mobil versiya

İlham Əliyevin Avropa İttifaqına yönəlik mesajlarının hədəfi



Bakıdan qətiyyətli mövqe; Azərbaycan prezidenti təşkilatla yeni anlaşmanın yubanma səbəblərindən danışdı; ekspertlər deyir ki...


Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq sazişinin bağlanılması istiqamətində gedən danışıqlar bugünlərdə yenidən gündəmin müzakirə mövzusuna çevrilib. Buna səbəb isə prezident İlham Əliyevin yerli mətbuata verdiyi müsahibədə saziş ətrafında bir sıra diqqətçəkən fikirlər səsləndirməsidir.

Avropa İttifaqı ilə yeni sazişlə əlaqədar aparılan danışıqların hansı mərhələdə olması ilə bağlı verilən suala ölkə başçısı belə cavab verib: “Deyə bilərəm ki, bir neçə ildir yeni saziş üzərində iş aparılır. Bizim əvvəlki saziş uzun illər bundan əvvəl imzalanmışdır və yeni sazişə əlbəttə ki, ehtiyac var. Biz hesab edirik və təklif etmişik ki, bu saziş hər iki tərəfin maraqlarını təmin etməlidir, əks halda, sazişə ehtiyac qalmayacaq. Biz, eyni zamanda, Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurla əməkdaşlıq aparırıq və 28 ölkədən 9-u ilə bizim strateji tərəfdaşlıq haqqında sənədlər ya imzalanıb, ya da qəbul edilib.

Yəni hesab edirəm ki, Avropa İttifaqı ilə imzalanacaq sazişin təməli bax, bu 9 sənəddə təsbit edilib. Hesab edirəm ki, gələcək sazişdə həm strateji əhəmiyyət daşıyan məsələlər, həm də Azərbaycanı maraqlandıran, bizim maraqlarımıza xidmət edən məsələlər öz əksini tapmalıdır. Saziş bərabərhüquqlu tərəflər arasında imzalanmalı, bütün bərabərhüquqlu əməkdaşlığa zidd olan məqamlardan azad olmalıdır. Bu təqdirdə, əlbəttə ki, sazişin imzalanması mümkün olacaq. Deyə bilərəm ki, sazişin bəndlərinin mütləq əksəriyyəti razılaşdırılıb, məsələlərin təqribən 90 faizi razılaşma əsasında öz həllini tapıb. Hesab edirəm ki, qalan məsələlər xoşniyyətli abı-hava çərçivəsində öz həllini tapmalıdır. Bilirsiniz, sazişlə bağlı bəzi hallarda mətbuatda həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. O cümlədən bir fikir ondan ibarətdir ki, Avropa İttifaqı bu sazişi bizimlə ona görə imzalamır ki, biz Avropa İttifaqına uyğun olan hansısa meyarlara cavab vermirik.

Bu, tamamilə əsassız bir fərziyyədir, belə məsələ gündəlikdə yoxdur. Onu da açıq bildirməliyəm ki, sazişin bu günə qədər imzalanmamasının səbəbkarı da bizik. Nəyə görə? Bunu da mən izah edəcəyəm. Çünki hesab edirəm ki, cəmiyyətdə bu məsələ ilə bağlı tam dəqiq məlumat olmalıdır. Sazişin bir neçə məsələsi hələ ki, müzakirə mövzusudur. Biz təklif olunan məsələlərə öz razılığımızı verməmişik və bunun səbəbi var. Onlardan biri ticarətlə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb.

İlham Əliyev ile ilgili görsel sonucu

Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq. Onu da bildirməliyəm ki, hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır. Demək olar ki, bəzi ölkələr arasında - təşkilata üzv olan ölkələr və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır. Ona görə imzalanacaq sazişdə ticarətlə bağlı məsələlər bizi qane etmir və biz qarşı tərəfə öz fikirlərimizi bildirmişik. Ümid edirik ki, onlar buna anlayışla münasibət göstərəcəklər.

