhfəsini (CDN) yeniləməyə başlayıb, dekarbonizasiya hədəflərini artırıb və yeni struktural layihələri, o cümlədən bərpa olunan enerji vasitəsilə dəniz suyunun duzsuzlaşdırılması, biomassa dəyərləndirilməsi və yaşıl hidrogen layihələrini əlavə edib. Ən rəqabətcil günəş və külək resursları, həmçinin investorları cəlb etməkdə geniş təcrübəyə malik olan Mərakeş, karbon neytrallığı məqsədinə çatmaq üçün əsas məsələlərdə mühüm rol oynamağı qarşısına məqsəd qoyur.
Baş nazir çıxışında əlavə edib ki, ölkəsi öz məsuliyyətini tam olaraq dərk edir, bununla belə, bu çağırışlar bütün dünya ölkələrini, xüsusilə də ən çox sənayeləşmiş ölkələri maraqlandırır. İqlim dəyişikliyi səbəbindən daha tez-tez və intensiv baş verən təbii fəlakətlər böyük insan və iqtisadi itkilərə səbəb olur, qida təhlükəsizliyinə, səhiyyə infrastrukturlarına və içməli suyun əldə edilməsinə təsir göstərir: "Dünya COP29-dan ekoloji keçidi sürətləndirmək və bu keçidin həyata keçirilməsi üçün zəruri vasitələri həmrəyliklə təmin etmək məqsədilə konkret öhdəliklər gözləyir. Xüsusən, uyğunlaşma fondları və iqlim sığorta mexanizmləri üçün davamlı maliyyə həlləri, keçmişdə karbon emissiyalarında ən az məsuliyyət daşıyan, lakin ən çox zərər görən ölkələrin dayanıqlığını gücləndirməyə imkan verəcək".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Reportyor.az
KARUSEL / SİYASƏT / REDAKTOR SEÇİMİ
Tarix: 14-11-2024, 18:37