mobil versiya

Hadı Rəcəblidən anonim trollara çağırış : “Gəlin, üzbəüz danışaq”



Milli Məclisin komitə sədri: “Bizim dövlətimizin əleyhinə kampaniya aparanların 99 faizi kənardan  maliyyələşir”


YAP Siyasi Şurasının üzvü, Milli Məclisin (MM) komitə sədri Hadi Rəcəbli ilə müsahibəni çoxdan planlaşdırmışdıq. Lakin komitə rəhbəri Çin Xalq Respublikasına səfərin nəzərdə tutulduğunu deyərək, müsahibəni ertələməyi təklif etdi. Beləliklə, səfərdən sonra görüşümüz baş tutdu. Xatırladaq ki, səfər YAP-la Çin Kommunist Partiyası (ÇKP) arasında əlaqələrin qurulmasının 20 illiyi  münasibətilə “Xalqların rifahı naminə” mövzusunda təşkil olunmuş konfransda iştirakla bağlı idi. Facebook-dakı şəxsi səhifəsində  “Hər şey Azərbaycan üçün” qeydi ilə Çin səddindən fotolar paylaşan Hadi Rəcəbli ilə müsahibəni təqdim edirik:

- Hadi müəllim, sizin rəhbərliyinizlə böyük bir nümayəndə heyəti Çin Xalq Respublikasına səfər etmişdi. Bu səfərin ardınca Pekindən böyük bir nümayəndə heyəti Bakıya gəldi, perspektiv əlaqələrə dair açıqlamalar verildi. Elə bugünlərdə Çin nümayəndə heyəti Milli Məclis rəhbərliyi ilə görüşdü. Çin və Azərbaycan arasında bu intensiv əlaqələrin səbəbi nədir?

- Çox sağ olun ki, səfəri izləmisiniz. Çin Kommunist Partiyası YAP-ın bir qrup üzvünü Pekin və Şanxaya dəvət etmişdi. Onu deyim ki, dövlətçiliyimiz tarixində ilk dəfə belə, böyük nümayəndə heyəti Çinə getdi və çox maraqlı tərkib var idi. 19 nəfərin 7-si deputat idi, 6-sı YAP-ın təşkilat sədrləri idi. Vacib məsələ nə idi? 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçib. Bununla da Çin Xalq Respublikası qurulub. Yəni biz kommunistlərin qurduğu Çin Xalq Respublikasının 70 illik yubileyi ərəfəsində bu ölkəyə getmişdik. 90 milyondan çox üzvü olan Çin Kommunist Partiyası sayca ondan kiçik olan, amma mahiyyətcə böyük olan YAP-la ən sıx əməkdaşlıq edən partiyalardan biridir. Bu, ondan xəbər verir ki, belə bir möhtəşəm partiya bizi qəbul edir, YAP-la hesablaşır, iş metodlarını bəyənir, onunla müzakirələr aparır. Bunun da kökündə duran məsələ bundan ibarətdir ki, ulu öndər Heydər Əliyevin o vaxtlar Çinə ilk səfəri oldu. Çin bizim ərazi bütövlüyümüzü ilk tanıyan dövlətlərdən biridir. Bu ölkə daim Azərbaycanın yanında olduğunu göstərib. Son vaxtlar Azərbaycan-Çin münasibətlərindəki sizin hiss etdiyiniz bu istiliyin bir səbəbi də budur ki, bu ilin 22-27 aprel tarixlərində möhtərəm prezidentimiz İlham Əliyev cənabları Çinə səfər edib. 60 dövlətin iştirakı nəzərdə tutulan “Bir qatar-bir yol” layihəsində Azərbaycanın xüsusi yeri görünür və Azərbaycan burada aparıcı dövlətlərdən biridir. Nə üçün? Böyük İpək yolu ideyasının ortaya qoyulmasında, çəkilməsində İlham Əliyev cənablarının mühüm təşəbbüsü olub. Bu gün yük qatarının işləməsi, Ələt limanının qurulması, yüklərin daşınması istiqamətində atılan addımlar sıradan məsələlər deyil. Elə bilirsiniz Çinin başqa marşrutları yoxdur? Amma Çinin bu yolu da seçməsi, qəbul etməsi Azərbaycan rəhbərliyinə olan münasibətdir, eyni zamanda ölkəmizlə əməkdaşlıq istəyidir.

- Hadı müəllim, artıq komitə səviyyəsində ilk toplantınızı keçirmisiniz. Sizin pensiyalar və uşaqpulu ilə bağlı fikirləriniz yenə də geniş müzakirələrə səbəb oldu. Prezidentin sərəncamları bu aydan icra olunur. Bundan sonra nələr gözlənilir?

