Teoloji diplomatiyanın geosiyasi kodu: Dövlət yas mərasimlərində Quran ayələrinin strateji təhlili

Yaxın Şərqin mürəkkəb siyasi ekosistemində din və dövlət idarəçiliyi əsrlər boyu bir-birini tamamlayan və bəzən də birbaşa müəyyənləşdirən iki əsas sütun kimi çıxış etmişdir.
Müasir beynəlxalq münasibətlər nəzəriyyəsi dövlətlərin xarici siyasətini əsasən praqmatik maraqlar, hərbi-iqtisadi güc balansları və rasional qərarlar üzərindən təhlil etsə də, bu regionda dini-teoloji simvolizm və dövlət ritualları diplomatik dilin ən təsirli alətlərinə çevrilə bilir. Dövlət səviyyəli yas və anım mərasimləri bu kontekstdə sadəcə hüzn ifadəsi və ya protokol xarakterli rəsmiyyət deyil, həm də paytaxtların öz müttəfiqlərinə, tərəfdaşlarına və regional rəqiblərinə birbaşa geosiyasi mesajlar göndərdiyi yüksək səviyyəli diplomatik platformalardır.
Bu fenomenin ən bariz və teoloji baxımdan zəngin nümunələrindən biri, İranın sabiq ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimi zamanı tətbiq olunan xüsusi yas protokoludur. Belə ki, mərasimində iştirak edən xarici nümayəndə heyətləri ayrı-ayrılıqda tabutun qarşısına gələrək ehtiram nümayiş etdirərkən, rəsmi dövlət qariləri tərəfindən hər bir ölkə üçün xüsusi Quran ayələri oxunmuşdur. Bir çox sosial şəbəkə istifadəçiləri və beynəlxalq ekspertlər hər ölkə üçün seçilən Quran ayələrin məzmununa diqqət yetirib, onların arxasında “gizli siyasi mesajların və eyhamların” dayandığını bildiriblər. Onların rəyinə görə, seçilən ayələr hər bir ölkənin İranla mövcud ikitərəfli əlaqələrini, tarixi-mədəni bağlarını, regional statusunu və gələcək əməkdaşlıq perspektivlərini ehtiva edən strateji teoloji kodlaşdırma sistemidir. İrandakı son müharibədən sonra Tehranla region ölkələri arasında yaranan həssas münasibətləri nəzərə alsaq, bu məsələ həqiqətən də xüsusi diqqət çəkir. Buna görə İrana qonşu dövlətlər, müharibədən təsirlənən ərəb ölkələri, eləcə də müsəlman dünyasının nüfuzlu ölkələrində bu məsələyə birmənalı yanaşılmamışdır.

Mövzunun daha anlaşıqlı olması üçün bəzi ölkə nümayəndələrinin qarşılanması zamanı oxunan Quran ayələri və onların qısa strateji təhlilini aşağıda qeyd edək:
Azərbaycan nümayəndə heyəti cənazənin qarşısına gələrkən qari tərəfindən Ali-İmran surəsinin 139-cu ayəsi tilavət edilmişdir:
“Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz!”
Bu ayənin seçilməsi regional geosiyasət müstəvisində Azərbaycanın son illərdə əldə etdiyi inamlı qələbələrə və bölgədəki artan nüfuzuna bir işarə kimi qiymətləndirilə bilər. Tehran, Bakının bu tarixi nailiyyətlərini və qətiyyətli müstəqil xarici siyasət kursunu tanıdığını və ikitərəfli münasibətlərdə ruhdan düşməməyin, nikbinliyin vacibliyini teoloji dillə ifadə edir.
Türkiyənin nümayəndə heyəti qarşılanarkən Nisa surəsinin 95-ci ayəsindən bu hissə oxunub:
“Allah öz malları və canları ilə cihad edənləri evdə oturanlardan dərəcə etibarilə üstün etdi. Allah onların hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir.”
Bu ayə bir çoxları tərəfindən Türkiyənin regional təhlükəsizlik siyasətindəki aktiv və üstün roluna işarə kimi dəyərləndirilir.
Pakistan nümayəndə heyəti üçün İsra surəsinin 80-ci ayəsi tilavət olunub:
“De: “Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver”.”
