mobil versiya

Azyaşlılara qarşı cinsi zorakılıq edənlərə qatildən daha ağır cəza veriləcək


14 yaşına çatmayan şəxslərə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olanlar 20 ilədək azadlıqdan məhrum ediləcək.
Yerli mətbuat xəbər verir ki, bu, Milli Məclisin son iclasında müzakirə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, zorlama aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd edək ki, qüvvədə olan məcəlləyə əsasən, həmin cinayəti törətmiş təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya görə də cəzalar sərtləşdirilir.
İndiyə qədər bu əməllər yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılıb. Layihəyə əsasən, artıq bu halda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmək cəzası da tətbiq olunacaq.
Layihəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs (uşaq) 18 yaşına çatmayan şəxs hesab olunacaq. Uşaqlarla müntəzəm təmasla əlaqədar işlərin görülməsinə qoyulan məhdudiyyətlər müəyyənləşir.
Əmək Məcəlləsinə əlavə edilən yeni -17-1 maddəsinə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər uşaqlarla müntəzəm təmasla əlaqədar işə qəbul (təyin) və ya cəlb edilə bilməyəcəklər.
Habelə, valideynlər (onlardan biri) valideynlik hüquqlarından məhrum ediləcəyi hallar sərtləşdirilir.
Dəyişikliyə əsasən, valideynlər (onlardan biri) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüququndan məhrum ediləcək.
Nəzərə çatdıraq ki, azyaşlılara qarşı zorakılıq halları ilə bağlı dünyada çox ağır cəzalar tətbiq edilir. Hətta edam, ömürlük həbs tətbiq olunan dövlətlər də var. Azərbaycanda da bu cəzaların maksimum sərtləşdirilməsi təklifi uzun müddətdir verilirdi və nəhayət gerçəkləşir. İndi azyaşlılara qarşı zorlama törədənlər hətta bir qatildən də ağır cəza alacaq.
Bəs cəzaların sərtləşməsi bu qəbildən olan cinayətləri azaldacaqmı?
Fazil Mustafa: “Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd deyil”
Fazil Mustafa
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Bu problemin həlli yolu budur, yəni cəzaların ağırlaşdırılmasından başqa yolu yoxdur. Cəmiyyətdə ümumi bu istiqamətdə işlər yetərli səviyyədə görülmür və bunun da səbəbi bilavasitə ixtisaslaşmış  strukturların olmamasıdır. Olan strukturlar da formal xarakter daşıyır, hər hansı bir şəkildə o strukturlar vasitəsilə nəyisə etmək mümkün olmur.  Ona görə də problem bu sahədə də böyükdür və bunun da həlli yaxın zamanlarda perspektivdə görünmür”.
Fazil Mustafa son vaxtlar cəmiyyətdə baş verən cinayətlərin sayının artmasına diqqət çəkərək qeyd etdi ki, bu problemin qarşısını almaq üçün ilk növbədə ölkədə təhsilin səviyyəsini artırmaq lazımdır: “Dövlət səviyyəsində bütün ailələr və onların hansısa bir iç strukturu ilə bağlı normal bir tədqiqat aparılmır. Gecəqondular o qədər çoxdur ki, əksər hallarda 700-800 şagirdin təhsil alması nəzərdə tutulan məktəbdə 2500 şagird təhsil alır və nəticədə şagirdlər doğru-düzgün təhsil  ala bilmir. Bu çox ciddi və düşündürücü bir məsələdir.  Məsələn, bugünlərdə bir gəncin yarış zalında 16 yaşlı gənci qətlə yetirməsinin şahidi olduq. Şəxsin savadı olmayanda, təhsildən uzaq düşəndə bu cür mübahisəli məqamlarda artıq mədəni dillə, davranışla problemi həll edə bilmir, cinayət yolu ilə nəyisə dəyişməyə çalışır.  Təsəvvür edin, o qədər insanın içərisində şəxs 16 yaşlı uşağı bıçaqla hədələyir, onun öldürülməsi təhlükəsi var, amma zalda hamı gəzişir, heç kim yaxınlaşıb, müəyyən dərəcədə yumşaldıcı addım atmaq istəmir. Bu o deməkdir ki, insanlar həm də laqeydləşiblər, öz məşğuliyyətləri ilə başlarını qatır, görüntü üçün xeyriyyəçilik, insanpərvərlik etməyə çalışır. Yəni bu bütövlükdə cəmiyyətin problemdir, indiki vəziyyətdə onu çözmək çox çətindir.  Çünki qurumlar formal xarakter daşıyır”.

