Səfir: "Biz bu gün rifah, çiçəklənmə və davamlı inkişafı hədəfləyən “Qətər 2030” Milli İdeyasına uyğun olaraq çalışırıq"
Qətər Dövlətinin Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfrliyi rəsmi qəbul təşkil edib.
Reportyor.az xəbər verir ki, Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri çıxış edərək, ölkəsinin keçdiyi müstəqillik yolundan və əldə etdiyi nailiyyətlərdən söz açıb.
"18 dekabr 1878-ci il tarixinə təsadüf edən Qətər Dövlətinin Milli Gününün qeyd edilməsi münasibətilə düzənlənən bu qəbulda hamınızı salamlamaq məni sevindirir və fərəhləndirir. Nəsildən-nəsilə davam edən nailiyyətlər fonunda biz bu gün Qətər Dövlətinin əlahəzrət Əmiri Şeyx Təmim bin Həməd Al Tani cənablarının müdrik rəhbərliyi altında rifah, çiçəklənmə və davamlı inkişafı hədəfləyən “Qətər 2030” Milli İdeyasına uyğun olaraq çalışır, bütün qardaş və dost ölkələrlə, o cümlədən, əlahəzrət prezident İlham Əliyevin rəhbərliyi ilə qədim tarixi və zəngin mədəniyyəti olan Azərbaycan Respublikası ilə əlaqələri inkişaf etdiririk. Xalqlarımız və vətənlərimizin mənafeyinə xidmət edən bu ideyanın həyata keçirilməsi uğrunda əzmlə çalışırıq".
Diplomat deyib ki, Qətər Dövləti və Azərbaycan arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi, iqtisadi və mədəni səviyyələrdə məsul şəxslərin və iş adamlarının müxtəlif səviyyələrdə qarşılıqlı səfərləri əməkdaşlıq tellərini möhkəmləndirməyə xidmət edir.
Səfir çıxışının sonunda COP 29 iqlim konfransına yüksək səviyyədə ev sahibliyi edərək parlaq müvəffəqiyyət əldə edən Azərbaycan Respublikasına dərin təşəkkürünü bildirib.
Azərbaycan hökuməti adından Qətər xalqını Milli Gün münasibətilə təbrik edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev müstəqillik dövründə ölkələrimizin birlikdə əhəmiyyətli uğurlara imza atmasından, müxtəlif beynəlxalq tədbirlərdə səmərəli qarşılıqlı fəaliyyət göstərməsindən, bir çox sahəni əhatə edən memorandum və anlaşmaların faydalı nəticələrindən söz açıb.
Nazir deyib ki, ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələr dostluq və qarşılıqlı hörmət əsasında inkişaf edib. Bu dövr ərzində iki ölkə başçıları arasında səfər mübadilələri ikitərəfli əlaqələrin artmasına və daha da zənginləşdirilməsinə şərait yaradıb: "Bunun nəticəsidir ki, 2021-ci ildən etibarən Azərbaycan və Qətər vətəndaşları vizasız rejimdən istifadə edir. İki paytaxt arasında hər həftə 12 birbaşa uçuş həyata keçirilir. Eyni zamanda, hər iki ölkədə müxtəlif məzmunlu tədbirlər keçirilir. Bu da qardaş xalqlarımız arasında bağlılığın möhkəmləndirilməsinə töhfə verir".
Nazir onu da vurğulayıb ki, Azərbaycan ətraf mühitin qorunması və iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində əhatəli tədbirlər həyata keçirir. Azərbaycan və Qətər arasında 2017-ci ildə vəhşi təbiətin qorunması üzrə anlaşma memorandumu imzalanıb ki, bu gün də bu istiqamətdə birgə tədbirlər həyata keçirilir. Bu addımlar ölkələrimiz arasındakı uğurlu münasibətlərin yalnız bir neçə nümunəsidir.
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 12:35