mobil versiya

İlham Əliyev MDB liderlərinə Ermənistanda faşistə heykəl qoyulduğunu xatırlatdı



Bu gün Aşqabadda, MDB dövlət başçılarının sammiti zamanı prezidenti İlham Əliyev Azərbaycanın Böyük Vətən müharibəsində Qələbəyə verdiyi töhfədən, Hitlerin Bakını almağa necə can atmasından və Ermənistanda faşist Qaregin Njdeyə heykəl qoyulmasından danışıb.

Virtualaz.org “Moskva-Baku” portalına və RİA Novosti-yə istinadən xəbər verir ki, prezident öz çıxışında Azərbaycan neftinin qələbənin əldə edilməsində həlledici rolunu xatırladıb.

“Əgər Böyük Vətən müharibəsi zamanı faşistlər Bakını ələ keçirsəydilər sovet ordusu yanacaqsız qalardı”,-Əliyev deyib.
Azərbaycan prezidenti xatırladıb ki, sammitin gündəliyinə daxil olan məsələlərdən biri Qələbənin 75 illiyi münasibətilə MDB dövlət başçılarının dünya ictimaiyyətinə və birliyə üzv olan ölkələrin xalqlarına birgə müraciətinin qəbul edilməsidir.

“Ən dağıdıcı və qanlı müharibənin cəbhələrində, habelə arxa cəbhədə bizim xalqlarımız qəhrəmanlıq və mərdlik göstəriblər, bu da sonrakı nəsillər üçün nümunədir. Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı Böyük Vətən müharibəsinin cəbhələrində döyüşüblər. Onların yarısı öz canlarını bizim ümumi qələbəmiz naminə qurban verib”,-İlham Əliyev deyib.



Prezident çıxışında onu da xatırladıb ki, Azərbaycan o vaxt bütün ölkəni yanacaqla təmin edirdi. Cəbhənin ehtiyacları üçün zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. “Bunlarsız sovet ordusu düşmənə qalib gələ bilməzdi”,-Əliyev bildirib.

Azərbaycan prezidenti hərbi kinoxronikanın məşhur kadrlarını-Hitlerə tort gətirilməsini də xatırladıb. Tortun üstündə dənizi xatırladan çökək var, orada alman dilində “Xəzər dənizi” yazılıb. Həmin çökəkdə maye qara şokalad və “Bakı” adı var. Hitler qaşıqla şokaladı götürür və tortun üstünə tökür, sonra xaç şəklində şokaladı götürüb onu “Bakı” yazılan yerə sancır.

“Bu da faşistlərin Azərbaycanın neft yataqlarını ələ keçirmək planını göstərir, habelə bildiyimiz kimi onların Şimali Qafqazın neft yataqlarını tutmaq planları da olub”,-İlham Əliyev deyib.

Əliyev əlavə edib ki, əgər faşistlər Bakını ələ keçirsəydi sovet ordusu yanacaqsız qalardı. Bakı isə havaya uçardı. Çünki sovet hökuməti bu fövqəladə halda bütün neft yataqlarını minalaşmışdı ki, düşmənə qismət olmasın. “Yəni orada yüz minlərlə qurban ola bilərdi”,-Azərbaycan prezidenti bildirib.

Əliyev vurğulayıb ki, Azərbaycanda müharibədə həlak olanlara heykəllər qoyurlar və müharibə veteranlarına böyük qayğı göstərilir. “1992-1993-cü illərdə “Xalq Cəbhəsi”nin oyuncaq, satqın və antixalq, biabırçı rejimi dövründə 9 May bayram günü kimi qeyd olunmurdu, müharibə veteranları isə təhqirlərə məruz qalır, alçaldılırdı”,-o bildirib.
İlham Əliyev daha sonra çıxışında Ermənistanda faşizmin qəhrəman obrazının yaradılmasından danışıb.

Azərbaycan prezidenti dəfələrlə Birlik liderlərinin nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxdıqlarını xatırladaraq, Ermənistanda nasistlərin qəhrəman edildiyini söyləyib.



"Təəssüf ki, bu, MDB məkanında, xüsusən də Ermənistanda baş verir. Burada keçmiş hakimiyyət "Qaregin Njde" ləqəbi ilə alman faşistlərinə xidmət edən cəllad və satqın Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində abidə ucaltdı”, - deyə İ.Əliyev əlavə edib.

O, Rusiya Xarici İşlər Nazirliyinin nasistlərin qəhrəmanlaşdırılması vəziyyəti ilə bağlı may ayının hesabatına da istinad edib. Həmin hesabatda deyilirdi ki, Njdenin nasistlərlə əməkdaşlığı haqda informasiyalar var.

İlham Əliyev sonradan Njdehin Sovet hakimiyyəti tərəfindən tutulduğunu və Vladimir həbsxanasında öldüyünü xatırladıb.
"Təəssüf ki, Ermənistanın yeni hökuməti bu abidəni sökmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin tərənnümünə yer olmamalıdır",- deyə Azərbaycan lideri fikrini yekunlaşdırıb.

İlham Əliyevdən sonra söz Ermənistanın baş naziri Nikol Paşinyana keçib. Türklərlə mübarizəsini qeyd edərək o, Qaregin Njdeni müdafiə etməyə başlayıb.

MANŞET / KARUSEL / SİYASƏT / ÖLKƏ
Tarix: 11-10-2019, 15:21