Əksər rəylərə görə bu ayə vasitəsi ilə son müharibə zamanı Pakistanın uğurlu vasitəçilik yardımına verilən dəyər ifadə olunur.
Səudiyyə Ərəbistanı heyəti daxil olarkən Ali-İmran surəsinin 13-cü ayəsi oxunmuşdur:
“Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.”
Bu ayə yeddinci əsrdə müsəlmanlar ilə bütpərəstlər arasında baş vermiş məşhur Bədr döyüşünə istinad edir. İslam tarixinin bu ilk böyük döyüşü, daha az saya və məhdud resurslarına baxmayaraq müsəlmanların qələbəsi ilə başa çatmışdır. Qeyd edilən ayənin seçimi beynəlxalq mediada və sosial şəbəkələrdə geniş rezonansa və böyük mübahisələrə səbəb olmuşdur. Bir sıra İran media orqanları ayənin seçilmə məqsədini konkret açıqlamasa da onu “mənəvi və siyasi mənalı bir mesaj” kimi qələmə veriblər. Bəzi ekspertlər mərasimdə bu ayənin oxunmasını Riyad və Tehran arasındakı tarixi-siyasi rəqabətin keçmişinə işarə kimi qiymətləndirsələr də, ayənin sonundakı “bəsirət sahibləri üçün bir ibrət” ifadəsi regionun iki böyük gücünü keçmiş ixtilaflardan dərs çıxarmağa və ortaq İslam həmrəyliyinə səsləyən yüksək bir çağırış kimi də dəyərləndirilə bilər.
Qətər nümayəndə heyəti üçün Fəth surəsinin ilk ayələri səsləndirilmişdir:
“Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə yenilməz bir qələbə ilə kömək etsin.” (Fəth, 1–3).
Bəzi şərhçilər ayədəki “günah” sözündən çıxış edərək, eyhama mənfi mənalar yükləməyə çalışsalar da, real kontekstdən yanaşıldıqda bunun yanlış nəticə olduğunu aydın görmək olar. Qətər, xüsusilə Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar və nüvə danışıqları zamanı Tehran ilə Vaşinqton arasında mühüm vasitəçi və maliyyə kanallarını təmin edən neytral platforma rolunu oynamışdır. Bu nəzərə alındıqda, oxunan ayələr İranın Doha ilə mövcud əməkdaşlıqdan razılığını və gələcək əməkdaşlığa açıqlığını simvolizə edən bir jest kimi qəbul edilə bilər.
Oman və İraqın rəsmi heyətləri qarşılanarkən hər ikisinə Fəth surəsinin 29-cu ayəsi (“Məhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə rəhmlidirlər...”) oxunmuşdur. Bu seçim İraq və Omanın İslam dünyasındakı birləşdirici roluna və İranla mövcud olan sıx strateji tərəfdaşlığa dəlalət edir.
Misir nümayəndə heyəti üçün Beyyinə surəsinin 7-8-ci ayələri tilavət olunub: “Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər yaradılmışların ən yaxşısıdırlar. Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür.”
Misir nümayəndə heyətinə məhz bu ayələrin oxunması xeyli marağa səbəb olmuşdur. Misirin İslam mədəniyyətindəki elmi ağırlığı, əl-Əzhər kimi minillik təhsil institutunun mövcudluğu Qahirəyə qarşı hər zaman xüsusi ehtiramın göstərilməsini şərtləndirmişdir. “Yaradılmışların ən yaxşıları” və “Allahın onlardan razı olması” vurğusu Misir xalqının və onun intellektual elitasının İslam sivilizasiyasındakı misilsiz yerinə verilən ali teoloji qiymətdir. Bu, iki ölkə arasındakı gələcək ikitərəfli əlaqələrin ortaq elmi və mənəvi irs üzərində qurulması arzusunun diplomatik ifadəsidir.
Livan Hökumətinin nümayəndə heyəti qarşılanarkən Nisa surəsinin 66-cı ayəsi oxunuldu:
“Əgər Biz onlara: “Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!”– deyə buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.”
