mobil versiya

Brejnev-Kosıgin nifaqı – baş nazir sanballı və dürüst adam olsa da, baş katib fitnə-fəsad qaynağı olub




SSRİ-nin mövcud olduğu 70 ilin bütün dövrlərində Kremldə saray çəkişmələri, siyasi intriqalar, hakimiyyət uğrunda mübarizələr səngimədən bir-birini əvəz edib. O cümlədən Nikita Xruşovu devirdikdən sonra hakimiyyətə gələn Leonid İliç Brejnev də siyasi müstəvidə “sakit”liyi təmin edə bilməyib. Əslində Kremldə yaranan siyasi gərginliyin müəllifi elə Brejnevin özü olub…

1964-cü ildə Mərkəzi Komitənin plenumunda Brejnev baş katib seçildikdən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsi Nikolay Podqornıya, SSRİ Nazirlər Sovetinin sədri kürsüsü isə Aleksey Kosıginə etibar edilib.
Hələ Mərkəzi Komitədə mövqelərini tam möhkəmlədə bilməyən Brejnevi bir məsələ qorxudub. O, Xruşovu devirdiyi kimi, onu da nə vaxtsa qəfil devirə biləcəklərindən çəkinib. Bu məsələdə onun ən çox özünə rəqib saydığı adam Aleksey Kosıgin olub. Və elə ilk gündən Brejnev Kosıginə olan qısqanclığını gizlədə bilməyib.

Belə ki, oktyabr plenumunda baş nazir kürsüsünə Kosıginin namizədliyi irəli sürüləndə və yekdilliklə ona səs veriləndə plenum iştirakçılarının bu təyinatı sürəkli alqışlaması Brejnevi qıcıqlandırıb:
- Hələ ki bu alqışlara bir səbəb yoxdur. Partiyanın qarşımıza qoyduğu bir çox vəzifələr var, onları yerinə yetirdikdən sonra bir-birimizi alqışlayacağıq...
Ümumiyyətlə, Brejnev bütün iclaslarda mövzunun nədən ibarət olmasından asılı olmayaraq partiyanın mövqeyini önə çəkib. Düzdür, o partiyanın rəhbəri kimi bunu etməyə borclu olub. Amma Breynev bu mövqedə olmaqla ətrafdakılarına başqa bir mətləbi anlatmağa çalışıb, ölkədə mütləq hakim olduğunu sübut etməyə cəhd edib. Əslində hüquqi baxımdan ölkənin prezidenti SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri sayılıb, ölkə iqtisadiyyatını idarə edən isə baş nazir olub, yəni SSRİ Nazirlər Sovetinin sədri. Bu struktur Brejnevi çox narahat edib.
Baş katib ilk növbədə Podqornını sıradan çıxarmaq haqqında düşünüb. Podqornı Brejnev komandasının üzvü olub və onu Brejnev özü Ukraynadan Moskvaya, Kremlə gətirib. Bu baxımdan baş katib üçün onu zərərsizləşdirmək çox da çətin olmayıb və nəhayət, 1977-ci ildə Brejnev Podqornınnı “öz ərizəsi” ilə təqaüdə göndərərək ikinci bir kürsüyə də sahib olub.

Baş nazir Kosıginlə mübarizə isə Brejnevə çox da asan başa gəlməyib. Əslində Kosıgin heç vaxt Brejnevin bərk-bərk yapışdığı kürsüyə göz dikməyib. Kosıgin xalq arasında kifayət qədər hörmət qazanmış bir məmur kimi öz işi ilə məşğul olub. Arada nə gərginlik yaranıbsa, yalnız Brejnev tərəfindən gəlib.
Aleksey Kosıgin baş nazir kimi ölkə iqtisadiyyatında ciddi islahatlara başlayıb. Bu islahatlar sırasında o, istehsal müəssisələrinin, zavod və fabriklərin müstəqil fəaliyyətini, heç bir kənar müdaxilələrin olmamasını təmin etməyə çalışıb. Onun bu mövqeyi yerlərdə partiya komitələrinin rəhbərləri tərəfindən müsbət qarşılanmayıb. Çünki bu vilayət və şəhər partiya komitələrinin birinci katiblərinin zavod və fabrik direktorlarına “söz demək” hüququndan məhrum olması demək idi. Bu məsələ Brejnevin də ürəyincə olmayıb və o, öz münasibətini Siyasi Büronun iclasında Kosıginə açıq şəkildə bildirib:
- Aleksey Nikolayeviş, iqtisadi islahatlar heç də o demək deyil ki, kollektivlər partiya nəzarətindən kənarda qalmalıdırlar, siz bunu nəzərə alın və unutmayın ki, özünüz də kommunistsiniz...
Kosıginə qarşı baş katib tərəfindən bu cür yersiz təpkilər tez-tez olub. Bununla yanaşı, Brejnev öz yaxın ətrafını da ona qarşı xoşagəlməz əhvalda kökləyə bilib.
Brejnev “Ukrayna klanı”nın fəallarından biri olan Nikolay Tixonovu Nazirlər Soveti sədrinin müavini təyin etməklə Kosıginin sərbəstliyini məhdudlaşdırmaq məqsədi güdüb.

