mobil versiya

Moskvadakı Azərbaycan-erməni toqquşmaları ilə bağlı ŞOK DETALLAR - ASALA...




Elnur Hüseynov: “İyulun 23-də Rusiyada bu hadisələr baş verdi, sonradan məlum oldu ki, Ermənistanın səfiri bundan iki gün əvvəl ermənilərlə görüş keçirib”

Rusiyada azərbaycanlılara qarşı ermənilərin törətdiyi təxribatçı hərəkətlər səngiyib. Amma aldığımız informasiyalar əsasında ortaya çıxan təhlillər belə qənaət yaradır ki, Rusiyadakı erməni-azərbaycanlı qarşıdurmasının alt qatında digər niyyətlər olub. Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov Musavat.com-a ən son vəziyyət, hüquqi müstəvidə aparılan mübarizə, həbsdəki soydaşlarımızın durumu barədə geniş məlumat verdi və olduqca ilginc bilgiləri ilk dəfə bizə açıqladı.

- Elnur bəy, biz “Yeni Müsavat” Media Qrupu olaraq davamlı şəkildə Rusiyadakı azərbaycanlılar ətrafında baş vermiş hadisələri, erməni təxribatlarını izləyirik, oxucularımızı, izləyicilərimizi məlumatlandırmağa çalışırıq. İstərdik hazırkı durum haqda sizdən öyrənək: Rusiyada soydaşlarımızla bağlı vəziyyət necədir?

- Artıq stabillik yaranıb, sakitlikdir. Biz də Rusiya Azərbaycanlıları İttifaqı olaraq Rusiyada bu işlərlə məşğul oluruq. Soydaşlarımız, ictimai təşkilatlar tərəfindən Rusiya Azərbaycanlıları İttifaqına çoxsaylı müraciətlər oldu. Biz də bu məsələlərlə ciddi şəkildə məşğul olduq və məşğul olmaqdayıq. Onu deyə bilərəm ki, son hadisələrə görə 25 nəfər soydaşımız həbs olunmuşdu, amma Rusiya Azərbaycanlıları İttifaqının, dostların, ziyalılarımızın, vəkillərimizin səyi nəticəsində 14 nəfərin azadlığına nail olduq. Hazırda barəsində qətimkan tədbiri seçilənlərimizin sayı 11-dir. Onların 4-ü Azərbaycan, 7-si Rusiya vətəndaşıdır. Soydaşlarımız Moskvanın müxtəlif rayonlarının polis şöbələrində saxlanılır. Onlar barədə Moskva hüquq mühafizə orqanlarının tələbilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edim ki, ilk günlərdə hardasa 40-a yaxın saxlanılan var idi. İndi də müəyyən hüquqi proseslər gedir, onlarla əlaqədar çalışırıq, hüquqşünaslar işləyir. 11 vəkilimiz var, hər saxlanılan soydaşımıza bir vəkil tutmuşuq. Koordinasiyalı şəkildə işləyirlər.


“Moskvadakı soydaşlarımızın obyektinə hücum olan zaman da ASALA loqolu əlcəklərdən istifadə edilib”


- Bir azərbaycanlı polis tərəfindən saxlanılarkən xəsarət almışdı. Onun durumu necədir?

- Xəstəxanada müalicə olunur. Qabırğası qırılıb, barmağı çıxıb. Amma qardaşımızın vəziyyəti yaxşılaşır.

- Saxlanılan ermənilərin sayının 13 nəfər olduğu xəbəri var idi. Onlar barədə son məlumat necədir?

- Erməni tərəfdən saxlanılan və qətimkan tədbiri seçilənlər 13 nəfər idi, 1 nəfər sərbəst buraxılıb. Amma12 nəfər barədə həbs qətimkan tədbiri seçilib. Deməliyəm ki, saxlanılanların sayının artması ehtimalı var. Belə ki, hadisələrlə əlaqədar 7 erməni, 3 azərbaycanlı axtarışdadır. İnzibati şəkildə cəzalandırılanlar, cərimələnən, yaxud 10 günlük saxlanılanlar da olub.

- Saxlanılanların təqsiri sübuta yetirilsə, azı 3 illik həbsdən söhbət gedir, eləmi?

- Bəli. 3 ilə qədər həbs gözlənilir. Onlar mütəşəkkil qaydada xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.