Bu ayə ilə verilən mesajla bağlı müxtəlif fikirlər var. Bəzilərinə görə Livan hökumətinin nümayəndə heyətinə bu ayənin oxunması olduqca sərt və çağırışedici bir mesaj kimi qiymətləndirilə bilər. Belə ki, ayə, çətin əmrlərə tabe olmaqda tərəddüd edənlərdən bəhs edir. Livan hökumətinin Hizbullahın da daxil olduğu mürəkkəb siyasi quruluşu və Tehranın Livandakı təsiri nəzərə alındıqda, bu ayə İranın Livanın daxili siyasətində öz xəttini izləməsini gözlədiyinin simvolik ifadəsi kimi də şərh olunur.
Digər rəylərə görə bu, ayənin seçilməsi Livanın mürəkkəb daxili siyasi sarsıntılarına, xalqın və dövlətin bütövlüyünü qorumaq naminə göstərdiyi ağır sosial fədakarlıqlara və bu fədakarlıqların milli birliyin qorunması üçün nə dərəcədə əhəmiyyətli olduğuna işarə edir.
Ermənistanın rəsmi nümayəndə heyəti üçün isə Əhqaf surəsinin 13-cü ayəsi oxunmuşdur:
“Həqiqətən də, “Rəbbimiz Allahdır!“ deyib, sonra düz yolla gedənlər üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.”
Qeyri-müsəlman olan Ermənistanın heyəti qarşısında bu ayənin oxunması ilk baxışdan teoloji bir paradoks kimi görünə bilər. Lakin Şərq diplomatiyası və Qurani-Kərimin fəlsəfəsinə əsaslanaraq qeyd etmək olar ki, buradakı mesaj sırf siyasi sabitliyə və “istiqamətə” (düz yolda olmağa, verilən vədlərə sadiqliyə) yönəlmişdir. Güman etmək olar ki, İran bu ayə ilə İrəvanın Qərbyönümlü xarici siyasət kursunu dəyişməsinə incə bir xəbərdarlıq edir; rəsmi müstəvidə bu, Ermənistanın mövcud regional reallıqlar çərçivəsində sabit və proqnozlaşdırıla bilən siyasət yürütməsinin onun öz təhlükəsizliyi üçün mühüm olmasına verilən teoloji zəmanət kimi də oxuna bilər.
Mərasimdə Tehranın “Müqavimət Oxu” adlandırdığı regional proksi və partnyor qüvvələrə – məsələn, Livanın Hizbullah, Fələstinin Həmas, Yəmənin Husi hərəkatlarının nümayəndələrinə münasibətdə isə yas protokolunda sırf mənəvi səfərbərlik, ideoloji həmrəylik və dözümlülük xarakteri daşıyan ayələr xüsusi qabardılmışdır (Ali İmran 139,146; Əhzab 23).
Yuxarıda qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, İranın dövlət yas mərasimlərində Quran ayələrinin xüsusi olaraq hər bir xarici nümayəndə heyətinə uyğun seçilməsi təsadüfi bir dini protokol deyil, əvvəlcədən dərindən planlaşdırılmış teoloji xarici siyasət diplomatiyasıdır. Hər bir ölkənin nümayəndə heyəti qarşısında oxunulan ayələr, təkcə ikitərəfli münasibətlərin bu gününü əks etdirmir, həm də gələcək regional nizam və əməkdaşlıq fəaliyyətlərinin istiqamətini müəyyən edən strateji teoloji simvoldur.
Region ölkələri və beynəlxalq münasibətlər üzrə analitiklər bu “teoloji-diplomatik kodları” düzgün oxumalı və qiymətləndirməlidirlər. Bu analizlər göstərir ki, Yaxın Şərq və Cənubi Qafqaz regionunda dayanıqlı sülhün və qarşılıqlı təhlükəsizliyin təmin olunması üçün dövlətlərin yalnız hərbi və iqtisadi addımlarını deyil, həm də onların daxili dünyagörüşünü, rəsmi rituallarını və müqəddəs mətnlərə əsaslanan mənəvi mesajlarını dərindən başa düşmək zəruridir. Teoloji diplomatiyanın bu dərin qatları, gələcək əməkdaşlıq və regional tərəfdaşlıq perspektivlərinin daha sarsılmaz əsaslar üzərində qurulmasına yol aça bilər. (“Atlas” Araşdırmalar Mərkəzi)
Rasim Abdulla
Şərqşünas araşdırıcı
Reportyor.az
BANNER / KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:09


