Digər vacib məsələ energetika sektoru ilə bağlıdır. Burada da baxmayaraq ki, Avropa İttifaqı ilə enerji sahəsində bizim əməkdaşlığımız uğurludur və birgə layihələr icra edilir, ancaq sazişdə təklif olunan məsələlərin biri də, - mən istəyirəm ictimaiyyət onu da bilsin, - enerjidaşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Reallıqda bu nə deməkdir, bunu anlamaq o qədər də çətin deyil. Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil. Bu saziş bizim maraqlarımıza uyğun olmalıdır. Prinsip etibarilə mən avropalı tərəfdaşlarıma sual vermişəm ki, “Siz mənə cavab verin, nə üçün biz bu sazişi imzalamalıyıq?”

Qeyd edək ki, Azərbaycan prezidentinin dekabrın 23-də verdiyi bu açıqlamalardan bir gün öncə Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Təhlükəsizlik Dialoqunun ikinci raundu keçirilib. Birinci raund isə ötən ilin oktyabrında baş tutmuşdu. Bütün bunlardan çıxış edərək, Azərbaycan tərəfin sazişin bağlanmasında maraqlı olduğu açıq görünür. Bu baxımdan ölkə başçısının dediklərinin arxasında çox ciddi mesajların dayandığı şübhəsizdir.



Demokratik İslahatlar Partiyasının sədri, V çağırış Milli Məclisin deputatı Asim Mollazadə prezidentin fikirləri ilə tam razıdır: “İstənilən beynəlxalq sazişdə Azərbaycan öz mənafelərini müdafiə etməlidir. Prezidentin söylədiyi fikirləri tam dəstəkləyirəm. Düşünürəm ki, saziş üzərində görülən işlər davam etdirilməlidir. Azərbaycan icazə ilə hərəkət etmir, yaxud da hansısa bir Avropa Birliyinin maliyyə dəstəyinə ehtiyacı yoxdur. Sadəcə olaraq, ölkəmiz tam şəkildə bərabərhüquqlu bir saziş istəyir ki, hər iki tərəfin marağı burada öz əksini tapsın. Azərbaycan bu işi davam etdirəcək. Bizim ticarətdə ən böyük tərəfdaşımız Avropa Birliyidir. Onun üçün də sənəd üzərində iş getməlidir. Ortaq məxrəcə gəlməliyik. Ümid edirəm ki, indiyə qədər həllini tapmayan məsələlər ümumi razılaşma əsasında öz həllini tapacaq. Burada əsas məsələlərdən biri də odur ki, Avropa Birliyinə yeni rəhbərlik gəlib. Danışıqlara onların baxışları lazımdır. Sənəd üzərində gedən işlər bundan sonra da davam edəcək. Avropa Birliyi ölkələri ilə olan əməkdaşlığımızı sazişin olmaması dayandıra bilməz. Onun üçün də hansısa bir vaxt məhdudiyyətini görmürəm. Gedən  danışıqlarda qarşılıqlı maraqlar müdafiə olunmalıdır. Azərbaycan heç bir halda öz maraqlarına zidd hansısa bir iqtisadi şeyə imza atmayacaq. Ölkəmiz öz maraqlarında heç bir halda güzəştlərə getməyəcək”.

V çağırış Milli Məclisin YAP-çı deputatı, politoloq Elman Nəsirov ile ilgili görsel sonucu

