mobil versiya

Azərbaycan türk dövlətlərinin QHT sektorunun inteqrasiyasında liderlik nümayiş etdirir


Azərbaycan  QHT-lərinin  Özbəkistan  səfəri  QHT sektorumuzun inkişaf   təcrübəsi  üçün çox əhəmiyyətli oldu. Bu səfər, Özbəkistan QHT sektoru ilə əməkdaşlığın genişlənməsi və institusional əsaslarının möhkəmlənməsi ilk növbədə Azərbaycan xarici siyasətinin ictimai təşəbbüslərlə dəstəklənməsi,  QHT-lərimizin beynəlxalq əməkdaşlığının gücləndirilməsi məqsədi baxımdan mühüm nəticə kimi dəylərləndirilə bilər. 

Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli çıxış edib.


Özbəksitandan Azərbaycan QHT sektoruna böyük etimad

Eyni zamanda artıq ikitərəfli əməkdaşlığın güclü institusional əsasının formalaşması, QHT-lər arasında əməkdaşlıq haqqında memorandumların imzalanması, Özbəkistan Respublikası Prezidentinin təsis etdiyi "Vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə" döş nişanının verildiyi ilk xarici ölkə nümayəndəsinin Azərbaycandan olması ölkəmizin türk dövlətlərinin vətəndaş cəmiyyətinin inteqrasiyasında da liderlik nümayiş etdirdiyini göstərdi.  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın Özbəkistan Respublikası Prezidentinin təsis etdiyi "Vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə" döş nişanı ilə təltif olunması həm də, Azərbaycanın bu istiqamətdə təşəbbüslərinin qiymətləndirilməsidir. Eyni zamanda bu Azərbaycan QHT sektorunun nailiyyəti, yeni mərhələdə aparılan islahatlar, həyata keçirilən beynəlxalq təşəbbüslərin bəhrəsidir. 

İkitərəfli əlaqələrin möhkəm təməli

Səfərin ən önəmli aspektlərindən biri 5 Azərbaycan QHT-nin Özbəksitandan olan QHT-lərlə əməkdaşlıq memorandumu imzalaması oldu. Beləliklə, artıq əməkdaşlıq QHT-lərin ikitərəfli əlaqələri müstəvisində davam edəcək və güclü bir təməl yarandı. QHT-lər özləri müstəqil şəkildə birgə təşəbbüslərə imza atacaqlar.


Bir-birimizdən nə öyrənəcəyik? 

Ən vacib məqamlardan biri təcrübə mübadiləsi oldu. Özbəkistan QHT-lərinin sosial tərəfdaşlıq, həssas qruplarla iş, sosial sifarişlərin həyata keçirilməsi, sosial xidmətin təşkili, icmalarda iş sahəsində çox yaxşı təcrübəsi, nümunələri var.  Səfər zamanı bu nümunələrlə tanış olduq və yaxın gələcəkdə konkret sahələr üzrə təcrübə mübadiləsini dərinləşdirməyə ehtiyac var.  
 
Səfər dövlət-QHT sektoru əməkdaşlığı sahəsində yeni  təcrübə öyrənilməsi baxımından əhəmiyyətli töhfə  oldu.  Özbəkistan Respublikası Prezidentinin 26 avqust 2024-cü il tarixli “Vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ilə hər il dekabr ayının birinci həftəsində Vətəndaş Cəmiyyəti Həftəsinin keçirilməsi nəzərdə tuutlub. Son illər Özbəkistan şəffaflıq və rəqabət prinsipləri əsasında vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi sistemini təkmilləşdirir. Konstitusiyanın yeni redaksiyasında vətəndaş cəmiyyəti institutları konstitusion status alıb. Vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar müəyyən müddəalar Özbəkistan-2030 Strategiyasında və 2021-2025-ci illərdə vətəndaş cəmiyyətinin inkişafı Konsepsiyasında və digər normativ sənədlərdə öz əksini tapıb.
“Üçüncü sektor” üçün kadrların hazırlanmasına da böyük diqqət yetirilir. Prezidentin “2021-2025-ci illərdə Vətəndaş Cəmiyyətinin İnkişafı Konsepsiyası”nın təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq 500 QHT rəhbəri Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təlim və ixtisasartırma kurslarından keçib. 2025-ci ilə qədər daha 250 ictimai lider öz bilik və bacarıqlarını təkmilləşdirəcək.
Azərbaycanın inkişaf  etmiş təcrübəsi Özbəkistan QHT sektoru üçün çox əhəmiyyətlidir. Xüsusən beynəlxalq əməkdaşlığın gücləndirilməsi,  beynəlxalq tədbirlərin keçirilməsi, beynəlxalq təşkilatlara iş, beynəlxalq koalisiyaların yaradılması, özəl sektorla əməkdaşlıq, tədqiqatlar və araşdırmalar, dövlət xidmətlərinin monitorinqi, ətraf mühit,  rəqəmsal təbliğat və maarifləndirmə, bilik və bacarıqların artırılması  sahəsində Azərbaycan QHT-lərinin təcrübəsinə böyük maraq var. 


Azərbaycan TDT QHT sektorunun əməkdaşlığında  liderliyi yeni təşəbbüslərə inkişaf etdirəcək 

Azərbaycan QHT-lərinin Özbəkistan səfəri bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT sektorunun əməkdaşlığının institusional mexanizminin yaradılması, birgə fəaliyyətlər, platformalar üçün böyük potensial və münbit şərait var. Azərbaycanın türk dövlətlərinin inteqrasiyası istiqamətində lokomotiv rolunu Azərbaycan QHT sektoru uğurla  tamamlamaq potensialına malikdir. Həmçinin, Türk Dövlətləri Təşkilatı müstəvisində siyasi əməkdaşlığın yüksək səviyyəsi digər sektorlar üçün nümunə olmalı və bu imkan dəyərləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Özbəkistan-Azərbaycan QHT-lərinin forumunda  xüsusi olaraq qeyd etdi ki, "Azərbaycan və Özbəkistan qardaş ölkələrdir, müttəfiqlərdir. Siyasi münasibətlər ən yüksək səviyyədədir. İki ölkənin QHT-ləri arasında da bağların möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi dövrün mühüm çağırışıdır. Azərbaycan və Özbəkistan münasibətləri sürətlə inkişaf edir, bu tarixi uğur Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasətə söykənir. Həm Azərbaycan, həm də Özbəkistan öz xalqlarının milli maraqlarına əsaslanan müstəqil, ləyaqətli siyasət yürüdürlər”.

Azərbaycan Özbəkistan QHT sektoru arasında əməkdaşlıq nümunəsi artıq TDT müstəvisində bir model kimi nəzərdən keçirilə və tətbiq oluna bilər. Gözləmək olar ki, Azərbaycan bu istiqamətdə liderliyi yeni təşəbbüslərə inkişaf etdirəcəkdir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 10-12-2024, 16:28