mobil versiya

“Evini sığortalamayan cərimə olunmayacaq, belə mexanizm yoxdur” –Ekspert



“Sığorta ilə bağlı cərimənin heç bir mexanizmi yoxdur. Evini sığortalamayan cərimə olunmayacaq”. 

Bunu bank üzrə ekspert Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, Prezident 3 il əvvəl bu sahədə maarifləndirmə işlərinin aparılmasını tapşırsa da bu illər ərzində sığorta bazarına nəzarət edən Mərkəzi Bank bu sahədə heç bir iş aparmayıb.
“Əslində, suyu bulandıran vətəndaşlara bildirişlər göndərərək onları hədələyən sığorta şirkətləridir. Asan qazanc yeri axtarırlar. Mərkəzi Bank da susaraq onlara dəstək verir. Bununla guya sığorta bazarında canlamanın baş verdiyini göstərmək istəyir. 2019-cu ilin sonunda sığorta bazarına nəzarət səlahiyyəti Elman Rüstəmova keçən kimi bu oyun başlandı. İndi də Mərkəzi Bankın yeni rəhbərliyi eyni ssenari üzrə hərəkət edir”-deyə ekspert vurğulayıb.
Ə.Həsənovun sözlərinə görə,  qanun 10 ildən çoxdur ki, daşınmaz əmlakın icbari sığortasını tələb edir. Etməyənə cərimə də nəzərdə tutulub: “Amma onun mexanizmi yoxdur. Yəni bu “ölü” qanundur. Həm də ədalətsizdir. Çünki bu sığorta könüllü olmalıdır. Özü də Azərbaycanda yalnız kommersiya sığorta modeli deyil, həm də müştərək sığorta modeli (bu modelə görə sığorta hadisəsi baş vermədikdə vətəndaşın sığorta haqqı tam batmır) də tətbiq olunmalıdır. Əks halda, indiki kimi sığorta şirkətlərinə etimad olmayacaq. Çünki onlar əsasən yalnız öz qazancını düşünür və sığorta hadisələri baş verdikdə ödənişdən yayınırlar”. 
Ekspertin fikrincə, daşınmaz əmlakın icbari sığortası real olaraq işə düşsə, sığorta sektorunda inhisarlaşma güclənəcək: “Bu yağlı tikəni qamarlayacaqlar. Çünki bu sığorta növü müftə gəlir yeridir. Ölkədə il ərzində evlərdə nə qədər hadisə baş verir ki? Çox az! Avtomobil deyil ki, daim yolda olduğu üçün hadisə baş versin! Deməli, ödənişlər sığortaçıların xalis gəliri olacaq. Odur ki, bu oyunun qiyməti doğrudan da çox böyükdür. Amma hələlik istəklərinə nail ola bilməyiblər. Odur ki, hazırda narahatçılığa əsas yoxdur.”

KARUSEL / İQTİSADİYYAT
Tarix: 31-05-2023, 12:52