mobil versiya

Proletariat nazirinin sərvəti – mənzillər, villalar, xəzlər, məşuqələrə bağışlanan qızıl-brilyantlar...




Stalin hakimiyyətinin əsas simalarından biri olan Lavrenti Beriyanın fəaliyyəti təkcə SSRİ-də deyil, xarici ölkələrdə də maraqla izlənilib. Onun “NKVD”-dəki fəaliyyəti, siyasi manevrləri, Stalinlə yaxınlığı, şəxsi həyatı tez-tez gündəmin əsas mövzusuna çevrilib. Marşalın həbsindən və güllələnməsindən sonra isə onunla bağlı daha bir mövzu müzakirələrə səbəb olub. Lavrenti Beriyanın var-dövlətinə, yüksək vəzifələrdə olduğu illərdə yığdıqlarına kimin sahib çıxması mövzusu...

Bu mövzu ilə bağlı fikirlərini ictimaiyyətlə bölüşənlərdən biri, ingilis tarixçisi Saymon Sebaq Beriyanın maddi imkanlarının hədsiz dərəcədə böyük olduğunu söyləyib:



“Marşal Beriya son dərəcə zəngin həyat tərzi sürməyi xoşlayıb. Təbii ki, bunun üçün də kifayət qədər ciddi məbləğlər xərclənib. O, dəyəri milyonlarla ölçülən bir neçə villaya, bahalı mənzillərə, dəbdə olan avtomobillərə sahib olub. Marşal həmkarlarından zövqlü geyimlərilə də fərqlənib. Btün bunlarla yanaşı, Beriya məşuqələrinə qiymətli daş-qaşlar, bahalı hədiyyələr də bağışlayıb. Sözsüz ki, bu cür həyat tərzi yaşayan insanın böyük gəlirləri olub və sözsüz ki, ölümündən sonra Beriyanın şəxsi büdcəsində milyonlarla pul qalıb. Amma bu pulların taleyi məlum deyil. Kim onlara sahib çıxıb, bilinmir...”

Amerikalı araşdırmaçı Emi Nayt da Lavrenti Beriyanın olduqca zəngin məmur olduğu haqqında yazıb. O, Beriyanı Stalin hakimiyyətinin yeganə milyonçusu hesab edib.




Bəs məsələnin rəsmi tərəfi necədir? Beriya milyonlara sahib olubmu?

Marşalın həbsindən sonra aparılan araşdırmalar nəticəsində, onun bankda 363 min rublunun olması aşkar edilib. Beriyanın rəsmi gəlirlərini nəzərə alsaq, bu vəsaiti qanuni qazanc saymaq olar. 

Belə ki, Beriya iki dəfə Stalin mükafatına layiq görülüb. Birinci dəfə bu mükafata görə 100 min, ikinci dəfə isə 150 min rubl alıb. Bundan başqa, onun aylıq vəzifə maaşı 8 min rubl təşkil edib və əlavə olaraq hər ay 20 min rubl həcmində paket də alıb. Bunlarla yanaşı Beriyanın və onun ailə üzvlərinin əşya və ərzaq təminatı dövlət hesabına ödənilib. Bütün bu faktlar onun bank hesabındakı 363 min rublunun qanuni yolla əldə etdiyi gəlir kimi hesab etmək olar.



Qeyri-rəsmi faktlar isə tam fərqli rəqəmləri əks etdirib. Beriyanın zəngin olması ilə bağlı mühafizəçisi polkovnik Rafael Sarkisovun məhkəmədə verdiyi ifadələr də bunu bir daha sübut edib. Erməni polkovnik məhkəmədə Beriyanın məşuqələrlə münasibətlərindən danışarkən qeyd edib ki, o, əksər vaxtlarda hədəf seçdiyi xanımları qızıl və brilyant zinət əşyaları ilə ram edib. Polkovnik onu da qeyd edib ki, həmin əşyaları Moskvadakı zərgərlərdən çox vaxt Beriyanın tapşırığı ilə özü alıb.

