Ceyhun Bayramov: Dərin tarixi köklərə əsaslanan Azərbaycan-İran münasibətləri xalqlarımız arasındakı ortaq dəyərlərdən qaynaqlanır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçiyə İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsinin 47-ci ildönümü münasibəti ilə təbrik məktubu ünvanlayıb.
Bu barədə İranın Azərbaycandakı səfirliyinin “X” səhifəsində paylaşım edilib.
Məktubda deyilir:
Sizi İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Dərin tarixi köklərə əsaslanan Azərbaycan-İran münasibətləri xalqlarımız arasındakı ortaq dəyərlərdən qaynaqlanır. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda faydalı əməkdaşlığın qarşılıqlı hörmət və etimad əsasında genişlənməsi xalqlarımızın rifahının yüksəldilməsinə, eləcə də regionumuzda inkişafın təmin olunmasına töhfə verəcəkdir. Bu gün iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, enerji, tranzit və humanitar sahələrdə təşəkkül tapmış əməkdaşlığın səviyyəsi məmnunluq doğurur.
7-8 dekabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasına rəsmi səfərinizin ikitərəfli münasibətlərin mehriban qonşuluq və qarşılıqlı etimad əsasında inkişafına xidmət etdiyini xüsusi vurğulayır, onu iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsində təşəkkül tapmış dinamikanın əyani təzahürü kimi qiymətləndirirəm.
Azərbaycan–İran əlaqələrinin ölkələrimiz və xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf etdirilməsi və səmərəli nəticələrin əldə olunması istiqamətində bundan sonra da Sizinlə birgə çalışmağa davam etməyə hazır olduğumu bildirirəm.
Fürsətdən istifadə edərək, bu əlamətdar gün münasibətilə bir daha Sizi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və xoşbəxtlik, diplomatik fəaliyyətinizdə uğurlar arzu edir, İran xalqına isə sülh, firavanlıq və rifah diləyirəm.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Dünən, 21:57



























