İraq və İordaniya Bəsrə-Əqəbə strateji neft boru kəməri layihəsinin həyata keçirilməsini sürətləndirəcək

İraq Baş nazirinin ofisinin açıqlamasına görə, İraq və İordaniya iki ölkənin ən böyük birgə enerji investisiyalarından biri olan Bəsrə-Əqəbə Strateji Neft Boru Kəməri Layihəsinin həyata keçirilməsini sürətləndirmək barədə razılığa gəliblər.
Razılıq cümə axşamı İraq Baş naziri Əli əl-Zeydi ilə layihənin son inkişaflarını müzakirə etmək üçün Bağdada səfər edən Sənaye, Ticarət və Təchizat naziri Yarub əl-Qudanın rəhbərlik etdiyi İordaniya nazirlər heyəti arasında görüş zamanı əldə edilib.
Tərəflər 1700 kilometr (1056 mil) uzunluğunda və gündə 2,5 milyon barelə qədər neft nəql etməsi planlaşdırılan boru kəmərinin həyata keçirilməsini sürətləndirmək məsələlərini müzakirə ediblər. Həmçinin sənaye, nəqliyyat və investisiya sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini də müzakirə ediblər.
Əl-Zeydi İordaniyanı İraq üçün vacib strateji tərəfdaş adlandırıb, əl-Quda isə Əmmanın İraqın iqtisadi islahat prosesini tam dəstəklədiyini bildirib.
Boru kəmərinin fiziki tikintisinə ötən il başlayıb. Layihə İraqın neft ixrac marşrutlarını şaxələndirmək, Körfəz limanlarından asılılığını azaltmaq və eyni zamanda İordaniyaya endirimli neft tədarükü və tranzit gəlirləri təmin etmək məqsədi daşıyır.
İraq Nazirlər Kabineti Bəsrə-Əqəbə Strateji Neft Boru Kəməri Layihəsi ilə bağlı müqaviləni 11 yanvar 2022-ci ildə təsdiqlədi. Boru kəməri İraqın cənubundakı Bəsrə şəhərindən İordaniyanın Qırmızı dənizdəki Əqəbə limanına xam neft nəql etmək üçün nəzərdə tutulub.
İraq hökuməti layihə üçün 2024-cü il büdcəsində maliyyə ayırıb. İraqdakı bəzi qruplar layihəyə qarşı çıxıb və iddia edirlər ki, bu, İsrail ilə münasibətlərin normallaşdırılmasını asanlaşdırmaq məqsədi daşıyır.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:20


