Çingiz Qənizadə 
Hüquq müdafiəçisi Çingiz Qənizadə qeyd etdi ki, təkcə inzibati metodlarla hansısa bir məsələdə tam nailiyyət əldə etmək qeyri-mümkündür: “Bu həmişə belə olub. Sadəcə, bu məsələ paralel  getməlidir. Yəni əgər biz inzibati metodlarla hansısa  cəzaların və yaxud reaksiyaların sərtləşdirilməsini arzulayırıqsa, digər  tərəfdən, bu istiqamətdə ciddi maarifləndirci işlər aparılmalı, müəyyən roliklər, verilişlər hazırlanmalı, buna xüsusi önəm və diqqət etməliyik.  Lakin bu gün biz nəyi görürük? Hesab  edirik ki, sadəcə qanunvericilikdə edilən dəyişikliklərlə istədiklərimizə  nail olacağıq, bu isə yanlış  fikirdir. Çünki biz zaman-zaman görürük ki, bu metod heç də  özünü doğrultmur. Lakin bu heç də o demək deyil ki, inzibati metodların sərtləşdirilməsini ön plana çəkməyək. Əlbəttə ki, bu da vacibdir. Bu baxımdan hesab edirəm ki, azyaşlılara qarşı törədilən cinsi və fiziki zorakılıq, həmçinin digər hərəkətlərə görə qanunların sərtləşdirilməsini dəstəkləmək lazımdır. Çünki cəmiyyətdə bu gün əgər bu  istiqamətdə cinayətkarlıq artırsa və bu cəmiyyətin  sağlam təbəqəsini narahat edirsə, onda mütləq qanunverici qurum bu məsələni müzakirə predmetinə çevirməli və düşünülmüş müəyyən təcrübələri özündə ehtiva edən toplum halında bir qərarın qəbul edilməsinə nail olmalıdır”.
Hüquq müdafiəçisi qeyd edib ki, bu gün təkcə gənclər və azyaşlılarla bağlı deyil, həmçinin başqa cinayətlər, o cümlədən dələduzluq cinayətlərinin sayı olduqca artıb: “Bəzən dələduzluq cinayətlərini törədən şəxslərin vurduğu zərərlərin miqdarının az olmasını əsas götürərək, onlara cinayət işi başladılmır.  Belə ki, Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) və 179.1-ci (mənimsəmə) maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, beş yüz manatdan aşağı məbləğdə əmlakın mülkiyyətçisinə və ya digər sahibinə ziyan vurulduğu hallarda ziyan vuran şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Nəticədə bu dələduz həmin miqdardan  aşağı miqdarda dələduzluq edir və məsuliyyətdən yayınmağa nail olurlar. Bu da  cəmiyyəti narahat edən hallardan biridir. Həmçinin son vaxtlar şəxslərin öz üzərində soyuq silah, bıçaq gəzdirilməsi ilə bağlı narazılıq edənlər var. İnsanlar narahatdır ki, qarşısındakı şəxsin üzərində bıçaq var və ya ola bilər.  Əgər bıçaq  soyuq silah kimi dəyərləndirməsə vətəndaş rahatlıqla üzərində gəzdirəcək və  fürsət düşəndə kiməsə xətər yetirəcək. Ona görə də hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə  orqanları Milli Məclisin müvafiq komitələri ilə birlikdə cəmiyyəti bu gün narahat edən və cəmiyyətdə artım xətlə inkişaf edən bir neçə kateqoriyadan olan cinayətlərin hansısa  formada qarşısının alınması üçün müzakirələrə başlasınlar. Yaxşı olardı ki, bura nəzəriyyəçilər də, məsələn, universitetlərin professorları, həmçinin televiziya və mətbuat nümayəndələri də dəvət olunsun”.
Xalidə GƏRAY
“Yeni Müsavat”

MANŞET / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 2-12-2022, 09:24