V çağırış Milli Məclisin YAP-çı deputatı, politoloq Elman Nəsirov: “Cənab Prezident yerli mətbuata verdiyi müsahibədə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə xüsusi diqqət ayırdı. Qeyd etdi ki, münasibətlərimiz inkişaf tempinə malikdir, yeni sənəd üzərində iş gedir. Əvvəlki sənədin qəbulundan artıq xeyli müddət keçib, bu nöqteyi-nəzərdən münasibətlərimizin yeni inkişaf tələblərinə uyğun olaraq yeni saziş üzərində iş 90% yerinə yetirilib. Söhbət strateji tərəfdaşlıq sənədindən gedir. Bizim münasibətlər fundamental məsələlərdə üst-üstə düşür. Cənab prezidentin 90% razılaşmanın əldə olunduğu tərəfdaşlıq sənədinə toxunarkən orada razılıq əldə olunmayan məsələlərə xüsusi diqqət ayırdı. Qeyd etdi ki, bir çox hallarda bu məsələlər üzərində qeyri-obyektiv yanaşmalara rast gəlirik. Guya ki, Avropa İttifaqı Azərbaycanda müəyyən məsələlərdən narazıdır, müəyyən məsələləri bəyənmir, bu səbəbdən razılaşma əldə olunmur. Amma cənab prezident vurğuladı ki, bunlar əsassızdır, əslində bu sənədin indiyə qədər imzalanmamasına biz səbəbkarıq. Dövlət başçısı konkret səbəblərə də toxundu. İlk növbədə, qeyd etdi ki, bu səbəblər arasında ticarət  məsələsi xüsusi önəm kəsb edir. Onu da söylədi ki, Azərbaycan Dünya Ticarət Təşkilatına üzv deyil. Bu da ona görə belə olub ki, Azərbaycanın ixrac məhsulları içərisində neft-qaz məhsulları xüsusi çəkiyə malikdir, Dünya Ticarət Təşkilatına daxil olmadan biz ixracatı, bu məhsulların satışını həyata keçiririk. Eyni zamanda müsahibədə qeyd olundu ki, Dünya Ticarət Təşkilatının özündə də hər şey qaydasında getmir, daxilində çox ciddi ixtilaflar yaşayır, bu təşkilata üzv olan ölkələr arasında ticarət müharibəsi gedir ki, bu da təşkilata üzvlüyün elə də böyük cəlbedicilik  əmsalının olmadığını göstərir. Cənab prezident bir məsələni də önə çəkdi. O dedi ki, saziş ətrafında indiyə qədər razılıq əldə olunmayan məsələlərdən biri də Azərbaycan qazının daxili qiyməti ilə xaricə satış qiyməti arasındakı fərqlə bağlıdır.

Avropa İttifaqının tələbi odur ki, Azərbaycanın daxili istehsal qiyməti ilə xaricə satış arasında bərabərlik olsun. Bu isə qəbulolunmazdır. Çünki Azərbaycan əhalinin marağından çıxış edərək, sosial dövlət olaraq, daxili bazarda hər min kubmetrə 100 manat, yəni təxminən 58 dollar realizə olunur. Amma xarici bazarda min kubmetr qazın qiyməti 300-400, bəzən də 500 dollara çatır. Belə olan vəziyyətdə Azərbaycan xarici qiyməti tətbiq edərsə, əhali qazı 500-700 manat qiyməti ilə almış olacaq ki, bu da heç bir halda qəbul oluna bilməz. Ona görə də hesab edirəm ki, qarşı tərəf, yəni Avropa İttifaqı bu məsələlərdə ciddi bir mövqe ortaya qoymalıdır. Biz heç bir halda Azərbaycanın milli maraqlarına, xalqımızın mənafeyinə toxunan, uzlaşmayan yanaşmanı qəbul etməyəcəyik. Bu məsələlər ətrafında əsas fikir ayrılıqları var ki, burada milli maraqlarımızı hər şeydən üstün tuturuq. Təbii ki, burada partnyorlarımızın da maraqlarını nəzərə alırıq. 90% razılaşmanın əldə olunması məhz bu yanaşmanın nəticəsidir. Qalan məsələlərdə Azərbaycanın prinsipal və qətiyyətli mövqeyi var. Biz öz vətəndaşlarımızın mövqelərini müdafiə edirik. Cənab prezident bu məqamları xüsusi diqqətdə saxladı”.
MANŞET / KARUSEL / SİYASƏT / ÖLKƏ
Tarix: 25-12-2019, 09:15