- Saxlanılan ermənilərin sayının az olması nədən irəli gəlir, himayə olunurlar? Yoxsa başqa obyektiv səbəb var?

- Yox. Mən istərdim sizin oxucularınıza çatdırım ki, ermənilər bu aksiyanı koordinasiyalı şəkildə keçiriblər. Bu aksiya əvvəlcə ABŞ-da başladı. Bizə xəbərlər gəlib ki, bu hadisələri başladan ASALA terror təşkilatıdır. Hansı ki, uzun müddət idi bu təşkilatdan səs-soraq çıxmırdı. Lakin qəfildən bu terror təşkilatının loqoları, şüarları, maykaları ABŞ-da, Avropada, hətta Rusiyada ortaya çıxdı. Hətta Moskvadakı soydaşlarımızın obyektinə hücum olan zaman da ASALA loqolu əlcəklərdən istifadə edilib. Deməli, bunlar hazırlıqlı, planlı şəkildə bu hadisələri törədiblər. Ona görə də bizdə belə bir qənaət formalaşıb ki, ABŞ-dakı erməni lobbisindən gələn təlimatla ermənilərə əmr veriblər ki, bunlar ayrı-ayrı ölkələrdə stabilliyi pozsunlar. Əsasən də Rusiyada milli məsələləri qaldırsınlar, etnik qarşıdurmalar yaratsınlar, əllərinə keçənləri döysünlər, onlara təzyiq etsinlər.

- Rusiyadakı soydaşlarımız necə davrandılar bu təxribatların qarşılığında?

- Əlbəttə ki, bizim soydaşlarımız aktiv oldular. Bəli, koordinasiyalı şəkildə hərəkət yox idi. Sadəcə, insanların şəxsi istəyi idi ki, bu məsələlərə aydınlıq gətirsinlər və onlara qarşı dursunlar. Burada 7 hadisə qeydə alınıb ki, onlardan da 6-da ermənilər azərbaycanlılara hücum edib. Ermənilər azərbaycanlılara qarşı milli zəmində hücuma keçmək istəyirdi. Bu da onu göstərir ki, baş verənlər böyük bir planın tərkib hissəsidir. Çünki bunlar hər yerdə təxribatlara əl atırdılar. Planlaşdırılmış olduğunu həm də onların bir sıra hərəkətləri təsdiqləyirdi, törətdikləri vandal hərəkətləri çəkir, sosial şəbəkələrdə paylaşırdılar, ASALA-nı reklam edirdilər. Terror təşkilatı olan ASALA Rusiya üçün, ümumiyyətlə, dünya üçün böyük bir təhlükədir.


Bizim aldığımız xəbərə görə, Rusiyanın sırf ermənilər yaşayan bölgələrində təlim almış ASALA təşkilatının və Amerikadan yönəldilən, həmçinin Paşinyan rejiminin dəstəklədiyi qruplar gəlib, Moskvaya, Krasnodar vilayətinə, Stavropol vilayətinə, xüsusən də Soçiyə. Ona görə də biz Rusiya Azərbaycanlıları İttifaqı olaraq DİN-lə, vilayət hökumətləri, sədrləri və yerli bələdiyyələrlə əlaqəyə çıxırıq. Çünki o regionlar bizimçün çox vacibdir, orda bizim nümayəndəliklər var. Armavir şəhərində (Krasnodar vilayəti-red.) ermənilər çoxluq təşkil edir, orda 70 faiz erməni yaşayır, əhalinin 20 faizi ruslar, 10 faizi digər millətlər və azərbaycanlılardır. Təsəvvür edin, bunlar elə Armavirdə balaca bir Ermənistan qurublar. Biz orda çox aktiv iştirak edərək dəyirmi masa təşkil etdik. Erməni diasoprunun nümayəndələri ilə bizim Rusiya Azərbaycanlıları İttifaqının təmsilçiləri dəyirmi masa arxasında əyləşib bütün bu məsələləri müzakirə etdilər ki, bu təxribatlar orda da baş verməsin. DİN nümayəndələri, Armavir vilayətinin rəhbərliyi, qubernator müaqvinləri və nazirlər də iştirak edirdilər.

