"Afrika İttifaqının (AU) G20-nin daimi üzvü kimi daxil edilməsi 55 Afrika ölkəsini foruma birləşdirib" - Modi
Noyabrın 30-da Hindistanın G20-yə sədrlik etməsinin bir ilini qeyd edən Baş nazir Narendra Modi bu əhəmiyyətli vəzifədə olduğu müddəti əks etdirən məqəla yazıb.
Reportyor.az onun "Daha parlaq sabaha doğru: Hindistanın G20-də sədrliyi və yeni çoxtərəfliliyin başlanğıcı" adlı yazısı təqdim edir.
Bu gün Hindistanın G20-yə sədrlik etməsindən 365 gün keçir. 'Vasudhaiva Kutumbakam, 'Vahid Yer kürəsi, vahid ailə, vahid gələcək' düşüncəsini əks etdirmək, təkrar etmək və canlandırmaq zamanıdır.
Keçən il bu məsuliyyəti öz üzərimizə götürdükdə, qlobal arena çoxşaxəli problemlərlə üzləşdi: Covid-19 pandemiyasından sağalma, yaxınlaşan iqlim təhlükələri, maliyyə qeyri-sabitliyi və inkişaf etməkdə olan dövlətlərdə borc çətinliyi- bunların hamısı çoxtərəfliliyin azalması fonunda baş verdi. Münaqişələrin və rəqabətin fonunda inkişaf sahəsində əməkdaşlıq zərər çəkdi və tərəqqiyə mane oldu.
G20 sədrliyini öz üzərinə götürən Hindistan dünyaya status-kvoya alternativ, ÜDM mərkəzli tərəqqidən insan mərkəzli tərəqqiyə keçid təklif etməyə çalışdı. Hindistan bizi ayıran deyil, bizi birləşdirən məqamları dünyaya xatırlatmağı hədəflədi. Nəhayət, qlobal müzakirə başlamalı idi - azlığın maraqları öz yerini çoxluğun istəklərinə buraxmalı idi. Bu, bildiyimiz kimi çoxtərəfliliyin əsaslı islahatını tələb edirdi.
İnklüziv, iddialı, fəaliyyət yönümlü və qətiyyətli – bu dörd söz bizim G20 prezidenti kimi yanaşmamızı müəyyənləşdirdi və bütün G20 üzvləri tərəfindən yekdilliklə qəbul edilmiş Nyu Dehli Liderlərinin Bəyannaməsi (NDLD) bu prinsipləri yerinə yetirməklə bağlı öhdəliyimizin sübutudur.
İnklüzivlik bizim prezidentliyimizin əsasını təşkil edib. Afrika İttifaqının (AU) G20-nin daimi üzvü kimi daxil edilməsi 55 Afrika ölkəsini foruma birləşdirdi və onu dünya əhalisinin 80%-ni əhatə edəcək qədər genişləndirdi. Bu fəal mövqe qlobal problemlər və imkanlar üzrə daha əhatəli dialoqa təkan verib.
Hindistan tərəfindən iki dəfə keçirilən, ilk bu cür tədbir olan "Qlobal Cənubun Səsi Sammiti" çoxtərəfliliyin yeni şəfəqini müjdələdi. Hindistan Qlobal Cənubun narahatlıqlarını beynəlxalq miqyasda diqqətə çatdırdı və inkişaf etməkdə olan ölkələrin qlobal hekayənin formalaşmasında öz layiqli yerlərini tutduqları bir dövrün başlanğıcını qoydu.
İnklüzivlik Hindistanın G20-yə daxili yanaşmasına da təsir edərək onu dünyanın ən böyük demokratiyasına yaraşan Xalq Prezidentliyinə çevirdi. "Jan Bhagidari" (xalqın iştirakı) tədbirləri vasitəsilə G20 bütün ştatları və Birlik Ərazilərini (UT) tərəfdaş kimi cəlb etməklə 1,4 milyard vətəndaşı əhatə etdi. Və mahiyyət məsələrinə gəlincə isə, Hindistan beynəlxalq diqqətin G20-nin mandatına uyğun olaraq daha geniş inkişaf məqsədlərinə yönəldilməsini təmin etdi.
2030 Gündəliyinin kritik anında, Hindistan, Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) üzrə tərəqqini sürətləndirmək üçün G20 2023 Fəaliyyət Planını təqdim edərək, səhiyyə, təhsil, gender bərabərliyi, ekoloji dayanıqlılıq və digər məsələlər də daxil olmaqla bir-biri ilə əlaqəli olan məsələlərə fəaliyyət yönümlü yanaşma nümayiş etdirdi.
Bu tərəqqiyə səbəb olan əsas sahə güclü Rəqəmsal Dövlət İnfrastrukturdur (DPI). Bu məsələdə, Hindistan Aadhaar, UPI və Digilocker kimi rəqəmsal innovasiyaların inqilabi təsirinin şahidi olaraq öz tövsiyələrində qətiyyətli idi. G20 vasitəsilə biz qlobal texnoloji əməkdaşlıqda mühüm addım olan Rəqəmsal Dövlət İnfrastruktur Repozitoriyasını uğurla tamamladıq. 16 ölkədən 50-dən çox DPI-ni özündə əks etdirən bu repozitoriya Qlobal Cənuba inklüziv inkişafın gücünün kilidini açmaq üçün DPI-ni qurmağa, qəbul etməyə və miqyasını genişləndirməyə kömək edəcək.