- Biz iclasımızda yaz sessiyasını dəyərləndirdik. 20 iclasda 60-a yaxın qanuna əlavə və dəyişikliklər etmişdik. Bu dəyişikliklərin böyük bir qismi prezidentimizin təşəbbüsü ilə gəlmişdi. İndi biz gələn ilin büdcəsini gözləyirik. Payız sessiyasının gündəliyində “Turizm haqqında” qanun layihəsi müzakirə ediləcək, bu layihədə çox ciddi məsələlər var. Elə Çindən gələn 200 min turistə xidmət etmək sadə məsələ deyil. Əlbəttə, payız sessiyasının ən vacib məsələsi büdcə müzakirələri olacaq. Çox təəssüf ki, bu barədə az danışırıq. Bu addımlar atılandan sonra daha çox şeylər istəyirik, bu da qanunauyğunluqdur. Amma görülən işləri də unutmamalıyıq. Mən istəyirəm bunu bizim xalqımız bilsin: təkcə bu il prezidentin atdığı mütərəqqi addımlar nəticəsində 5 milyard manatlıq sosial müdafiə artırıldı! Büdcəmizdə olan 27 faizlik sosial müdafiə gəlib 40 faizə yaxınlaşdı,  bunu biz dedik və yüksək qiymətləndirdik. Bununla yanaşı, onu da bildirdik ki, biz qarşıdakı müzakirələrdə bəzi məsələləri qaldıracağıq. Biz  əmək haqqında, pensiyada yenə də artımın olmasını gözləyirik. Gələn ilin büdcəsində bunlar gözlənilir. Düzdür, qabaqcadan rəqəm demək,  məlumat vermək tezdir. Amma gözlənilir.

fe1dd721-09d4-467d-b369-778f7ad0ee27.jpg (134 KB)

- Uşaqpulu məsələsi necə olacaq?

- Sosial müdafiədə olan məqamları biz müzakirə edəcəyik. Burada ünvanlı yardım məsələsi var. Orada özünüməşğulluğa daha çox yer veririk. Bu gün sosial müdafiənin Azərbaycan modeli ünvanlı sosial yardımdır. Bunu kim, necə müzakirə edir, etsin. Amma bizim də fikirlərimiz olacaq, bu barədə danışmışıq. Bu gün bizim komitədə, sosial müdafiə qolunda ailə, ana, uşaq sosial müdafiəsi mövzusu var. Bu mövzu bizim gündəmdə həmişə var. bundan sonra da olacaq. Amma biz ünvanlı yardım sistemini dağıdıb, başqa sistem qurmaq ideyasını nə ortaya qoyuruq, nə də o haqda danışırıq. Bütövlükdə biz yenə də sosial müdafiədə olan o qolu da müzakirə edirik və yenə də müzakirə edəcəyik. Siz görəcəksiniz ki, burada yenə də pozitiv addımlar olacaq. Xoşa gəlmək, populizm naminə qışqırmaq, danışmaq lazım deyil! Açığını deyim, biz prezidentimizdən çox şey istəyirik. Prezidentimiz xalqımızı bizdən qat-qat çox istəyir, onun atdığı addımların, səfərlərinin, görüşlərinin kökündə Azərbaycan vətəndaşı durur. Elə bizim Çinə səfərimiz zamanı konfransın adı “Xalqın rifahı naminə” idi. Onların və bizim gördüyümüz işlər. Çinlilər bizim bu istiqamətdəki modelin böyük hissəsini qəbul etdilər. Hətta bunlardan faydalanmaq üçün bizə müraciət etdilər. Yəni bu gün xalqın rifahı ön plandadır. Kim nə deyir-desin, gələn il büdcəmizdən sosial müdafiəyə əlavə 5 milyard manatlıq vəsait yönəldilibsə, bu da büdcənin 40 faizə qədərini təşkil edirsə, biz bunu necə deməyək? Bunu deməliyik və ardını da gözləyirik. Bunun davamı hökmən olasıdır.

- Dövlətin yükünü azaltmağın bir yolu da özəl sektorun inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması, iş yerlərinin açılmasıdır. Bir çox hallarda eşidirik ki, imkanlı adamlar, sahibkarlar pulunu xaricə çıxarmağa, ölkə kənarına investisiya qoymağa meyllənir. Hansı ki, sahibkarlığın inkişafı ilə bağlı güzəştlər də tətbiq edilir. Bunun səbəbi nədir?

