mobil versiya

İcra başçılarının, nazir müavinin mülklərinin taleyi: çantalardakı dollarlar hardadır?




Həbs edilən icra başçılarının, nazir müavinin və idarə rəislərinin mənzillərindən, iş otaqlarından, avtomobillərindən çıxan külli miqdarda nağd pul və üzərinə həbs qoyulan mülklərin taleyi necə olacaq? Son günlərin müzakirə mövzularından biri də budur.

Həbs edilən məmurların mülkləri hansı halda dövlət nəfinə keçə bilər?


Tanınmış vəkil Fariz Namazlı Musavat.com-a açıqlamasında bildirib ki, həbs edilən vəzifəli şəxslərin əmlakının müsadirə edilməsi ilə bağlı yekun qərarı yalnız məhkəmə verə bilər: “Əgər məhkəmə belə nəticəyə gəlsə ki, icra başçıları və digər həbs edilən vəzifəli şəxslər həmin əmlakları cinayət yolu ilə əldə ediblər, o zaman həmin əmlaklar müsadirə edilə bilər.



Fariz Namazlı
Məsələn, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov həbs edilən zaman bütün əmlakını müsadirə etdilər. Məhkəmə belə qərara gəlmişdi ki, həmin əmlak cinayət yolu ilə əldə olunub. İndi də baxacaqlar, araşdıracaqlar ki, həbs edilən icra başçısı vəzifəyə nə vaxt gəlib, əmlaklar nə vaxt əldə edilib. Bununla da müəyyənləşdirəcəklər ki, həmin əmlakların əmək haqqı ilə alınması mümkün deyil. Bu da cinayət yolu ilə əldə edilmiş əmlak hesab olunur”.

Fariz Namazlı həbs edilən mədəniyyət nazirinin müavini Rafiq Bayramova qarşı irəli sürülmüş ittihamlardan biri- müəllimlərin maaşının mənimsənilməsini də şərh edib.



Vəkil müəllimlərin bu günə qədər mənimsənilən əmək haqlarının hansı halda qaytarıla biləcəyini izah edib: “Əgər müəllimlərdən maaşlarının bir hissəsi məcburi qaydada alınıbsa, onlar zərərçəkmiş kimi tanınır. Amma bunu araşdırmaq, aydınlaşdırmaq çox çətindir. Çünki məhkəmə həqiqətən də müəyyən etməlidir ki, nazir müavinin evindən, maşınından və ya ofisindən çıxan pul, həqiqətən də müəllimlərin maaşından alınan vəsaitdir. Hər bir halda məhkəmə yekunda buna qərar verəcək”.

DTX tərəfindən saxlanılan Rafiq Bayramovun maşınından çıxanlar ...

Vəkil Anar Məmişov isə Musavat.com-a açıqlamasında icra başçılarının, nazir müavinin evindən, ofisindən çıxan yüz minlərlə avro və dolların hazırda harada saxlandığını izah edib:

“Məhkəmə həmin əmlakları, pulları xüsusi müsadirə ilə əvəzsiz qaydada və məcbur olaraq dövlət nəfinə ala bilər.



Hazırda cinayət prosessual məcəlləsinin tələblərinə uyğun olaraq həmin əmlakların üzərinə həbs qoyulub. Əməliyyat zamanı götürülən nağd pul isə notariusda, bankda və ya istintaq orqanın saxlanc yerində saxlanılır.

BPT Azərbaycan on Twitter: "DTX tərəfindən əməliyyatla saxlanılan ...

Xüsusi müsadirədə cinayət zamanı vurulmuş ziyanın ödənilməsi məsələsi də var. Xüsusi müsadirə zamanı ilk olaraq törədilmiş cinayət zamanı vurulmuş zərər ödənilir. Əgər istintaq orqanı, məhkəmə müəllimləri zərərçəkmiş kimi tanısa, onların pulu qaytarıla bilər. Bu zaman həbs edilən şəxsdən götürülən nağd pul və ya üzərinə həbs qoyulmuş əmlak satılaraq zərər ödənilə bilər. Eyni zamanda həmin şəxslər də mülki iddia da verə bilərlər ki, pulları geri qaytarılsın”.

Anar Məmişov bildirib ki, həbs edilən şəxslər bəraət alacağı təqdirdə onların əmlakı geri qaytarılır.
MANŞET / SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 14-05-2020, 15:24