NVIDIA ilə əməkdaşlıq: Azərbaycan üçün yeni mərhələnin başlanğıcı

Ötən gün Azerconnect Group ilə NVIDIA arasında tərəfdaşlıq müqaviləsinin imzalanması haqqında məlumat yayılıb.
Düşünürəm ki, bu, Azərbaycanın rəqəmsal inkişaf gündəmi baxımından strateji əhəmiyyət daşıyan hadisədir.
Dünyanın ən güclü texnologiya şirkətlərindən birinin Azərbaycan bazarında yerli tərəfdaş seçməsi ölkənin texnologiya sektoruna və biznes mühitinə marağın artdığını göstərir.
Əlbəttə, ölkədə indiyədək NVIDIA GPU-ları əsasında 2 böyük layihə , superkompüter mərkəzləri qurlulub.
Lakin bu daha çox NVİDİA ilə avadanlıq və texnoloji həll səviyyəsində əməkdaşlıq idi. İndiki razılaşmanın fərqi ondadır ki, burada artıq birbaşa korporativ tərəfdaşlıq və gələcək strateji layihələrdən söhbət gedir.
İlkin mərhələdə GeForce NOW xidmətinin təqdim olunması nəzərdə tutulur. Bu xidmət istifadəçilərə güclü kompüter almadan, oyunları internet üzərindən bulud platformasında işlədərək istifadə etmək imkanı yaradır.
Bu tərəfdaşlıqla ölkədə bulud texnologiyalarına maraq artacaq, rəqəmsal əyləncə bazarı genişlənəcək və yüksək sürətli internetə tələbat yüksələcək.
Daha vacib hissə isə gələcək planlardır: süni intellekt əsaslı şəbəkələr, 6G infrastrukturu və AI data mərkəzləri. Əgər bu istiqamətlər real layihələrə çevrilərsə, Azərbaycan region üçün rəqəmsal infrastruktur və hesablama gücü təqdim edən mərkəzə çevrilə bilər.
Xatırladıram ki, bir müddət öncə Prezident İlham Əliyev çıxışlarında ölkədə data mərkəzlərinin qurulmasına və süni intellektin inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan da Azerconnect Group-rəhbəri Emil Məsimovun dünya nəhəngi NVİDİA ilə imzaladığı tərfdaşlıq çox təqdirəlayiqdir.
Qeyd edək ki, ötən ilin sonunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də NVIDIA rəhbərliyi ilə görüş keçirmişdi.
Görüşdə süni intellekt və yüksək hesablama texnologiyaları üzrə Azərbaycanla əməkdaşlıq imkanlarını müzakirə etmişdi. Bu da göstərir ki, hazırkı razılaşma təsadüfi deyil, ölkədə bir qədər ləng olsa da son zamanlar formalaşan strateji xətt davam etdirilir.
Əlbəttə, bu əməkdaşlıq çox sevindirici addımdır.
Amma artıq regionda rəqabət sadəcə xidmət satışı deyil, AI infrastrukturu və böyük texnoloji investisiyalar uğrundadır. Elə Ermənistanda, Qazaxıstanda və Özbəkistanda son zamanlar bu istiqamətdə atılan addımlar da bunu göstərir.
Ona görə də Azerconnect Group-un əldə etdiyi bu uğurlu nəticəni son nəticə yox, daha böyük və iddialı mərhələnin başlanğıcı kimi qiymətləndirmək lazımdır.
İndi əsas məsələ imzalanan razılaşmaları real layihələrə çevirməkdir.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:19


