Baş katibin daha yaxın bir adamı Andrey Qromıko bütün cəhdlərdən istifadə edərək Kosıginin fəaliyyətini əngəlləmək istəyib. Ancaq Kosıgin də zaman-zaman ona qarşı olan bu münasibətlərə layiqli cavab verib.
1966-cı ildə Pakistan və Hindistan rəhbərlərinin görüşünün keçirilməsində SSRİ-nin vasitəçilik missiyasını Kosıgin həyata keçirib. Bu məqsədlə o, görüşün keçiriləcəyi Daşkənd şəhərinə ezam olunub. Kosıgini müşayiət edənlərdən biri də xarici işlər naziri Qromıko olub. Səhər mehmanxanadan görüşün keçiriləcəyi iqamətgaha yollananda Qromıko sənədlərin olduğu qovluğu mehmanxanadakı otağından götürməyi unudub və tələsik geri qayıdıb. Kosıgin onu gözləməyib. Qromıko məcbur olaraq görüşə tərçüməçilərin maşını ilə gedib.
Görüşdən sonra Kosıgin Qromıkodan soruşub:
- Belə vacib bir görüşə geçikməyinizin səbəbi nə idi?
- Qovluq mehmanxanada qalmışdı, götürməyi unutmuşdum.
- Bəli, həmin qovluq ki, onun içərisində bizim siyasətimizi, SSRİ-nin mövqeyini əks etdirən sənədlər var idi. Siz beləliklə bizim bütün sirrlərimizi göyə sovuracaqsınız...

Təbii ki, bu “danlaq” Qromıko üçün ağır zərbə olub. O, Moskvaya qayıtdıqdan sonra Brejnevlə görüşündə Nazirlər Soveti sədrinin ölkənin xarici və daxili siyasətində belə fəal olmağının heç də məqsədəuyğun olmadığını söyləyib. Qromıko həmçinin onu da qeyd edib ki, Kosıginin bu fəaliyyəti Brejnevin fəaliyyətinə kölgə salır.
Həmin günün axşamı “Vremya” xəbərlər proqramında ilk xəbər kimi Kosıginin Özbəkistan səfəri təqdim olunub. Brejnev dərhal televiziya rəhbərliyinə zəng vurub, iradını bildirib. Məhz elə bu hadisədən sonra efirdə qeyri-rəsmi reqlament yaradılıb. Daha çox Brejnev efirdə olmalı, Kosıginə isə məhdud dəqiqələr ayrlmalıdır.
Kosıginin populyarlığı artıqca Brejnevin də narahatlığı artıb. O, baş naziri özünə ən güclü rəqib görüb. Və baş katib yaxın ətrafı ilə konkret tədbirlərə əl atmağı planlaşdırıb.
Həmin dövrdə Moskvanın birinci katibi vəzifəsində işləyən Vuktor Qrişin öz xatirələrində Brejnev-Kosıgin münasibətləri haqqında yazıb:
“Brejnevlə Kosıgin arasında münasibətlər günü-gündən daha da gərginləşirdi. Mənim Kosıginlə yaxın münasibətlərim var idi. Biz ailəvi dostluq edirdik. Brejnevin də bundan xəbəri var idi. Ona görə də məni özünə çox da yaxın buraxmırdı. Bir dəfə Kremlin həyətində Brejnevlə Qromıko gəzişirdilər. Mən onları görcək yaxınlaşıb salamlaşdım. Brejnev gözlənilmədən üzünü mənə tutdu:
- Viktor, sənin mənim xəttimi dəstəklə, Kosıginin yox.
Çox təəcübləndim və cavab verdim:
- Leonid İliç, bizim hamımızın bir xətti var, vahid partiya xətti...

1980-ci ildə Kosıgin birinci infarktı keçirəndə o, Kreml xəstəxanasında müalicə alırdı. Həmin ərəfədə Brejnev mənə zəng vurdu. Yəqin ki, o, Siyasi Büronun digər üzvləri ilə də danışmışdı. Baş katib söhbəti uzatmadan mətləbə keçdi:
- Biz belə düşünürük ki, Kosıgini vəzifəsindən çıxaraq. Bu məsələdə Siyasi Büro üzvü kimi sənin də münasibətin vacibdir.
Mən mövqeyimi açıq bildirdim:
- Leonid İliç, bəlkə Kosıgin öz fəaliyyətini bir az da davam etdirsin. Axı o, ölkəmizə daha çox xeyir verir.
- Viktor, mən səni anlayıram, amma Yevgeni Çazovun (SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi) Mərkəzi Komitəyə göndərdiyi rəsmi məktubda Kosıginin səhhətinə görə bu vəzifədə işləməyinin mümkünsüz olduğu açıq şəkildə göstərilib. Biz bu vəzifəyə Tixonovu təyin edəcəyik. O, Kosıgindən də yaxşı işləyəcək.
Mən başa düşdüm ki, artıq hər şey həll olunub...”
Beləliklə, Brejnev Kosıginin xəstəliyindən istifadə edərək ən güclü rəqibini siyasi səhnədən uzaqlaşdıra bilib.
1980-ci ilin oktyabrında Aleksey Kosıgin bütün vəzifələrindən azad olunub. İki ay sonra, dekabrın 18-də isə vəfat edib. Onun vəfatı ilə bağlı xəbər 3 gün ictimaiyyətdən gizlədilib. Səbəb isə dekabrın 19-da Brejnevin doğum gününün təntənəli keçirilməsi olub.
Kosıginin dəfn mərasimi dekabrın 21-də keçirilib. Brejnev mərasimdə iştirak etmək istəməyib. Siyasi Büro üzvlərinin təkidindən sonra baş katib mərasim tədbirində iştirak edib.

76 yaşında vəfat edən Aleksey Kosıginin nəşi yandırılaraq Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.
Qeyd edək ki, Aleksey Kosıgin SSRİ-nin ən uzunömürlü baş naziri olub. O, 16 il SSRİ Nazirlər Sovetinin sədri vəzifəsini daşıyıb.

MANŞET / MARAQLI / KARUSEL / SİYASƏT
Tarix: 4-09-2019, 13:30