mobil versiya

“Vurğun Əyyub komaya düşməyib, əqli, şüuru yerindədir” - Ellada Məmmədli



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhətində dünəndən etibarən bir qədər ağırlaşma baş verib. Lakin sosial şəbəkələrdə bəzi şəxslər V.Əyyubun vəfat etməsi ilə bağlı statuslar paylaşıblar. 
Bu barədə “Yeni Müsavat”a danışan Vurğun Əyyubun əqidədaşı, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin müavini Ellada Məmmədli bildirib ki, yayılan xəbərlər onları çox üzür. 
O, dünən Vurğun Əyyubun səhhətində nə baş verdiyinə aydınlıq gətirib: “Hazırda Vurğun Əyyub həkim nəzarətindədir. Dünən onun vəziyyəti bir az ağırlaşmışdı. Belə ki, yataqda sinəsi bəlğəmlə dolduğu üçün bir anlıq elə bilmişdilər ki, komaya düşüb, nəfəsi kəsilib. Lakin hazırda onun vəziyyəti stabildir və həkimlərin nəzarətindədir. Onunla təmasda olmağa həkimlər icazə vermirlər. Ancaq təbii ki, bütün qohumları, yaxınları, ailə üzvləri yanındadır. Dünən yayılan səhv məlumatdan sonra gecə saatlarında Vurğun bəyin qapısına xeyli adam dayanıb. Nəzərə almaq lazımdır ki, Vurğun bəyin ailə üzvləri xanımlardır. Gecə saatlarında onlar da qapılarının döyülməsindən narahat olublar və təbii ki, qapını açmayıblar. Yəni bu cür narahatçılığın qarşısını almaq lazımdır. Yalan məlumat verməyə ehtiyac yoxdur. Biz onun əqidədaşlarıyıq. Heç kim ölümdən sığortalanmayıb. Əgər onunla bağlı nə isə olarsa, burada təşkilatın sədri Qubad bəy, mən, ailə üzvləri var. Biz məlumat verərik. Xahiş edirəm ki, bu məsələdə bir qədər diqqətli olasınız. Sözüm bu cür məlumatları verənlərədir. Məcburam ki, həmin məlumatları şikayət edəm”.
E.Məmmədli bildirib ki, bu cür məlumatları yayanlar Vurğun Əyyubun yanında olmayıblar: “Onlar qətiyyən Vurğun bəyin yanında olmayıb. Bu gün onun yanında Xəzər Universitetinin müəllim kollektivi olub. Hazırda onlar da gediblər və Vurğun bəyin də vəziyyəti normaldır. Vurğun bəy onlarla da danışıb və heç kimin narahatçılığına əsas olmadığını bildirib. Ümumiyyətlə, Vurğun bəy Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığı üçün onu sevənlər çoxdur. Bu baxımdan Müsavat Partiyasından başqa bütün siyasi partiyaların nümayəndələri onun yanına gəliblər. Onu sevənlər, özünə yaxın bilənlər maraqlanıblar. Baxıram ki, İsa Qəmbər yazıb ki, 1 həftədir Vurğun bəyin ailəsinə xəbər göndəririk. Artıq gecdir. İstər siyasi partiyalardan, istərsə də ölkə ictimaiyyətində tanınan xeyli şəxs onun yanında olub. Ad çəksəm Hikmət Hacızadə, Pənah Hüseyn, Tofiq Yaqublu, İlham İsmayıl, Əli Kərimli AXCP funksionerləri ilə birlikdə onun yanında olublar. Eyni zamanda xeyli sayda ictimai şəxs bu 3-4 ay ərzində onun evində növbə gözləyiblər. Son 1 həftə ərzində artıq həkimlər tərəfindən görüşlərin qarşısı alınıb. Vurğun bəyin hazırda əqli, şüuru yerindədir. Onu narahat edən acımasız ağrılardır. Çox təəssüf ki, Azərbaycanda olan dərman vasitələri ona təsir etmir. Yalnız Qubad İbadoğlu, Adil Qeybullanın sayəsində xaricdən gətirilən dərman vasitələri ilə ağrıları sakitləşdirirlər”.
Məsələ ilə bağlı V.Əyyubun digər yaxın silahdaşları da öz etirazlarını bildiriblər. Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli status yazaraq bildirib ki, Vurğun Əyyubla bağlı yayılan xəbərləri təkzib etmək məcburiyyətindəyik: “Hətta bəzi saytlar ölüm xəbərini yayıblar. Biz isə indicə Vurğun bəyin evindən çıxdıq. Qızı Ləman xanım, bacısı oğlu və dostu Bədirxan müəllim də orada idi. Vurğun bəyin vəziyyəti bu gün stabilləşib. Xəbər saytlarından xahiş edirik ki, məlumatı dəqiqləşdirmədən yaymasınlar. Bu cür xəbərlər onun ailə üzvlərinə, dostlarına və onu yaxından tanıyanlara çox pis təsir edir. Yalnız dua edin. Öncədən hamınıza təşəkkür edirik”.
AXP sədri Pənah Hüseyn qeyd edib: “Vurğun Əyyub heç şübhəsiz ən yeni Azərbaycan tarixini yaradan və bu tarixdə həmişə yaşayacaq böyük ismlərdən biridir. Allah şəfa versin”.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu da Vurğun Əyyubla bağlı status yazaraq, bir sıra məqamları vurğulayıb: “Hörmətli media mənsubları, son günlər durumunu narahatlıqla izlədiyimiz dostumuz, xalqımızın sevdiyi və ehtiram bəslədiyi tanınmış ziyalı Vurğun Əyyubun səhhəti pisləşsə də o, yaşamaq eşqi ilə düçar olduğu ağır xəstəliklə mübarizəsini davam etdirir. Bu ağır durumda hər birimizin ictimai məsuliyyəti Vurğun bəyə və ailəsinə mənəvi dəstək olmaqdır. Lakin bəzi jurnalistlər bu məsələyə münasibətdə fərqli yol tutur, xəbər yarışına çıxaraq dəqiqləşdirilməmiş məlumatlar yayır, qeyri-səhih informasiyalar dərc edir. Odur ki, sizlərdən xahiş edirəm ki, nəzərə alasınız ki, Vurğun bəyin vəfatı ilə bağlı yalan məlumatların dərci onun ailəsinin narahatlığını daha da artırır, ailəyə, yaxınlara və dostlara əlavə mənəvi və fiziki əziyyət verir. Sizin və ictimaiyyətin də Vurğun bəyə olan sevgisini və nigarançılığını nəzərə alıb, əlavə məlumat verəcəyik. Vurğun Əyyubun dualarınıza ehtiyacı vardır, duanızı əsirgəməyin. Vurğun bəyə şəfa diləyirəm!”

KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 23-09-2019, 14:54