mobil versiya

“Ermənistan Ramil Səfərovun əfv fərmanının ləğv edilməsini tələb edirdi, amma olmadı” - AÇIQLAMA




Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ötən gün Avropa İnsan Hüquqları Məhkəməsinin “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işinə görə çıxarılan qərarla bağlı aparılan müzakirələrə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, deputat Avropa İnsan Hüquqları Məhkəməsinin cari ilin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarında Azərbaycanın heç bir təzminat ödəməməsindən söhbət getmədiyini bildirib:

“Azerbaijan was to pay the applicants, jointly, 15,143.33 British pounds in respect of costs and expenses for the case” - yəni bu 15 min funt vəkillərin və məhkəmənin əməliyyat xərcidir. Ermənistan Ramil Səfərovun əfv fərmanının ləğv edilməsini və yenidən məhkəmə qurulmasını tələb edirdi, amma olmadı… Ermənistan aydındır da, bu “bizimkilər” nə istəyir? Onlar nəyi və haranı işğal etmək istəyirlər?”

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, mayın 26-da Azərbaycanla bağlı növbəti qərarını elan edib. Bu qərar ermənilərin Azərbaycana və Macarıstana qarşı iddiası üzrədir. Qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş Ramil Səfərovun işi ilə bağlıdır.

AİHM hesab edib ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl etməyiblər.
Azərbaycan ərizəçilərə 15 min 143,33 funt strerlinq təzminat ödəməlidir. Təzminat xərc və məsrəflərə görədir.

Ermənilərin digər iddiaları rədd edilib. Bildirək ki, R.Səfərovun işi üzrə ermənilər maddi və mənəvi zərərin əvəzi ilə bağlı tələb irəli sürməmişdilər. Onlar tələb etmişdilər ki, Məhkəmə cavabdeh dövlətin üzərinə R.Səfərovun əfv edilməsi qərarının ləğv olunması barədə ümumi tədbir məcburiyyəti qoysun. AİHM öz qərarında bununla bağlı qeyd edib ki, işin hallarının işığında Azərbaycana münasibətdə hər hansı ümumi və ya fərdi tədbirlərin görülməsi öhdəliyini məqsədəuyğun saymır.

İşin materiallarına görə, Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunda doğulan Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb. O, kurs yoldaşı, əslən erməni olan Qurqen Markaryanı təhqirə görə qətlə yetirib və 2006-ci il, aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib. 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə R.Səfərovu Azərbaycana təhvil verib, o, Azərbaycanda əfv olunub.

Həmin vaxt vəfat etmiş erməni hərbçisinin ailəsi hüquqi prosedurları başladıb, yekunda AİHM-ə şikayət edib. Ərizəçilər iddia edirdi ki, hərbçinin Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb. Eyni zamanda AİHM qarşısında ayrıseçkiliyin qadağan olunması hüququ (Maddə 14, ekstradisiya edilmiş hərbçinin əfv edilməsi, rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və 38-ci maddənin (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) pozuntusunu mübahisələndirmişdilər.

Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu da iddia edirdilər.

MARAQLI / SON XƏBƏR / ÖLKƏ
Tarix: 27-05-2020, 14:03