“Biz də Rusiya Azərbaycanlıları İttifaqı olaraq informasiya müharibəsində onlara məğlub olmadıq, sözümüzü hər yerdə dedik”

- Sizin dedikləriniz çox ciddi məsələlərdir. Belə çıxır ki, əslində plan təkcə azərbaycanlılara qarşı düşünülməyib, burada həm də Rusiya dövlətinə qarşı hansısa güc mərkəzlərinin hazırladığı və ermənilərin “maşa” statusunda çıxış etdiyi plandan söhbət gedir. Rusiyanın hüquq mühafizə orqanları ermənilərin və onları təlimatlandıranların bu planlarından nə dərəcədə məlumatlıdırlar?

- Biz müəyyən orqanlara məktublar yazıb göndərmişik. Rusiya Daxili İşlər, Xaici İşlər nazirliklərinə, prezident Putinin adına, Dövlət Dumasına yazmışıq ki, biz Rusiya vətəndaşları olan azərbaycanlılar kimi, bu siqnalları sizə ötürürük. Həmçinin biz də istəyirik ki, hüquqlarımız qorunsun və heç bir qeyri-millət bir-birinə bu ölkədə təhlükə törətməsin. Prezident Aparatından bizim məktubumuza cavab verilib ki, müraciətiniz Rusiya hüquq mühafizə orqanlarına göndərilib və son nəticələr barədə məlumat veriləcək.

- Həbs olunanlar arasında ASALA üzvləri də varmı?

- İndi biz onu araşdırırıq. Təssüflər olsun ki, erməni lobbisi Rusiyada çox güclüdür və ermənilər bu məsələlərdə çox aktivdirlər. Çünki onların arxasında Paşinyan rejimi dayanır. Həmçinin Ermənistanın Rusiyadakı səfiri (Vardan Toqanyan-E.P.) hər gün Rusiya erməniləri ilə görüşlər keçirir. İyulun 23-də bu hadisələr baş verdi, sknradan öyrəndik ki, ondan iki gün əvvəl erməni səfir Rusiyadakı ermənilərlə görüş keçirib. Görüşdən iki gün sonra isə Rusiyada azərbaycanlılara qarşı bu hadisələr başladı.

- Deməli, Rusiya erməniləri təlimatları səfirdən alır?



- Bizim belə bir qənaətimiz var. Necə ki, Los-Ancelesdə əvvəlcədən 3 min nəfər hazırlıqlı ASALA üzvləri və orda yaşayan ermənilər 40-50 azərbaycanlıya hücum etdilər, ordan da bu hadisələr bütün dünyaya yayıldı, deməli, sonra baş verənlər də təsadüf olmayıb, hazırlanmış ssenari olub. Yəni ermənilər tərəfindən planlı şəkildə azərbaycanlılara qarşı törədilmiş hərəkətlər idi.

- Elnur bəy, Rusiyada ermənilərlə azərbaycanlılar arasında toqquşmaların növbəti dəfə baş verməsi ehtimalı nə qədərdir?

- Bizim qeyrətli, namuslu, ürəyi vətəni ilə döyünən qardaşlarımız, xüsusən gənclərimiz özləri ayağa qalxdılar, bir yerdən təimat almadan qrup şəklində müəyyən azərbaycanlılara məxsus obyektləri qorumağa çıxdılar. Biz də əlbəttə ki, hər zaman təşkilat olaraq onlarla interaktiv şəkildə əlaqə saxlayırdıq, onlara məsləhətlər verirdik ki, təxribatlara getməyin, ermənilər hücum edəndə belə, siz onlara dəyməyin, özünüzü qoruyun, bacarın bir-iki nəfəri yaxalayın və polisə təslim edin! Əlbəttə ki, bizim gənclər bu məsələnin üzərində ciddi şəkildə işləyəndən sonra ermənilər gördülər ki, biz burda onların dediyi qədər zəif deyilik. Biz özümüzü itirmədik, hay-küyə, təxribata getmədik, kompleks şəkildə onlara cavab verdik. Bundan sonra ermənilərdən bizə dəyirmi masa arxasında əyləşmək təklifi gəlməyə başladı. Rusiya oliqarxı Sarkisovun "mən Azərbaycan iş adamlarına dəymiş zərəri ödəməyə hazıram", deməsi adi məsələ deyildi. Bu, o deməkdir ki, onlar bu hadisələri törətdiklərinə görə özlərini günahkar hiss etdilər və bu, hadisələrin ilk olaraq ermənilər tərəfindən törədilməsinə dəlildir. Bəli, onlar boynuna aldılar ki, hadisələri törədiblər, ziyan vurublar, indi də azərbaycanlı iş adamlarına dəymiş zərəri ödəmək istəyirlər.


