Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək?

2026–2028-ci illər üçün rəqəmsal inkişaf üzrə Fəaliyyət Planında diqqətçəkən məqamlardan biri də “Milli GPU əsaslı Superkompüter Mərkəzi”nin yaradılması ilə bağlı hədəfdir.
Sənədə görə, bu proses 2026-cı ilin sonuna qədər başa çatdırılmalıdır.
Vaxta da az qalıb.
Amma maraqlı və hələlik açıq qalan əsas sual budur ki, görəsən bu “Milli” status hansı mövcud infrastruktura veriləcək?
Hazırda Azərbaycanda artıq iki böyük superkompüter infrastrukturu formalaşdırılıb:
• AzInTelecom xəttilə Lenovo texnologiyası əsasında Yevlaxda qurulan və NVIDIA H200 GPU çipləri üzərində fəaliyyət göstərən Superkompüter Mərkəzi
• İqtisadiyyat Nazirliyinin dəstəyilə Caspel şirkəti tərəfindən DELL texnologiyaları əsasında NVIDIA H200 GPU çipləri ilə qurulan Supercomputer Mərkəzi
Hər iki layihə dövlət dəstəyi ilə qurulub və hər ikisi süni intellekt, yüksəksəviyyəli hesablama və böyük həcmli məlumatların emalı üçün ciddi imkanlar təqdim edir.
Amma maraqlıdır ki, dövlət sənədində artıq konkret olaraq “Milli GPU əsaslı Superkompüter Mərkəzi” anlayışı ortaya çıxır.
Bu isə belə bir ehtimal yaradır ki, mövcud iki mərkəzdən birinə “Milli status” veriləcək. Bundan sonra da dövlət resurslarının, strateji AI layihələrinin və hesablama gücünün daha çox həmin milli statuslu mərkəzdə cəmləşdirilməsinə üstünlük verilə bilər.
Digər ehtimal isə odur ki, hökumət tamam yeni, daha böyük və yeni nəsil milli hesablama infrastrukturu qurmağı planlaşdırır və məhz ona “Milli” statusu veriləcək.
Əslində regionda baş verənlər fonunda bu variant da tam istisna deyil. Çünki hazırda Azərbaycanda mövcud olan Sİ üçün hesablama infrastrukturu region ölkələri ilə müqayisədə hələlik kifayət qədər məhduddur. Özəl sektor da daxil olmaqla bu istiqamətə yatırılan investisiyanın həcmi təxminən 20–30 milyon manat civarında qiymətləndirilir.
Halbuki qonşu ölkələr artıq bu sahəyə yüz milyonlarla, hətta milyardlarla dollar investisiya yatırırlar. Süni intellekt yarışında əsas üstünlük artıq təkcə proqram təminatı ilə yox, hesablama gücü, GPU infrastrukturu, enerji resursları və data mərkəzləri üzərindən formalaşır.
Xatırlayıram ki, cari ilin əvvəlində Prezident İlham Əliyevin yanında keçirilən “rəqəmsal arxitektura” mövzusundakı müşavirədə də məhz bu tip infrastrukturun qurulması ilə bağlı xüsusi tapşırıqlar verilmişdi. Bu baxımdan Azərbaycan hökumətinin daha böyük və strateji miqyaslı Sİ infrastrukturu hədəfləməsi mümkündür.
Digər maraqlı məqam isə budur ki, artıq qurulan bu mərkəzlərin xidmət modelləri, tarifləri, startaplar, universitetlər və tədqiqat qurumları üçün çıxış mexanizmləri barədə hələ də detallı ictimai məlumat yoxdur. Halbuki Fəaliyyət Planında innovativ startaplar və elmi təşkilatlar üçün kvotalar əsasında çıxışın təmin ediləcəyi ayrıca qeyd olunur.
Görünür, ilin sonuna doğru bu məsələyə, kimin "MİLLİ" status alacağına aydınlıq gələcək. Çünki artıq söhbət sadəcə server və GPU alınmasından yox, ölkənin gələcək süni intellekt və rəqəmsal iqtisadiyyat arxitekturasından gedir.
Xatırladıram ki, Prezidentin 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilən Fəaliyyət Planına əsasən, Rəqəmsal İnkişaf Şurası bu tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirir. Şuranın Katibliyi funksiyasını isə RİNN reallaşdırır.
Lakin hələlik Katiblik tərəfindən Fəaliyyət Planının icrası istiqamətində biznes və ictimaiyyət üçün detallı açıqlamalar verilməyib.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:19


























