mobil versiya

Avropa İttifaqı Nümayəndəliyi FantazEU Mədəni İrs Festivalını keçirir


Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi 12-24 dekabr 2023-cü il tarixlərində dördüncü dəfə “FantazEU” Mədəni İrs Festivalını təşkil edir.
Aİ-nın Azərbaycandakı Nümayəndəliyindən verilən məlumata görə, festivalın məqsədi Azərbaycanda Avropanın mədəni müxtəlifliyini təbliğ etmək və Aİ ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələr qurmaqdır.
FantazEU Festivalı Avropa İttifaqına Üzv Dövlətləri ilə tərəfdaşlıqda, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveç Səfirliklərinin, eləcə də Gənc Avropa Səfirlərinin fəal iştirakı ilə təşkil olunacaq.
“Mədəniyyət bizə inam və qarşılıqlı anlaşma qurmağımıza kömək edir. Bu, həm də ölkələr arasında əlaqələri qorumağa, yaxşı münasibətləri təşviq etməyə yardım edir. Biz inanırıq ki, mədəniyyət və təhsil sahəsində əlaqələrin qurulması indi əvvəl olduğundan daha vacibdir. Aİ və ona Üzv Dövlətlərin mədəni müxtəlifliyi dəstəkləmək və onu qorumaq öhdəliyinə sadiq qalmaları təsadüfi deyildir. FantazEU Festivalı Avropanın mədəni müxtəlifliyini nümayiş etdirmək və Azərbaycan vətəndaşlarına təqdim etmək fürsəti verəcək. Bu, həmçinin Aİ ilə Azərbaycan arasında güclü tərəfdaşlıq kimi də vacibdir”, - deyə Aİ Səfiri Peter Mixalko bildirib.
Festivalın proqramına bir sıra sərgilərin, rəssamların iş başında izlənməsi vorkşoplarının və şəhər turlarının təşkil olunması daxildir. 12-16 dekabr tarixlərində davam edəcək “Avropanın Qalaları” sərgisində Avropa İttifaqının 16 ölkəsində yerləşən Avropa qalalarının fotoşəkilləri nümayiş etdiriləcək. 20-24 dekabr tarixlərində keçiriləcək “Avropanın rəngləri” sərgisində Azərbaycandan olan qadın rəssamların Avropa mövzusunda yaratdığı əsərlər nümayiş etdiriləcək.
Sərgilər İçərişəhərdə Qəsr küçəsi 27 ünvanlı Nur Art House Qalereyasında keçiriləcəkdir. Sərgilərdən başqa, rəssamların iş başında izlənməsi vorkşopu və Avropa şəhərlərindən onlayn şəhər turları təşkil olunacaq.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin https://www.facebook.com/EUDelegationtoAzerbaijan/ Facebook səhifəsindən son məlumatları əldə etmək olar.



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 12-12-2023, 11:44