Sarkisov bu əşyalara nə qədər pul xərcləndiyini söyləməkdə çətinlik çəkib:
“Mən həmin məbləğləri hesablamamışam. Çünki qadınlar üçün aldığım təkcə zinət əşyaları deyildi. Beriya qızıl və brilyantla yanaşı, mənə müxtəlif qadın geyimləri, xəz, bahalı qablar, saatlar almağı da tapşırırdı. Aldıqlarımın hamısının pulunu nəğd şəkildə ödəyirdim. Çox vaxt o, aldıqlarımın qiymətilə maraqlanmırdı. Beriya həm də xarici ölkələrdən geyimlər və müxtəlif əşyalar gətizdirirdi. Həm özünə, həm ailəsinə, həm də məşuqələrinə. Bu işlə daimi olaraq xüsusi adamlar məşğul olurdular...”



Beriyanın milyonlar sahibi olması ilə bağlı fikirlərə oğlu Serqo sonralar öz xatirələrində bu cür münasibət bildirib:


“Atamın böyük var-dövlət sahibi olması ilə bağlı səsləndirilən fikirlər söz yığınından başqa bir şey deyil. Bu haqda danışınlar yəqin çox məsələlərdən xəbərsizdirlər. Atamın ixtiyarında olan mənzil və bağ evlərinin, maşınların heç biri ona məxsus olmayıb. Bütün bunlar dövlət əmlakı olub. Atamın onları kiməsə satmağa, hədiyyə etməyə ixtiyarı olmayıb. O, sadə həyat tərzinə üstünlük verib və bizi də elə öyrədib. Valideynlərim Moskvaya təzə köçəndə kiçik bir mənzildə yaşayıblar. Stalin onlara qonaq gələndə bu mənzili qarışqa yuvası adlandırıb və atama Kremldəki yaşayış binasına köçməyi təklif edib. Anam həmin binaya köçmək istəmədiyini bildirəndə, Stalin şəhərin mərkəzində onlara 5 otaqlı mənzilin ayrılması ilə bağlı göstəriş verib. Bu cür hadisə ikinci dəfə Stalinin atamgilin Moskva ətrafındkı İlinski kəndində yerləşən bağ evinə gələndə baş verib. Stalin həmin bağ evində qonaq olanda zarafatla atama deyib ki, mən sürgündə olanda şəraitim bundan yaxşı idi. Bu söhbətdən sonra atama yeni bağ sahəsi veriblər. O ki qaldı atamın geyim məsələsinə, o, heç vaxt nə özünə, hə də bizə xaricdən geyim gətizdirməyib. Atamın kostyumlarını, üst geyimlərini Furman adlı dərzi tikirdi və o, yalnız yerli istehsal parçalardan istifadə edirdi. Qeyd etmək istəyirəm ki, atam həbs olunanda hökmdə ona məxsus olan hər bir şeyin müsadirə olunması da öz əksini tapmışdı. İndi atamın çoxsaylı mənzili, bağı olduğunu söyləyən tarixçilər müsadirə siyahısını niyə ortaya qoya bilmirlər? Çünki söylədikləri həqiqəti əks etdirmir...”



Bəs, özü kimi var-dövləti də müəmmalı olan Beriyanın milyonları necə yoxa çıxıb? Əgər həqiqətən də həmin milyonlar mövcud olubsa, onlar kimə çatıb?

Versiyaların birinə görə, Beriyanın həbsindən dərhal sonra, onun bağ evində axtarış aparılıb. Axtarış zamanı Moskva hərbi dairəsinin komandanı ordu generalı (sonralar marşal) Kiril Moskalenko Beriyanın bağ evindən xüsusi kodlarla bağlanan kiçik bir çamadan götürüb. Ehtimal olunur ki, Beriyanın bütün var-dövləti həmin çamadanda olub. Həmin çamadanın içində həqiqətən də nə olduğu və kimə çatması isə sirr olaraq qalıb.

BANNER / KARUSEL / SİYASƏT / REDAKTOR SEÇİMİ
Tarix: 17-04-2020, 12:49