Səfir: Hindistan və Azərbaycan arasında dərin sivilizasiya və mədəni əlaqələr mövcuddur
Hindistanın 77-ci Respublika Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan
çıxış edərəkdeyib ki, bu mühüm tarix Hindistanın demokratik institutlarının davamlı gücünü bir daha nümayiş etdirir. Bu gün Hindistan vətəndaşları üçün Konstitusiyamızın əsas idealları olan — ədalət, azadlıq, bərabərlik və qardaşlıq — üzərində düşünmək və bu prinsiplərə sadiqliyi bir daha təsdiqləmək üçün milli əhəmiyyət daşıyan bir gündür.
Hindistan qlobal ticarət gərginlikləri, tariflər, davam edən inflyasiya və geosiyasi qeyri-müəyyənliklər kimi çağırışlara baxmayaraq, cari maliyyə ilində 7,4% ÜDM artımı ilə dünyanın ən sürətlə inkişaf edən əsas iqtisadiyyatlarından biri olaraq qalmaqdadır. Siyasi sabitlik, güclü daxili tələbat, vaxtında həyata keçirilən islahatlar, eləcə də xidmət və istehsal sektorlarının aparıcı rolu Hindistanı yüksək artım yolunda irəlilətməkdədir. Bu, təkcə bugünkü gücümüzü deyil, həm də inklüziv inkişaf vizyonumuzu simvolizə edir.
Səfir deyib ki, Hindistan və Azərbaycan arasında dərin sivilizasiya və mədəni əlaqələr mövcuddur və bu əlaqələr 2025-ci ildə baş tutmuş bir sıra yüksək səviyyəli qarşılıqlı səfərlər vasitəsilə daha da möhkəmlənmişdir.Hindistanın Baş Nəzarətçi və Auditoru İdarəsinin (CAG) nümayəndə heyəti 17–18 iyul 2025-ci il tarixlərində Asiya Ali Audit Qurumları Təşkilatının (ASOSAI) 62-ci İdarə Heyəti iclasında və ASOSAI–AROABOSAI (Ərəb Ali Audit Qurumları Təşkilatı) ilə ilk birgə iclasında iştirak etmək üçün Azərbaycana səfər edib.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sədri qismində Azərbaycan, AQEM-in Beyin Mərkəzləri Forumunun üzvü olan Hindistan Beynəlxalq Münasibətlər Şurasını 2026–2027-ci illər üçün AQEM-in Beyin Mərkəzləri Forumunun sədri təyin edib.
Hindistan il ərzində Azərbaycan tərəfindən ev sahibliyi edilən AQEM çərçivəsində müxtəlif tədbirlərdə iştirak edib. Bunlara fevral ayında Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası, may ayında Biznes Şurasının Plenar Sessiyası və AQEM Biznes Forumu, sentyabr ayında Beyin Mərkəzləri Forumu və Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, noyabr ayında isə AQEM Gənclər Şurası və əlaqədar tədbirlər daxildir.

İlin sonunda, Hindistanın Rabitə və Kənd Təsərrüfatının İnkişafı üzrə Dövlət Naziri Hindistan nümayəndə heyətinə rəhbərlik edərək 2025-ci ilin noyabrında Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak edib
İqtisadi tərəfdaşlığımız stabil kursu qoruyur. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi 400 milyon ABŞ dollarını keçib. Davamlı maliyyə əlaqələri Hindistanın aparıcı neft və qaz şirkəti olan ONGC Videsh Ltd-nin (OVL) “Azəri–Çıraq–Günəşli” (AÇG) neft-qaz yatağında və Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri şirkətində uzunmüddətli investisiyaları ilə daha da möhkəmlənib
Hindistan və Azərbaycan arasında mədəni əlaqələr inkişaf etməkdə davam edir. Hind musiqisi, rəqsi və digər incəsənət növləri Azərbaycanda populyar olaraq qalır. Hindistan icma təşkilatlarının dəstəyi ilə biz orta hesabla ayda bir dəfə olmaqla çoxsaylı mədəni tədbirlər təşkil edirik və bu tədbirlərə yüzlərlə iştirakçı qatılır.
Xalqlararası əlaqələr Hindistan və Azərbaycan arasında birbaşa aviaəlaqələrin genişlənməsi sayəsində güclənib, qısa müddət ərzində reyslərin sayı 2023-cü ildə həftədə 3-dən 2024-cü ildə həftədə 14-ə yüksəlib. Hazırda isə tərəflər uçuşların sayının həftədə 42-yə çatdırılması barədə razılığa gəlinib. Artan aviaəlaqələr ticarət münasibətlərimizin genişlənməsinə və xalqlararası təmasların güclənməsinə mühüm stimul verib.
Hindistan–Azərbaycan münasibətləri təhsil sahəsindəki mübadilələr vasitəsilə də möhkəmlənməkdədir. Hazırda Azərbaycanda təhsil alan təxminən 400 hindistanlı tələbə var. Bu cür mübadilələr gələcək əməkdaşlıq və qarşılıqlı inkişaf üçün böyük imkanlar yaradır.
Hindistanlılar haraya gedirsə, biz harada yaşayırıqsa, müxtəlifliyə hörmət edirik. Biz yerli mədəniyyət və ənənələrə uyğunlaşırıq. Azərbaycandakı fəal Hindistan icması iki ölkə xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan, birgəyaşayış və əməkdaşlığın canlı nümunəsidir.
Tədbir Hind rəqs və musiqilərilə davam edib.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 20:02


























