mobil versiya

Azərbaycan və İran sərhəd mühafizə qurumlarının nümayəndə heyətləri arasında görüş keçirilib




İyunun 1-də “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin İran ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Nizam-İntizam Qüvvələrinin Baş Komandanının müavini general-mayor Qasım Rzainin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.

DSX-nin mətbuat mərkəzi bu barədə məlumat yayıb. 


Görüşdə Azərbaycan–İran dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, Azərbaycan–İran dövlət sərhədinin işğaldan azad edilmiş hissəsində dövlət sərhədinin mühafizəsinin təşkili, eləcə də Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması istiqamətində görülən işlər müzakirə olunub.


Müzakirələr zamanı iki ölkənin sərhəd mühafizə qurumları arasında əməkdaşlığın inkişaf dinamikası yüksək qiymətləndirilib, dövlət sərhədindən qaçaqmalçılıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, eləcə də transsərhəd cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər bu cür görüşlərin keçirilməsinin sərhəd mühafizə qurumları arasında əlaqələrin inkişafına, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.
Görüş dostluq, qarşılıqlı etimad və anlaşma şəraitində keçib.

Reportyor.az 




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:06