mobil versiya

Əhali yenə kreditlə yüklənir - Elman Rüstəmovdan xəbərdarlıq



Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov maliyyə-bank sektorunda təhlükəli meyl barədə xəbərdarlıq səsləndirib. Nazirlər Kabinetinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında çıxış edən baş bankir real sektora verilən kreditlərin azaldığı bir şəraitdə istehlak kreditlərinin (əhaliyə verilən kreditlərin) sürətlə artmasının təhlükəli nəticələri ola biləcəyinə işarə edib: “2019-cu ilin 6 ayı ərzində cəmi kreditlər 1.6 faiz artıb. Bu artım istehlak kreditlərinin 9 faizdən çox artmasından qaynaqlanıb. Amma biznes kreditləri 0,3 faiz azalıb".
Elman Rüstəmov əhaliyə verilən cəmi kreditlərin bankların kredit portfelinin yarısına yaxınlaşmasının problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib: “Mərkəzi Bank hesab edir ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Əhalinin borc yükünün artması, həm də istehlak kreditlərinin cəmi bank sektorunun portfelində 50 faizə yaxınlaşması izlənilməlidir ki, hansı problemlər yarada bilər.”
Mərkəzi Bankın sədri əlavə edib ki, bank sektorunda əhəmiyyətli likvidlik var: “Yüksək likvidliyə baxmayaraq, biznes kreditləri artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin”.
Baş bankirin dediklərini şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, istehlak və biznes kreditləri mahiyyətcə fərqli alətlərdir: “İstehlak krteditləri iqtisadiyyatda əlavə dəyər yaratmır. Yəni iqtisadi inkişafa dolayısı ilə təsir edir. Məcmu tələbi artırır, bu, dolayısı ilə mal və xidmətlərin istehlakına və ticarət dövriyyəsinin həcminə təsir göstərir. Amma nəzərə alsaq ki, istehlak kreditəri daha çox müəyyən kateqoriyalı məhsulların istehlakına yönələn kreditlərdir, o məhsulların böyük  əksəriyyəti idxal məhsullarıdır, onda görərik ki, bu kreditlər daxildə istehsalçı ölkə olaraq əlavə dəyər yarada bilmir. Biznes kreditləri isə birbaşa  olaraq iqtisadi aktivliyi dəstəkləməklə, eyni zamanda ümumi daxili məhsul, yeni iş yerləri yaradır. Bu baxımdan, istehlak kreditlərinin artması biznes kreditlərinin azalması, təbii ki, təhlükəli və arzuolunmaz prosesdir. Bu, iqtisadiyyatın özündə mənfi balansın olmasının göstəricisidir. Bu vəziyyət bank sektoru üçün risklər formalaşdırır. Hansı ki, 2015-ci ildə sektor belə risklərlə üzləşdi: istehlak kreditləri 45 faiz idi, iqtisadiyyatın ümumi zəifələməsi fonunda onların geri qaytarılmasında ciddi problemlər yarandı, banklar böyük itkilərlə üzləşdilər. Onların toksik aktivlərinin həcmi normalardan dəfələrlə yüksəyə qalxdı. Buna görə də istehlak kreditlərinin artması iqtisadi çətinlik dövründə bank defoltlarının əsas səbəblərindən biri hesab olunur. İstehlak kreditlərinin zəmanət mexanizmləri zəif olur. Girov kimi istehlak olunmuş məhsulların özü çıxış edir, vaxt keçdikcə dəyərini itirir. Buna görə də son nəticədə banklar aktivlərin likvidləşməsi imkanlarını itirirlər”.
Biznes kreditlərinin azalmasının səbəblərinə gəlincə, ekspert onların bir neçə olduğunu deyir: “Birincisi, məlum böhranla əlaqədar son 3-4 il ərzində biznesin əksəriyyəti problemli müştəri kateqoriyasına düşüb. Yəni bankın kredit təkliflərini ala biləcək kateqoriyanın əhatə dairəsi kəskin məhdudlaşıb. İkincisi, iqtisadiyyatda mənfəət norması çox aşağı düşüb. 2014-2015-ci illərdə bu norma 70-80 faiz ətrafında dəyişirdisə, indi bu göstərici təxminən 30-35 faiz civarındadır. Bu şəraitdə biznesin 20-30 faizlə kredit cəlb etməsi gəlirli deyil. İndiki şərtlər daixilində biznesin kreditlər hesabına genişləndirilməsi sahibkar üçün əlverişli deyil. Daha bir səbəb budur ki, böhrandan sonra kredit qaydaları xeyli sərtləşdirilib. Düzdür, son zamanlar Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən yumşalmalara gedib, amma bu, yetərli deyil. 2015-ci ilədək olan dövrə nisbətən kreditləşmə şərtləri xeyli sərtdir. Buna görə də banklarda izafi likvidlik yaranıb”.
R.Həsənovun fikrincə, vəziyyəti dəyişmək, biznes kreditləşməsini artırmaq üçün kompleks addımlar atılmalıdır:“Birincisi, kredit faizləri aşağı düşməlidir. Kredit faizlərinin aşağı düşməsi isə bir neçə amildən asılıdır: bank sektoru liberallaşdırılmalıdır, təklif artmalıdır. Eyni zamanda mərkəzləşdirilmiş vəsaitlərin bank aktivlərində payı artmalıdır. Bu gün Mərkəzi Bankın uçot dərəcələrinə etdiyi dəyişikliklər ölkədə kredit faizlərində öz əksini tapmır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Mərkəzi Bankın bankların aktivlərində iştirakçılığı çox aşağı səviyyədədir. Banklar aktivləri əhalidən, biznesdən yüksək faizlə cəlb edirlər və bu halda kredit faizləri də yüksəlir. Mərkəzi Bankın bank aktivlərində iştirakının artırılması ilə yanaşı, uçot dərəcəsinin də əhəmiyyətli şəkildə aşağı salınması lazımdır ki, kredit faizləri aşağı düşsün. Bundan əlavə, zəmanət mexanizmləri təkmilləşdirilməlidir. Daşınar girovların reyestrinin işləməsi üçün real addımlar atılmalıdır. Biznesin sığortalanması - xüsusilə də kənd təsərrüfatında – üçün addımlar atılmalıdır. Yəni təməl olaraq tədbirlər görülməlidir: iqtisadiyyat liberallaşmalı, məmurlar biznesdən çəkilməli, inhisarçılıq təşəbbüsləri yerindəcə boğulmalıdır. Biznes mühiti nə qədər azad olacaqsa, biznes təşəbbüsləri də bir o qədər çox olacaq, kreditə tələb artacaq. Bunun fonunda bank sistemi də liberal olacaqsa, biznes kreditlərinin sürətli artımını görə biləcəyik”...

“Yeni Müsavat”

MANŞET / GÜNDƏM / SOSİAL / İQTİSADİYYAT / REDAKTOR SEÇİMİ
Tarix: 6-08-2019, 09:36