Bu gün Xalq artisti Fikrət Əmirovun anadan olmasının 102 ili tamam olur
Bu gün Xalq artisti Fikrət Əmirovun anadan olmasının 102 ili tamam olur.
Reportyor.az xəbər verir ki, Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə anadan olub. O, Bakı Musiqi Akademiyasında, Bakı Konservatoriyasında təhsil alıb. Dünya simfonizmində analoqu olmayan simfonik muğam janrını yaradan bəstəkar “Şur” və “Kürd Ovşarı” əsərlərini bəstələyib. Niyazi, G.Rojdestreenski, Stokovski, Abendrot və başqa məhşur dirijorlar bu əsərlərin interpretatoru olub. Onun yaratdığı bu janr digər bəstəkarlar üçün də bir mənbə olub. Ondan sonra Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, V.Adıgözəlov “Segah”, T.Bakıxanov “Humayun”, “Nəva” və s. simfonik muğamlar yazıblar. “Sevil” operası, “Ürəkçalanlar”, “Gözün aydın” musiqili komediyaları, “Nəsimi” dastanı, “Min bir gecə”, “Nizami” baletləri, “Azərbaycan süitası”, “Simfonik rəqslər”, “Azərbaycan qravürləri”, fortepiano üçün “12 miniatür” uşaq pyesləri, skripka ilə fortepiano üçün “Muğam poema”, “Sonata” müxtəlif şairlərin sözlərinə bəstələdiyi mahnılar, romanslar və digər əsərlərdə Fikrət Əmirov ecazkar sənət dünyasını yaradıb. Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb. Görkəmli bəstəkar 1984-cü ildə vəfat edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 11:27