- Bütövlükdə mən də bunun əleyhinəyəm. Amma bizim ölkəmizdə də yatırım qoyanlar az deyil, prezidentimiz çağırış edib. Nə olar, qoy burada da yatırım qoysun, xaricdə də... Vergidə, gömrükdə islahatlar aparıldı, sahibkarlıqda qeydə alınma ilə bağlı, özəl sektorda işləyənlərdən vergi tutulması ilə bağlı islahatlar aparıldı. Məqsəd nədir: sənin dediyin, vəsaiti xaricə aparma, burada qoy!
Trollar yazırlar e... Gərək biz sahibkardan düşmən obrazı yaratmayaq, onu ruhlandıraq, həyat yolunu açaq, bilinsin ki, o hansı çətinliklərdən keçib. Yenə də gələk müxalifət-iqtidar debatlarına, söyüşlərə, dağıdıcı mövqelərə... “Adamları çağıraq, sökək, sındıraq, dağıdaq” ... Dünya təcrübəsi göstərir ki, bu, heç bir fayda verməyib. Deputatdan düşmən obrazı formalaşdırmaq cəhdləri də görürük... Deputatdır, seçilib. Mənim seçicilərim bilirsən necə qırğın salırlar, nə ixtiyarın var mənim deputatımı təhqir edirsən, onun ünvanına yalan deyirsən?! Neyləyək, necə edək? Yola veririk, dözürük.

da57e5dc-f403-4407-ab5c-b8b7027c8b52.jpg (93 KB)

Biz çalışmalıyıq ki, Azərbaycan vətəndaşında əməyə, işləməyə, sahibkarlıq fəaliyyətinə məhəbbət yaradaq və ona kömək edək, yardımçı olaq. İcra başçıları da, vergi, gömrük sistemi də... Bu gün mənim prezidentimin istəyi budur. Gəlin biz bu işləri həyata keçirək. Görürsünüz vergidə, gömrükdəki dəyişikliklər nə qədər gəlir gətirdi? Zamana ehtiyacı olan məsələlər də var. Mən “Savalan” çaxırının dünyadakı şöhrətindən danışdım. Hələ digər ekoloji təmiz məhsullarımız da var. Mən bu arada 6 ölkədə olmuşam, ABŞ-da, Belarusda, Vyetnamda, Çində, İranda və s. Görüb, müqayisə etməyə imkanlarım yaranıb. Mənim yenə də o trollara, dövlətin əleyhinə çalışan adamlara çağırışım nədir? Gəlin, üzbəüz danışaq! Fəzail Ağamalının, Çingiz Qənizadənin keçirdiyi müzakirələri təqdir edirəm. Anonim yazmaq nədir axı? Mən səni görmürəm, tanımıram, amma sən mənim haqqımda ağzına gələni yazırsan! Sən gəl, məni gör, tanı, bir söhbət edək, bəlkə heç bu yazdıqların doğru deyil.
 
- Son zamanlar xarici müdaxilədən, xarici təhlükələrdən çox danışılır. Sizdə bu məsələlərlə bağlı xüsusi narahatlıq varmı?
- Xaricdən bizə qarşı aparılan kampaniyaların şahidi olursunuz. Kim desə də, mən inanmaram ki, onlar xaricdən maliyyələşmirlər, idarə olunmurlar. Bu, mümkün deyil! Orada oturan adamların 99 faizi maliyyələşir və bizim dövlətimizin əleyhinə kampaniya aparır. Dünya güclərinin apardığı siyasətə baxın, dağıdıblar, məhv ediblər bəzi ölkələri. Suriya, Livana, elə Gürcüstana, Ukraynaya baxın. Biz çağırış edirik ki, debatlara çıxaq. Məni çağırın, gəlim çıxış edim. Necə ki, sizə müsahibə verirəm, bəzi fikirlərinizlə razılaşıram, onlarla da eləcə... Mən dialoqa tam hazıram. Məni söyən, haqqımda fantaziyalar yayanları çağırıram, 10 nəfər gəlsin, yazılsın qəbuluma, özü də böyük məmnuniyyətlə onlar üçün çay süfrəsi də açaram. Amma bir şərtlə ki, mən də danışım, onlar da. Deyəcəksən ki, filan yerdə filan şey yazmışdılar, vəssalam, onda danışmağın mənası yoxdur. Hamıya çağırış edirəm, gəlin müzakirələr aparaq! Məgər bu gün Amerikada hər şey “yağ kimi”dir? Amerika, Fransada niyə korrupsiyaya qarşı mübarizə idarəsi var? Hər şey “yağ kimi”dirsə, niyə var? Cəmiyyət olan yerdə problemdə olur, nöqsan da olur, biz bunu inkar etmirik. Amma görülən işləri, əhalinin sosial müdafiəsinə dövlətin ayırdığı 5 milyardlıq vəsaiti görməmək, məncə, allahsızlıqdır.
KARUSEL / SOSİAL / ÖLKƏ
Tarix: 24-09-2019, 11:12