Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə məlumatların təqdim edilməsi qaydasında dəyişiklik olunub

"Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında” Fərmana dəyişiklik edilib.
Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Baş naziri, Baş nazirinin müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən yüksək səviyyəli nümayəndə heyətinin xarici dövlətlərə və xarici dövlətlərin nazirliklərinin və ya eyni statuslu dövlət orqanları rəhbərlərinin müavinləri və ya daha yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına, habelə rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin xarici dövlətlərə və xarici dövlətlərin eyni statuslu vəzifəli şəxsləri tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin Azərbaycan Respublikasına edəcəyi səfərlər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılacaq, səfərlərin nəticələrinə dair hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
Səfərin proqramı (səfər üzrə hər bir tədbirin adı, məzmunu, iştirakçıları, yeri, tarixi) və əhəmiyyəti, tədbirdə əyani iştirakın zəruriliyi, ezamiyyə xərcləri və digər xərclər, maliyyələşmə mənbəyi, səfərdən gözlənilən nəticələr (effektivliyə dair proqnoz), nümayəndə heyətinin rəhbəri, digər üzvləri və onların iştirakının zəruriliyi barədə məlumat səfərin başlanmasına ən geci on beş iş günü qalmış təqdim edilməlidir. Məlumatı bu müddət ərzində üzrlü səbəblərə görə təqdim etmək mümkün olmadıqda, həmin məlumat üzrlü səbəblər əsaslandırılmaqla daha qısa müddətdə təqdim edilir.
Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətinin tərkibinə iki və daha artıq dövlət orqanının (qurumunun) nümayəndələri daxil olduqda, bu Fərmanın 4-cü hissəsinin birinci cümləsində nəzərdə tutulan məlumatlar və nümayəndə heyətinin rəhbərinə dair təklif həmin dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla təqdim edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 17:18


























