mobil versiya

Ermənistanın XİN başçısı da Paşinyanın sərsəm bəyanatını dəstəklədi


Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki çıxışı zamanı səsləndirdiyi avantürist, təhrikedici bəyanatları dəstəkləyib. Virtualaz.org xəbər verir ki, Mnatsakanyan bu haqda Yerevanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı danışıb.
Paşinyan avqustun 5-də Xankəndində demişdi: “Artsax (Dağlıq Qarabağa verilən qondarma ad,-red.) –Ermənistanın ayrılmaz tərkib hissəsidir, nöqtə.”
“Ermənistanın baş naziri Ermənistanın mövqeyini dəqiq formalaşdırıb. Stepanakertdə (Xankəndi,-red.) deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur”,-Mnatsakanyan bildirib.
Onun sözlərinə görə, Ermənistan XİN əvvəlki bəyanatlarında da Xankəndində deyilənləri təsdiqləmişdi. “Deyə bilərəm ki, bizim tərəfimizdən münaqişənin dinc yolla nizamlanmasına dair yanaşmalardan və mövqelərdən yayınmaq niyyəti yoxdur”,-xarici işlər naziri əlavə edib.
Xatırladaq ki, Paşinyanın bəyanatlarına Bakıdan sərt etiraz bildirilib, Ermənistan rəhbərliyinin Qarabağa dair təhrikedici bəyanatları münaqişə ətrafında atmosferi daha da gərginləşdirib.
Nazir jurnalistlərə açıqlamasında onu da deyib ki, Qarabağ münaqişəsinin nizamlanması ətrafında dinamika davam edir, amma tərəflər arasında dövlət başçıları, yaxud xarici işlər nazirləri arasında yeni görüşün vaxtı hələ məlum deyil.
“Sizdən xahiş etməliyəm ki, bir az səbr edəsiniz. Çünki mən prinsipial olaraq hesab edirəm ki, görüş haqda yeri və vaxtı həmsədrlər tərəfindən digər ölkə ilə razılaşdırılandan sonra elan etmək olar”,-Mnatsakanyan növbəti Əliyev-Paşinyan danışıqlarının nə zaman baş tutacağı haqda suala cavab olaraq deyib.

MANŞET / GÜNDƏM / SİYASƏT
Tarix: 14-08-2019, 16:11