mobil versiya

Eynulla Fətullayev: Haqqın.az-ın domainini, MMC-nin tam payını iş adamı və politoloqa satdım




"Həyatımın 32 ilini Azərbaycanın müstəqil mətbuatına həsr etmişəm. Və fəaliyyətim dövründə ölkənin ən oxunaqlı və kütləvi nəşrlərinə rəhbərlik etmişəm. Öncə fədakar jurnalist Elmar Hüseynovla “Monitor” dərgisini bərpa etdim, lakin 2005-ci ildə həmkarımın qətlindən sonra “Реальный Азербайджан» və “Gündəlik Azərbaycan” qəzetlərini təsis etdim, qıza zaman ərzində nəşrlər oxucuların rəğbətini və etibarını qazandı".

Bunu ictimaiyyət üçün açıqlamasında Haqqın.az saytının sabiq rəhbəri Eynulla Fətullayev deyib.

O, daha sonra əlavə edib:

"Sonra ölkədə ilk müstəqil elmi-nəzəri jurnalını “Азербайджан в мире» dərgisinin bünövrəsini qoydum. 

Lakin 2007-ci ildə ağır repressiv dalğası ilə üzləşib, saxta ittihamlarla həbs edildim. Bütün nəşrlərim qapadıldı. 2010-cu ildə İnsan Haqları üzrə Avropa Məhkəməsi tarixdə ilk dəfə işimə mahiyyət üzrə baxaraq, həbsdən dərhal azad olunmağım barəsində qərar verdi. Sonradan 2018-ci ildə Avropa Məhkəməsi həbsdə olarkən ikinci şərlənmə (narkotik işi) - ikinci saxta ittihamı ləğv etdi… 

Həbsdən çıxandan sonra qarşımda dilemma durmuşdu: ya ölkəni tərk edib siyasi mühacir həyatını davam etmək, ya da mövcud siyasi sistem çərçivəsində müstəqil jurnalistikanı inkişaf etdirmək. Həmişə ikinci yolun tərəfdarı olmuşam. Sovet ölkəsində ağır şərtlər altında “Литературная газета» kimi liberalyönlü qəzetin mövcudluğu mümkün idisə, XXI əsrin Azərbaycanında niyə olmasın?! Həm də axı putinist Rusiyasında “Новая газета» layihəsi də uğur qazana bildi. Bəs «Эхо Москвы»?! Bu düşüncələrlə qollarımı çırmalayıb, məhbəs həyatına - haqqsızlığa işarə edəcək adla, yəni “Haqqin azdır” (az domaini də köməyimə yetişdi) brendi ilə jurnalistikanı davam etdirdim.

Mən heç vaxt siyasətlə məşğul olmamışam. Özümü siyasətçı hesab etməmişəm və etmirəm. Hakimiyyətlə dialoq olub, əməkdaşlıq da olub, və bu bütün ölkələr üçün normal hal olmalıdır. Lakin mənim hakimiyyətlə bərabərhüquqlu və horizantal münasibətlərim olub. Heç vaxt əmr qulu olmamışam. Əmr qulu olan jurnalistlərə də nifrət etmişəm. Senzuranı qəbul etməmişəm, deyinmişəm, amma hesablaşmışam… Beləliklə, addım-addım irəlliləyə-irəlliləyə daha bir populyar nəşr yaratmışam…

Amma 2023-cü ildə mənə qarşı Laçında çox çirkin hibrid təxribat törədildi (sonradan buna oxşar təxribatlar çoxaldı), və həm də qarşımda miraj kimi boz və keçilməz bir divar görünməyə başladı. Artıq yolun sonu görünürdü… Məhz bu hadisədən sonra ən sevdiyim şəhərlərdən biri İstanbula köçmək qərarını verdim. Amma hələ işləyirdim, çalışırdım, ümidlərim tam qırılmamışdı. Yenə də addım-addım, ehtiyatla, müstəqil jutnalistika naminə… Fəqət 2025-ci ildən üfüqdən miraj kimi divara bənzəyən məkan aydın şəkildə mina sahəsi olduğu bəlli oldu. Bu xəttdən sonra müstəqil jurnalistlər partlamağa başlayır…

Saytı satmaq və Azərbaycanda jurnalistikanı tərk etmək qərarına gəldim. Haqqın.az-ın domainini,  MMC-nin tam payını iş adamı və politoloq İsmayılov Adəmə notariat qaydada satdım. Mən nə Caliber adlı sayt eşitmişəm, nə də Timur adlı şəxsin üzünü görmüşəm.

Gələcək planlarıma gəldikdə isə, hələlik biznes fəaliyyətilə məşğul olmaq istəyirəm. Hazırkı zamanda Azərbaycanda jurnalistika ilə məşğul olmaq uçurumun üzərindən nazik kanat üstündə getmək kimi təhlükəlidir.

Amma dünyada, regionda cərəyan edən hadisələri, maraqlı məlumatları sosial şəbəkələrdəki səhifələrimdə paylaşacam. Jurnalistikaya dönəcəmmi? Dünyanın işlərini heç bilmək olmaz! Oxucularıma salam və
təşəkkürlər!"

Reportyor.az 




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 18:27