mobil versiya

Prezident Qoşulmama Hərəkatının konfrans iştirakçılarına müraciət ünvanlayıb



Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
- Hörmətli konfrans iştirakçıları,
Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən Konfransda sizi salamlayıram.
Üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycan 2019-cu ildə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının sədri seçilmişdir. Sədrliyimizin müddətinin yekdilliklə 2023-cü ilə qədər bir il daha uzadılması Azərbaycanın Hərəkat çərçivəsində fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Biz ölkəmizə olan bu etimadı yüksək qiymətləndiririk.
Azərbaycan sədrliyi dövründə Bandunq Prinsiplərinə sadiq qalaraq Qoşulmama Hərəkatının gündəliyinin irəlilədilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində mühüm səylər göstərmişdir.
Qeyd etmək lazımdır ki, məhz Qoşulmama Hərəkatı COVID-19 pandemiyasına qarşı qlobal səylərin səfərbər olunmasında aparıcı rol oynamışdır. 2020-ci ilin dekabr ayında Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası təşkil edilmişdir.
Biz bəzi ölkələrin yürütdüyü “vaksin milliyətçiliyi” siyasətinə səssiz qalmadıq və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdik. Humanist dəyərləri əsas götürərək Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi.
Sədrliyimiz dövründə Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində də mühüm addımlar atılmışdı. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilmişdir. Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransı zamanı Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi tərəfimdən irəli sürülmüşdür.
Həmçinin Azərbaycan sədrliyi dövründə dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdı. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik.
Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərmişdir. Bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıram.
Qadınların hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi Qoşulmama Hərəkatının gündəliyində önəmli yer tutur. Hərəkat tərəfindən ardıcıl olaraq qəbul edilmiş sənədlərdə, o cümlədən 2019-cu il Bakı Zirvə toplantısının yekun sənədində bu mövzuya xüsusi diqqət yetirilmiş və bu sahədə üzv dövlətlərin öhdəlikləri müəyyən edilmişdir.
Qadınların ictimai, siyasi, sosial və humanitar sahələrə, o cümlədən elm və maarifçiliyin inkişafına verdikləri böyük töhfələr danılmazdır. Əsrlər boyu Azərbaycan qadınları zəngin mədəniyyətimizin, ənənələrimizin və ailə dəyərlərimizin qorunmasında, milli köklərinə sadiq nəslin yetişdirilməsində vacib rol oynayıb. Hələ 1901-ci ildə müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb məhz Bakıda açılmışdır. Azərbaycan əksər Avropa ölkələrini qabaqlayaraq 1919-cu ildə müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk respublika olmuşdur.
Azərbaycanda qadın hüquqlarının təmin olunması və onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir. Bu gün də Azərbaycan qadınları elm, təhsil, səhiyyə, incəsənət və digər sahələrdəki əzmkar və çoxşaxəli fəaliyyətləri ilə ölkəmizin rifahına və tərəqqisinə dəyərli töhfələr verirlər. Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin 63 faizini qadınlar təşkil edir. Dövlət tibb müəssisələrinin tibbi kadrlarının 70 faizi qadındır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 40 faizdir. Dövlət tərəfindən özünüməşğulluq proqramlarına göstərilən dəstək tədbirləri nəticəsində fərdi sahibkar qadınların sayı artmaqdadır.
Torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad olunması, tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayəsində mümkün olmuşdur.
Hazırda, Azərbaycanın sosial-iqtisadi inkişafının əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərə böyük qayıdışı təmin etməkdir. Bu xüsusda, dədə-baba yurdlarına qayıdan keçmiş məcburi köçkün qadınlara iş imkanlarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
Qoşulmama Hərəkatı qadınların hüquqlarının müdafiəsi sahəsində vacib rol oynamaq imkanına malikdir. Qoşulmama Hərəkatının Qadınlar Platformasının təsis edilməsi bu istiqamətdə fəaliyyətə müsbət təkan verəcəkdir.
Qoşulmama Hərəkatına sədrliyimizin sonu yaxınlaşmaqdadır. Böyük qürur hissi ilə qeyd edirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının ən gənc üzvlərindən biri olmasına baxmayaraq, sədrliyi təhvil alacaq növbəti ölkələrə uğurlu miras qoyacaqdır. Ölkəmiz bundan sonra da Qoşulmama Hərəkatının məqsədlərinin və məramının beynəlxalq səviyyədə təşviq edilməsi istiqamətində səylərini davam etdirəcəkdir.
Əminəm ki, bu əlamətdar konfrans qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması üçün əhəmiyyətli platforma rolunu oynayacaq və bu sahədə birgə fəaliyyətin aparılması üçün Qoşulmama Hərəkatının tarixində yeni bir dövrün başlanğıcının əsasını qoyacaqdır.
Konfransın işinə uğurlar və qonaqpərvər Bakı şəhərində xoş vaxt keçirməyi arzu edirəm.

KARUSEL / SİYASƏT
Tarix: 20-11-2023, 10:30