Zaysanda Qazaxıstan-Azərbaycan dostluğu tədris kabinetinin açılışı olub

Şərqi Qazaxıstan vilayətinin Zaysan şəhərindəki məktəblərin birində Qazaxıstan-Azərbaycan dostluğu tədris kabinetinin təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel, vilayətin Başçısı Nurımbet Saktaqanov, “Buta Group” şirkətinin nümayəndəsi Akif Fətullayev və Qazaxıstan Xarici Ticarət Palatasının Azərbaycandakı rəsmi nümayəndəsi Aslan Kuniyarov iştirak ediblər.
Birgə Qazaxıstan-Azərbaycan layihəsi təhsil və mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə, beynəlxalq humanitar əlaqələrin inkişafına, istedadlı gənclərin dəstəklənməsinə və region məktəbliləri üçün müasir təhsil infrastrukturunun yaradılmasına yönəlib.

Tədris kabineti müasir avadanlıq, mebel və interaktiv tədris materialları, Qazax və Azərbaycan dillərində kitablarla təchiz olunub. Layihənin həyata keçirilməsi Şərqi Qazaxıstan vilayətində təhsil mühitinin inkişafına töhfə olacaq. Tərəflər həmçinin həmin məktəbin məzunları üçün Azərbaycanın aparıcı universitetlərində təhsil almaq məqsədilə qrantların təqdim olunmasını planlaşdırırlar.
Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel öz çıxışında Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini qeyd edib, Dövlət Başçılarının ildə bir neçə dəfə görüşdüklərini vurğulayıb. Diplomatın sözlərinə görə, sinfin açılması təşəbbüsünün birbaşa iki ölkənin sahibkarları tərəfindən irəli sürülməsi sevindiricidir. Alim Bayel, Zaysan şagirdlərinin bu məktəbdə layiqli təhsil alacağına, iki ölkə arasında birləşdirici körpüyə çevriləcəyinə, həmçinin türk dünyasının inteqrasiyasına öz töhfələrini verəcəklərinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, Şərqi Qazaxıstan vilayətinin Başçısı Nurımbet Saktaqanov belə aktual layihəyə görə mesenatlara təşəkkür edib və regionun Azərbaycanla iqtisadi əlaqələrinin inkişafına ümidvar olduğunu bildirib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 19:00


























