mobil versiya

“Meşənin pıçıltısı — səsin sehri” adlı unikal incəsənət sərgisinin açılışı olub


Azərbaycanda təbiətə həsr olunan azərbaycanlı rəssam Elnarə Nəsirlinin “Meşənin pıçıltısı — səsin sehri” adlı unikal incəsənət sərgisinin açılışı keçirilib.

Reportyor.az
xəbər verir ki, COP29 ərəfəsində təşkil edilən  sərgi iqlim problemlərinin incəsənət yolu ilə diqqət cəlb etməsinə yönəlib.
Sərginin açılışını edən Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya dedi ki, bu layihənin üzərində xeyli vaxtdır iş gedir və hazırda olduğumuz məkanda - Gazelli Art House Bakı Galeriyasında sərginin ideyası reallaşıb: "Sərgi Latviya və Azərbaycan meşələrinin zəngin biomüxtəlifliyini xüsusi texnologiyalarla nümayiş etdirir və təbiət elminin incəsənətlə birgə vəhdətini göstərir. Ağacların, bitkilərin öz aləmi və səsləri var. Biz xüsusi instalyasiyaları vasitəsilə bunu yaratdıq. Ümid edirəm ki, sərgi ən unikal layihələrdən biri kimi yadda qalacaq".
Sərgi musiqiləri əks etdirən səs texnologiyasından innovativ istifadə vasitəsilə Latviya və Azərbaycan meşələrinin zəngin biomüxtəlifliyini, yerli növlərdən olan müxtəlif bitkilərdən alınan musiqiləri nümayiş etdirəcək. İncəsənət və elmin bu unikal birləşməsi hər iki xalqın ətraf mühütə necə böyük önəm verdiyinin göstəricisidir.

COP29 ərəfəsində Latviya səfirliyi ətraf mühitin qorunmasının vacibliyini vurğulamaq üçün bir sıra mədəni və maarifləndirici tədbirlər həyata keçirəcək.
“Meşənin Pıçıltısı” incəsənət, texnologiya və ətraf mühit dialoqunu özündə mükəmməl şəkildə birləşdirən xüsusi bir instalyasıyadır. Bu geniş instalyasiya Azərbaycan və Latviyadan gətirilmiş ağac nümunələrindən ibarətdir.
“Meşənin Pıçıltısı” həm şəxsi, həm də ekoloji canlanmanı özündə simvolizə edən COP29 ilə əlaqədə daha geniş rezonans doğurur. O, varlığımızı dəstəkləyən görünməz sistemlər haqqında daha dərindən dərk etməyə təşviq edir və insanı texnologiya və təbiətin birgə yaşayışı haqqında düşünməyə sövq edir.
Sərgi Latviya Respublikasının əsas təşkilatçılığı ilə Latviya Kənd Təsərrüfatı Nazirliyi, Latviyanın Meşə İdarəçiliyi Agentliyi, SİLAVA təşkilatı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ADA Universiteti, İDEA təşkilatı, və Gazelli Art  House Baku ilə birgə tərəf-daşlıqla həyata keçirilir.
Sərgi və sərgi çərçivəsində planlaşdırılan digər tədbirlər ekoloji maarifləndirmənin və fəaliyyətin artırılmasında mədəniyyətlərarası əməkdaşlığın mühüm rolunu vurğulayır. Bu tədbirlərə Panel müzakirəsi, Latviya sənədli filmlərinin nümayişi, sərgiyə bələdçi ilə ekskursiyaları və s.daxildir.
Sərginin bədii koordinasiyası Azərbaycan Respublikasının əməkdar rəssamı Sabina Şıxlinskaya aiddir.
Sərgi ictimaiyyət üçün 8 noyabr 2024-cü il tarixindən 1 fevral 2025-ci il tarixinə qədər Gazelli Art House Bakı Galeriyasında açıq olacaq.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 7-11-2024, 19:26