Iran və Azərbaycan Respublikası; Müştərək Maraqlar və Əməkdaşlığın Aydın Perspektivləri

"İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında Qurban bayramı, eləcə də Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə baş tutan son telefon danışığı yalnız protokol xarakterli diplomatik söhbət deyildi; bu danışıq iki ölkə arasındakı münasibətlərin daha dərin bir gerçəkliyini əks etdirirdi: iki qonşu xalq arasında mövcud olan tarixi, mədəni, dini və insani bağlar gerçəyini".
Bu, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin müavini Əlirza Cəbbarinin açıqlamasında deyilir.
Əlirza Cəbbari daha sonra əlavə edib:
Bir çox siyasi münasibətlərin müvəqqəti maraqlar əsasında formalaşdığı müasir dünyada İran ilə Azərbaycan Respublikası arasındakı əlaqələr əsrlər boyu formalaşmış ortaq dəyərlərə söykənir. Arazın hər iki tayında yaşayan xalqları ortaq tarix, zəngin mədəniyyət, ədəbiyyat, musiqi, adət-ənənələr və eyni mənəvi köklər birləşdirir, bir çox insanı isə sıx qohumluq əlaqələri bağlayır. Bu mənada, müqəddəs Qurban bayramı sözügedən mədəni və dini ortaq dəyərlərin ən parlaq nümunələrindən biridir; o, hər iki ölkədə dərin ehtiram, mənəviyyat, cəmiyyətdə həmrəylik və ailə dəyərləri ilə qeyd olunan müstəsna bir bayramdır.
İran Prezidentinin Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubu da mühüm bir mesaj ehtiva edirdi: Azərbaycan Respublikasının milli suverenliyinə, inkişafına və sabitliyinə hörmət, Tehranın qonşuluq münasibətlərinə dair strateji baxışının ayrılmaz hissəsidir. Regionun ABŞ və sionist rejimin İrana qarşı hərbi təcavüzlərinin təsiri altında olduğu bir dövrdə bu yanaşma xüsusi əhəmiyyət daşıyır və İranın hərtərəfli və uzunmüddətli siyasətini nümayiş etdirməklə yanaşı, iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlanmasına zəmin yarada bilər.
İran və Azərbaycan Respublikasının mədəni əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı mövcuddur. Birgə incəsənət festivallarının təşkili, universitetlərarası mübadilə proqramları, dini və tarixi turizmin inkişafı, media əməkdaşlığı, ortaq ədəbi irsin bərpası və xalqlar arasında əlaqələrin gücləndirilməsi iki millət arasındakı münasibətləri daha da dərinləşdirə bilər.
Muğam musiqisi, şeirlər, əfsanələr, Novruz bayramı, qonaqpərvərlik mədəniyyəti, ailəyə hörmət və mənəvi dəyərlər də davamlı mədəni diplomatiyanın əsasını təşkil edə biləcək ortaq elementlərdir.
Regionda baş verən son prosesləri nəzərə alaraq, qonşu ölkələr arasında əməkdaşlıq bu gün hər zamankından daha mühüm əhəmiyyət kəsb edir. İran və Azərbaycan Respublikası Qafqaz və Xəzər regionunun iki mühüm aktoru kimi qarşılıqlı maraqlara əsaslanaraq, hörmətə, ortaq mənafelərə və davamlı sabitliyə söykənən regional əməkdaşlıq modelini ortaya qoya bilərlər.
İki ölkə prezidentləri arasında baş tutan son telefon danışığı bir daha göstərdi ki, Tehran ilə Bakı arasındakı münasibətlər yalnız iki dövlət arasındakı əlaqələr deyil; bu münasibətlər bir-birinə yaxın, ortaq mədəniyyətə malik və maraqları bir-biri ilə sıx bağlı olan iki xalq arasındakı əlaqələrdir.
Bu gün İran və Azərbaycan Respublikası hər zamankından daha artıq şəkildə öz mədəni və sivilizasiya potensiallarından istifadə edərək sülhə, inkişafa və əməkdaşlığa əsaslanan bir gələcək qura bilərlər; elə bir gələcək ki, orada insani bağlar keçici siyasi fikir ayrılıqlarından daha önəmli olacaqdır.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 14:28


























