mobil versiya

Fərid Şəfiyev: "Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatlarla öz xalqını daha böyük faciələrə aparır”


“SSRİ Konstitusiyasına əsasən, 15 sovet respublikasının Sovet İttifaqından ayrılmaq hüququ var idi. Dağlıq Qarabağ isə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində muxtar region olub. Muxtar bölgələrin isə sovet konstitusiyasında ayrılmaq hüququ yox idi”.APA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın SSRİ-nin tərkibindən çıxdığı yolla Dağlıq Qarabağın da Azərbaycanın tərkibindən çıxdığına dair iddiaları ilə bağlı fikirləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin hüquqi nöqteyi-nəzərdən bu cür yanlış və əsasız fikirlər səsləndirməsi ilk dəfə deyil: “Yerevanın dəfələrlə irəli sürdüyü iddiaya əsasən, Dağlıq Qarabağın Azərbaycandan ayrılması “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ qanununa əsasən mümkün olub və istənilən Sovet respublikası tərəfindən ayrılma prosedurunun başladılması zamanı muxtar quruluş da Sovet İttifaqında qalmaq və ya çıxmaqla bağlı müstəqil  qərar qəbul etmək hüququna malik olur. Lakin Azərbaycan, o cümlədən Ermənistan və digər Sovet respublikaları Sovet İttifaqını onun süqutu ilə bağlı 8 dekabr 1991-ci il tarixli Belovej razılığı əsasında tərk edib. Bununla əlaqədar yuxarıda adıçəkilən 2 aprel 1990-cı il tarixli Sovet İttifaqı qanununa istinad edilə bilməz. Belə ki, Azərbaycan, eynilə Ermənistan SSRİ-dən çıxarkən bu qanundan istifadə etməyib.
O da vurğulanmalıdır ki, Ermənistan hələ Sovet dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini hüquqi yolla ilhaq etmək üçün çoxsaylı cəhdlər edib və ən son olaraq 1 dekabr 1989-cu ildə edilən cəhd Sovet Konstitusiyası və qanunlarının bəzi maddələrinin pozulması əsas gətirilərək mərkəzi Sovet hökuməti tərəfindən ləğv edilib”.
F. Şəfiyev bildirib ki, Azərbaycan hökumətinin razılığı  və regionun azərbaycanlı əhalisinin iştirakı olmadan 1991-ci ilin 10 dekabrında keçirilən qondarma “referendum” da qanunsuz baş tutub: “Azərbaycan və Ermənistan müstəqil olduqdan sonra 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunublar. Onların sərhədləri Azərbaycan və Ermənistan Sovet respublikalarının sərhədlərini bir daha təsdiqləyən  “uti possitedis” prinsipi əsasında tanınıb və orada Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi göstərilib.
BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar bu statusu bir daha təsdiqləyiblər. Erməni milliyətçilərinin Azərbaycanın Dağlıq Qarabağ regionuna qarşı irredentist işğalçı iddialarını öz müqəddəratını təyinetmə bəhanəsi altında gizlətmək cəhdləri həm hüquqi, həm də tarixi nöqteyi-nəzərdən etibarsızdır.
Ermənistanın hazırkı rəhbərliyi yaxşı anlamalıdır ki, onlar bir tərəfdən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin “müstəqil statusunu” təbliğ edən, digər tərəfdən isə “Dağlıq Qarabağ Ermənistanındır” iddialarını əks etdirən məsuliyyətsiz bəyanatlarla regionu, o cümlədən öz xalqını daha böyük faciələrə aparır”. 
/APA/
Kəmalə Quliyeva





KARUSEL / GÜNDƏM / SİYASƏT
Tarix: 28-08-2019, 16:04