“Bundan sonra ermənilərdən bizə dəyirmi masa arxasında əyləşmək təklifi gəlməyə başladı”


- Ola bilər ki, bu, həm də “özünü yaxşı göstərmək” məkrindən irəli gələn hiyləgər bir gedişdi. Azərbaycanlı iş adamlarının reaksiyası necə oldu, qəbul etdilərmi təklifi?


- Xeyr. Onu da deyim ki, Fizuli Məmmədovun rəhbərliyi altında zərər çəkmiş iş adamlarımızla mütəmadi olaraq görüşlər keçirildi, onların obyektlərinə hansı zərərin dəydiyi araşdırılıb. Müəyyən obyektlər var ki, sığortalıdır, zərər ödənilir. Kimlərin ki, köməyə ehtiyacı var, Rusiya Azərbaycanlıları İttifaqı dəstək verəcək. Bu günlərdə Füzuli Məmmədovun da bir çıxışı oldu, qeyd etdi ki, dəymiş zərəri Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun büdcəsindən ödəməyə hazırdır.

- Bu prosesdə Azərbaycanın Rusiyadakı səfirliyi ilə intensiv əlaqələr varmı?

- Biz Azərbaycan səfirliyi ilə mütəmadi əlaqə saxlayırıq. Onlar da maraqlanırlar. Çünki saxlanılanlar arasında 5 nəfər Azərbaycan vətəndaşı var. Əlbəttə, biz də təşkilat olaraq saxlanan Azərbaycan vətəndaşları ilə də məşğuluq. Biz öz soydaşlarımızı bunlara yem etmək istəmirik və etmərik də! Səfirlik mütəmadi şəkildə maraqlanır, daim əlaqədə olur. Ancaq istərdik ki, bu məsələlərdə daha yaxından iştirak etsin, millətimizə, soydaşımıza dayaq olsun.

- Biz bilirik ki, ermənilər Rusiya mətbuatında üstün mövqelərə malikdirlər və belə situasiyalarda təbliğat resurslarından gen-bol bəhrələnirlər. Bəs, Azərbaycan diasporunun necə, Rusiya mediasından istifadə imkanları genişdirmi?




- Biz bunu etiraf etməliyik ki, “Qazprom-Media” kimi, Marqarita Simonyan, Qarik Martirosyan, Kalantaryan kimi burada mətbuatı əlində tutan insanlar var. Biz əlbəttə, onlarla mübarizə aparırıq. Ancaq etiraf edək ki, bizim gücümüz çox zəifdir. Rusiya mətbuatında bizim gücümüz çox az eşidilir. Əlbəttə ki, xüsusi tanışlıqlarla biz hansısa bir məqama gəlib çatırıq, məsələn, “RİA Novosti” Rusiya Azərbaycanlıları İttifaqının mövqeyini verdi, biz onlara minnətdarıq, 100 milyonluq auditoriyası olan RBK verdi, Lenta.ru yaydı. Yaxud “Komsomolskaya pravda”, “Radio svaboda”...Bu kimi nəticələr böyük çətinliklə əldə olunur. Ancaq Rusiya mediasının 90 faizi ermənipərəst və ermənilərə işləyən, bilavasitə ermənilərin təlimilə Rusiya mediasını idarə edən insanların əlindədir.

- Ümumiləşdirsək, Rusiyadakı azərbaycanlılar üçün həyat öz axarına qayıdıb, hüquqi müstəvidə proses gedir, eləmi?

- Bəli. Biz də Rusiya Azərbaycanlıları İttifaqı olaraq informasiya müharibəsində onlara məğlub olmadıq, sözümüzü hər yerdə dedik. Müəyyən məqalələr də yazıldı, informasiya meydançalarında bizim sitatlarımız, məqalələrimiz dərc olundu. Əlbəttə ki, biz Rusiya ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırırıq və daim buna çalışırıq. İnşallah da bu işimizi davam etdirəcəyik.
MANŞET / MARAQLI / SON XƏBƏR / GÜNDƏM
Tarix: 2-08-2020, 13:30