Vahid dünyamız üçün təcili, davamlı və ədalətli dəyişiklik etmək üçün iddialı və inklüziv məqsədlər təqdim etdik. Bəyannamənin “Yaşıl İnkişaf Paktı” ödənişsiz məşğulluq və ekosistemlərin, iqlimi nəzərə alan istehlakın və planetmizi nəzərə alan istehsalın hərtərəfli yol xəritəsini təsvir etməklə, aclıqla mübarizə və planeti qorumaq arasında seçim problemlərinə toxunur. Bununla birgə, G20 Bəyannaməsi 2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialının iddialı şəkildə üç dəfə artırılmasına çağırır. Qlobal Bioyanacaq İttifaqının yaradılması və Yaşıl Hidrogenin razılaşdırılmış təşviqi ilə birgə G20-nin daha təmiz, daha yaşıl dünya qurmaq ambisiyaları danılmazdır. Bu, hər zaman Hindistanın etosu olub və Dayanıqlı İnkişaf üçün Həyat Tərzləri (LiFE) vasitəsilə dünya da bizim əsrlərlə davam edən ənənələrimizdən faydalana bilər.
Bundan əlavə, Bəyannamə Qlobal Şimaldan əhəmiyyətli maliyyə və texnoloji dəstək çağıraraq, iqlim ədalətinə və bərabərliyə sadiqliyimizi vurğulayır. İlk dəfə olaraq inkişafın maliyyələşdirilməsinin miqyasında ehtiyac duyulan kvant sıçrayışı baş verərək milyardlarla dollarlar trilyon dollarlarla əvəzləndi. G20 inkişaf etməkdə olan ölkələr 2030-cu ilə qədər Müəyyən olunmuş Milli Töhfələri (NDC) yerinə yetirmək üçün 5,9 trilyon dollara tələb olunduğunu qəbul etdi.
Tələb olunan nəhəng resursları nəzərə alaraq, G20 daha yaxşı, daha böyük və daha effektiv Çoxtərəfli İnkişaf Banklarının vacibliyini vurğuladı. Eyni zamanda, Hindistan BMT islahatlarında, xüsusilə də BMT Təhlükəsizlik Şurası kimi əsas orqanların yenidən qurulmasında aparıcı rol oynayır ki, bu da daha ədalətli qlobal nizamı təmin edəcək.
Gender bərabərliyi Bəyannamədə aparıcı yer tutdu və gələn il Qadınların səlahiyyətlərinin artırılması üzrə xüsusi İşçi Qrupun formalaşdırılacağı ilə yekunlaşdı. Hindistan Parlamentinin və əyalətlərin qanunverici assambleyası yerlərinin üçdə birini qadınlar üçün saxlamasını nəzərdə tutan Hindistanın Qadınlara Yerlərin saxlanılması Qanunu 2023 qadınların rəhbərliyi altında inkişafa sadiqliyimizi təcəssüm etdirir.
Nyu Dehli Bəyannaməsi bu əsas prioritetlər üzrə yenilənmiş əməkdaşlıq ruhunu təcəssüm etdirir, əsas diqqəti siyasətin uyğunluğu, etibarlı ticarət və iddialı iqlim fəaliyyətinə yönəldir. Qürurverici haldır ki, bizim sədrliyimiz dövründə G20, 87 nəticəyə nail olub və 118 sənəd qəbul edib ki, bu da keçmişə nəzərən nəzərəçarpacaq yüksəlişdir.
G20-yə sədrliyi zamanı, Hindistan geosiyasi məsələlər və onların iqtisadi artım və inkişafa təsiri ilə bağlı müzakirələrə rəhbərlik etmişdir. Terrorizm və dinc əhalinin mənasız şəkildə öldürülməsi qəbuledilməzdir və biz buna sıfır dözümlülük siyasəti ilə yanaşmalıyıq. Biz düşmənçilik üzərində humanistliyi təcəssüm etdirməli və bir daha qeyd etməliyik ki, indi müharibə dövrü deyil.
Mən çox şadam ki, Hindistan sədrliyi dövründə fövqəladə nailiyyətlər əldə etdi: o, çoxtərəfliliyi canlandırdı, Qlobal Cənubun səsini gücləndirdi, inkişafı dəstəklədi və hər yerdə qadınların səlahiyyətlərinin artırılması üçün mübarizə apardı.
Biz G20-yə sədrliyi Braziliyaya təhvil verərkən, insanlar, planet, sülh və firavanlıq üçün atdığımız kollektiv addımların gələcək illər üçün rezonans doğuracağına əminlik duyuruq.
KARUSEL / DÜNYA
Tarix: 30-11-2023, 10:06