Avropa İttifaqı Nümayəndəliyi Avropa Milli Geyimləri Sərgisini təşkil edir
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin ilə artıq birgə beşinci dəfə keçirilən “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində ilk Avropa milli geyimlərinin sərgisini təşkil edəcək.
Reportyor.az xəbər verir ki, sərginin məqsədi Azərbaycan tamaşaçısını əsrlərdən bizə gəlib çatmış Avropa ənənəvi geyimlər dünyası ilə tanış etməkdir. Bolqarıstan, Çexiya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri müxtəlif tarixi dövrlərə aid adət-ənənələrini əks etdirən, Aİ ölkələrinin müxtəlifliyini və mədəni təcrübəsini nümayiş etdirən milli geyimlərini təqdim ediblər.
“Milli geyim millətin tarixinin əksidir. Sosial-iqtisadi, mədəni-tarixi, təbii-coğrafi amillərin təsiri altında formalaşır. Məhz buna görə də milli geyim müxtəlif ölkələrin mədəniyyətini öyrənmək üçün mənbəyə çevrilir. Ümid edirik ki, sərgi Azərbaycan ziyarətçilərimizə Aİ-yə üzv ölkələrin milli mədəniyyəti və folkloru haqqında daha çox məlumat əldə etməyə kömək edəcək”, - deyə Aİ-nin səfiri Peter Mixalko bildirib.
27-30 noyabr tarixlərində saat 11.00-dan 17.00-dək Zeynalabdin Tağıyev adına Milli Azərbaycan Tarixi Muzeyində (Hacı Zeynalabdin Tağıyev küçəsi 4) Avropa milli geyimlərinin sərgisi tamaşaçılar üçün pulsuz açıq olacaq.
FantazEU Mədəni İrs Festivalının proqramına həmçinin incəsənət sərgiləri, incəsənət vorkşopu, Aİ ölkələrindən onlayn şəhər turları və s. daxildir. Bütün yenilənmiş məlumatı Aİ Azərbaycanadaki Nümayəndəliyinin Facebook səhifəsindən əldə etmək olar. https://www.facebook.com/EUDelegationtoAzerbaijan/.
“Arts Council Azerbaijan” Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyyələşdirilən müqavilə əsasında bu Festivala təşkilati dəstək göstərir.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 18:16