Azərbaycanın ali təhsil sistemində süni intellekt hansı vəziyyətdədir?

Bir müddət öncə dövlət sektorunda süni intellekt sahəsində vəziyyətlə bağlı yazmışdım. Bu dəfə isə ali təhsil sahəsində AI istiqamətində hansı addımların atıldığına nəzər salmaq istədim.
Son illər Azərbaycanda aparıcı universitetlərdə süni intellekt (AI) sahəsində atılan addımlar göstərir ki, ali təhsil sistemi tədricən qlobal trendlərə uyğunlaşmağa başlayıb. Regional və qlobal universitetlərin təcrübəsi açıq şəkildə sübut edir ki, uğurlu model süni intellektin həm fundamental elm və elmi-tədqiqat istiqaməti kimi, həm də sahə-yönümlü tətbiqlər vasitəsi ilə paralel inkişafını tələb edir.
Azərbaycanda bu modelin ilkin konturları artıq formalaşır. Bir sıra aparıcı universitetlərdə AI kafedraları yaradılıb, yeni tədris proqramları hazırlanıb, süni intellekt mərkəzləri və laboratoriyaları fəaliyyətə başlayıb, eyni zamanda beynəlxalq əməkdaşlıqlar qurulur.
UNEC süni intellektin həm İT ixtisaslarına, həm də iqtisadiyyat və biznes sahələrinə tətbiqi üzrə ən sistemli modellərdən birini formalaşdırır.
Burada bakalavr və magistr səviyyəsində “Süni intellekt”, “Süni intellekt tədqiqat metodları”, “İqtisadiyyatda süni intellekt sistemləri”, “Süni neyron şəbəkələri”, “Python və süni intellekt”, “Dizaynda süni intellekt” və digər AI yönümlü fənlər tədris olunur, xüsusi laboratoriya otaqları yaradılıb.
UNEC ölkədə süni intellekt sahəsində ən fəal banklardan biri olan ABB ilə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı icra edir.
Bundan əlavə, UNEC-də Təhsil İnnovasiyaları üzrə Süni İntellekt Mərkəzinin yaradılması üçün 1 691 976 AZN dəyərində tender keçirilib və qalib Hindistanın Skaya Technologies Ltd şirkəti olub. Məqsəd universitet daxilində tam AI əsaslı təhsil və tədqiqat ekosisteminin qurulmasıdır.
Azərbaycan Texniki Universiteti süni intellekt üzrə strukturlaşmaya gedən ilk dövlət universitetlərindəndir. 2021-ci ildə aparılan struktur islahatları nəticəsində “İnformasiya texnologiyaları və proqramlaşdırma” və “Mühəndis riyaziyyatı” kafedraları birləşdirilərək Mühəndis riyaziyyatı və süni intellekt kafedrası yaradılıb. Texniki və mühəndislik ixtisaslarında AI yönümlü fundamental və seçmə fənlər tədris olunur.
2024-cü ilin sonunda AzTU-da Data Elmi və Süni İntellekt İnstitutu təsis edilib və burada Machine Learning, Deep Learning, NLP, Computer Vision və Data Analytics istiqamətlərində elmi tədqiqatlar aparılır.
Universitet bu yaxınlarda süni intellekt sahəsində 1,3 milyon manatlıq qrant layihələrinin qaliblərini elan edib, həmçinin 900 min manat dəyərində süni intellekt laboratoriyasının satınalınması üçün tender açıqlanıb.
ADA Universitetində süni intellekt sahəsində fəaliyyət daha erkən dövrlərdən etibarən təhsil və tətbiq-yönümlü tədqiqatlar üzərində qurulub. School of Information Technologies and Engineering çərçivəsində AI, Machine Learning, NLP və Big Data üzrə kurslar tədris olunur.
Data Analitika Tədqiqat Mərkəzi süni intellekt və data elmləri üzrə elmi mübadilə üçün platforma rolunu oynayır. 2017-ci ildə BP ilə birgə yaradılmış Big Data Research Center bu sahədə ölkə üzrə öncül təcrübələrdən biri olub.
Universitetdə AI mövzusunda beynəlxalq konfranslar keçirilir, eyni zamanda Azercell kimi sənaye tərəfdaşları ilə startap və təlim təşəbbüsləri reallaşdırılır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində süni intellekt daha çox sənaye, enerji və idarəetmə sistemləri kontekstində inkişaf etdirilir. Burada intellektual idarəetmə və qərar qəbuletmə sistemləri üzrə laboratoriyalar fəaliyyət göstərir, AI fənləri mühəndislik ixtisaslarına inteqrasiya olunur və real sektorla əməkdaşlığa üstünlük verilir.
Qeyd edim ki, ADNSU infrastrukturuna yaxın olan Azərbaycan–Fransa Universitetində Superkompüter Mərkəzi də fəaliyyət göstərir.
Bakı Ali Neft Məktəbində SOCAR tərəfindən ötən il yaradılmış Süni İntellekt elmi-tədqiqat laboratoriyası enerji sistemləri, proqnozlaşdırma və sənaye optimallaşdırmasına fokuslanır. Müasir avadanlıqlardan istifadə edilir və sənaye yönümlü yanaşma seçilib. Ötən illər ilk dəfə olaraq data analitika və maliyyə ixtisasları üzrə tədrisə başlanılıb.
Bakı Mühəndislik Universitetində isə süni intellekt daha çox tədris, tədqiqat və bacarıq yönümlü inkişaf etdirilir, “Artificial Intelligence”, “Machine Learning”, “Data Analytics” fənləri və ikili diplom proqramları mövcuddur.
Eyni zamanda Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Qarabağ Universitetində də Türkiyə və digər ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində süni intellekt istiqamətində addımlar atılır.
Bununla yanaşı, süni intellekt sahəsində ixtisaslı kadrların hazırlanması, tədris proqramlarının yenilənməsi, səylərin koordinasiyası və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində problemlər qalır.
ETN, EATDA və Təhsilin İnkişafı Fondu bu sahədə rolu daha da gücləndirməlidir. Universitetlər üçün AI tədqiqatları və infrastrukturun qurulması məqsədilə xüsusi dövlət qrantları ayrılmalı, müəllimlər üçün kütləvi AI təkmilləşmə proqramları həyata keçirilməlidir.
“SABAH.city” layihəsinin sürətləndirilməsi və AI mərkəzlərinin milli şəbəkə kimi əlaqələndirilməsi də mühüm əhəmiyyət daşıyır.
Düzgün koordinasiya və ardıcıl siyasət nəticəsində Azərbaycan universitetləri qısa müddətdə regionda süni intellekt üzrə rəqabətqabiliyyətli və güclü akademik mərkəzlərdən birinə çevrilə bilər.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-01-2026, 17:30



























